Sizin reklam burada
Sizin reklam burada

"Tehranda Rusiyanın prosesi pozacağına inanan çoxlu qruplar var"

"Tehranda Rusiyanın prosesi pozacağına inanan çoxlu qruplar var"
“İran İkinci Qarabağ Müharibəsindən sonra Cənubi Qafqazda tarazlığın dəyişməsini özünün milli təhlükəsizliyinə, eləcə də orta və uzunmüddətli perspektivdə geosiyasi və geoiqtisadi maraqlarına təhdid kimi qiymətləndirir”.
Bunu Türkiyənin “Anadolu” agentliyinin yazarı, analitik Məhmət Koç deyib.

“İran rəsmi olaraq Qarabağın müharibə nəticəsində Azərbaycana qaytarılmasını alqışladı. Amma Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsini təmin edəcək Zəngəzur dəhlizinin qəti əleyhinədir. Çünki Tehran bilir ki, bu dəhliz reallaşarsa, ikitərəfli münasibətlər kontekstində Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasındakı əlaqə üzərindəki imtiyazını itirəcək.

Zəngəzur dəhlizinin reallaşması ilə İran nəinki bu üstünlüyünü itirəcək, həm də regional səviyyədə geosiyasi əhəmiyyəti azalacaq. İran yaxınlığındakı türk cümhuriyyətləri ilə Türkiyə arasında birbaşa quru əlaqəsi Ankaranın Asiya və Orta Asiya ilə rabitəsini təmin edəcək və İranın türk dünyasında geosiyasi önəmini xeyli zəiflədəcək”, - analitik bildirib.

Koç qeyd edib ki, qlobal səviyyədə Çindən Qərbə uzanacaq Şərq-Qərb dəhlizi Zəngəzur üzərindən reallaşarsa, İran təkcə regional deyil, həm də qlobal miqyasda geostrateji üstünlüklərini xeyli itirmək ehtimalı ilə üzləşəcək:

“Bu durum Tehranın 1990-cı illərdən bəri yaratmağa çalışdığı, amma heç vaxt reallaşdıra bilmədiyi Şərq-Qərb dəhlizinin tamamilə boşa çıxması deməkdir. 1990-cı illərdən İran Pakistan və Hindistan üzərindən Çinə təbii qaz kəməri çəkməyə çalışıb. Layihə uzun müddət gündəmdə qaldı. Amma Pakistan və Hindistan arasındakı rəqabət və qarşıdurma, eləcə də Çin və Hindistan arasındakı münaqişə nəticəsində günbəgün reallaşmaq imkanını itirdi. Eyni layihənin qərb ayağı kimi Türkiyə üzərindən Avropaya çatmaq cəhdi də Ankara ilə razılığa gələ bilmədiyi üçün uğursuzluğa düçar oldu.

Bundan əlavə, Türkmənistan və Qazaxıstanın enerji ehtiyatlarının Xəzər dənizinin dibi ilə Azərbaycana, oradan isə Türkiyə və Avropa bazarlarına nəqlini nəzərdə tutan layihələr də gündəmdədir. Bu layihələr həmçinin İranı Türkmənistan qazının Azərbaycan və Türkiyəyə nəqli marşrutundan kənarlaşdırır. Bütün bu səbəbləri nəzərə alsaq, Zəngəzur dəhlizinin açılması ilə Tehranın türk dünyasına təsiri xeyli azalacağından İran regionda təkcə iqtisadi deyil, həm də siyasi üstünlüklərini itirə bilər”.

Analitik vurğulayıb ki, təhdidlərinə baxmayaraq İranın Rusiya və Ermənistanın razılığı ilə reallaşacaq dəhlizə faktiki olaraq müdaxilə etmək şansı yoxdur:

“İranın “müdaxilə edəcəyik” mesajı Azərbaycanın Zəngəzur dəhlizinin keçəcəyi Qafan şəhərini hərbi əməliyyatla nəzarətə götürməsi ehtimalına cavab olaraq dilə gətirilir. Tehran İkinci Qarabağ müharibəsi zamanı və sonra Moskvanın münasibətinə qarşı mövqe tutmamağa çalışsa da, hadisələrin gedişatına Rusiyanın münasibətindən o qədər də məmnun deyil. Tehranda hələ də Rusiyanın bu prosesi son anda pozacağına inanan çoxlu qruplar var. Ona görə də Tehran son ana qədər Moskvanın addımlarını gözləməyə davam edəcək”.

Koçun fikrincə, İranın Çinə olan ümidi də özünü doğrultmur, Pekin “Bir Kəmər, Bir Yol” projesi çərçivəsində Zəngəzur dəhlizinin açılmasında maraqlıdır. Onun sözlərinə görə, İranın Rusiya və Çini bu plandan vaz keçirmək cəhdləri indiyədək uğursuzluğa düçar olub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş