Son iki ayda törədilən üç böyük və səs-küylü cinayət hadisələrinin icraçısı hansısa fərd ola bilər, lakin müəllif cəhalətdir. İstər Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum, istər “Bravo” hipermarketində törədilən qətl, istərsə də, ötən gün millət vəkilinin evinin önündə güllələnməsi terror hadisəsidir. Hər üç hadisə imzalı və mesajlıdır. Azərbaycan səfirliyinə silahlı hücumla start götürən terror zamanı istifadə edilən silahla, digər iki hadisədəki silahın markası eynidir – Kalaşnikov. Burada silahın markası terror planını hazırlayanların imzası anlamına gəlir. Hər üç hadisəyə bu günün palitrasından baxanda ilk mesaj “dövlət bizim olsa da, ərazi sizə məxsusdur və biz istədiyimiz zaman cinayətin hər formasını törədə bilərik” idi. Daha sonra hipermarketdə törədilən qətldə isə “hər ikisi sizə aiddir – dövlət və ərazi, biz yenə də burdayıq” deməkdir. Nəhayət üçüncü – ötən gün baş verən terror hadisəsi isə daha ciddi mesaj idi. Millət vəkili qanunverici orqanın nümayəndəsi olduğu üçün rəsmi şəxs sayılır. Bu mesaj “istəsək dövlətinizin zirvəsi belə bizim üçün əlçatandır” qənaəti yaradır. Hər üç terror hadisəsi insan ölümləri, yaralanmalarla müşayət edilsə də, əsas məqsəd qorxu, xof yaratmağa hesablanıb.
Azərbaycanda dini təbliğat hədisçilik – rəvayətçilik və təqlidçilik üzərində qurulur. Kütləyə rəvayətin söylənilməsi məqsədə xidmət edir. Kütlə yaddaşı əsasən göz və qulağın görüb, eşitdiklərindən bəhrələnir. Rəvayətlər şəfqət və məhəbbət, o, cümlədən qorxu və nifrət konteksində uydurulur. Fikrin möhkəmləndirilməsi, hədəfə maneəsiz çatmaq üçün təqlidçilik dində ən vacib amil kimi təlqin olunur. Yəni “bu yalnız bizim fikirimiz deyil” anlamında. Hansısa şərti olaraq X, Y adlı din “xadiminin” adı simvol isimlərdən birinə çevrilir və o şəxs bütləşdirilir. Baş verən hadisələrin İslamla zidiyyət təşkil etməsinə baxmayaraq, kütlə həqiqəti görmə məhdudiyyəti içərisində olur. Hədisçi – rəvayətçilər üçün bu proses onların fəaliyyət alanında ən münabit şərait hesab olunur. Yəni hər təqdim edilən fikir əqlin, şüurun qidasına çevrilir. Örnəklər verim. Vəhhabi cərəyanının nümayəndələri onların əqidəsində olmayan şəxs hətta atası olsa belə kafirdir. Və həmin “dindar” üçün mürşidinin, şeyxinin fikri, tapşırığı, əmri keçərlidir, atasının yox. Hətta həmin zehniyyətin dini baxışlarında ondan fərqli dinə deyil, məhz əqidəyə sahib olan atasını qətlə yetirmək belə vacibdir. Bu insanlığın faciəsidir. Digər təriqətlərdə, o, cümlədən də şiə təriqətində olan şəxslər üçün də, təqlidin vacibliyi bütün xütbə və rəvayətlərdə əsas məqsəd olaraq şüurlara yeridilir. Məsələnin ən qəribə tərəfi isə həmin təqlid ediləcək şəxslərin əksəriyyəti ölkə sərhədlərindən kənarda fəaliyət göstərirlər. Milli, coğrafi, məişət və s. məsələlərdə kəskin fərqlilik var. Buna baxmayaraq əksər hallarda ifrat bənzətmələrdən belə qaçılmır. Geyim, ləhcə və s. formatında. Tarixi lüzumsuz şərtlər və atributlarla 14 əsr geriyə qaytarmağ istəyən bu zehniyyətin nə yazıq ki, ardıcılları son illər kütləvi xarakter daşıyır. Bu da, səbəbsiz deyil. Təsadüfi deyil ki, İran bu məsələdə səbatsız kütlə üçün əsas lokomotiv rolunu oynayır. Səbatsızlıq məqsədli idarəçilik üçün ən vacib amildir. Bu cür rejimlərdə insanların düşünməməyi üçün hər cür imkanlardan istifadə edilir. Düşünən insan teokratik rejimlərin ən qəddar düşmənidir.
İstər dövlət, istərsə də, millət olaraq içimizə hopan bu cür ideolojilərin şaxələnməsində üzürsüz günahlarımız var. İran ali dini rəhbərinin ideoloqlarından biri (bu hələ tanıya bildiyimiz idi – B.H) illərlə şəhərin mərkəzində teokratik rejimin ssenarisi əsasında məzhəkələr hazırladı və nümayiş etdirdi. Yuxarıda qeyd oulnduğu kimi insanların ruh halına təsir edəcək rəvayətlər uydurmaqla minlərlə tərəfdarlar topladılar. Öncə şəfqətli və xeyirxah baba obrazını yaratdılar. Daha sonra isə məqsədlərini mərhələlərlə beyinlərə həkk etdilər. Gizli hücrələr yaratdılar. Ölkə hüquq-mühafizə orqanlarının aşkara çıxarılma əməliyyatlarında ən çox çətinlik yaradan nüansda məhz həmin gizli hücrələrdir. Örnəklər verim. II Vətən müharibəsində şəhidlərin dəfni zamanı islama zidd məzhəkələr nümayiş edirənlər üç hüquq – mühafizə orqanının birgə bəyanatından dərhal sonra gizli hücrələrə çəkildilər. İstər sosial şəbəkə seqmentlərində, istərsə də, dini ibadət yerlərində kölgəyə çevrildilər. Bir müddət öncə vəfat edən din xadimlərindən birinin dəfni zamanı gizli hücrələr yenidən canlandılar. Nəinki gündüz, hətta ssenarili gecə məzhəkələrinə start verildi. Yenə də hüquq – mühafizə orqanlarının müdaxiləsi nəticəsində hücrəyə çəkilmə prosesi baş verdi. Və nəhayət ötən gün millət vəkilinin həyatına edilmiş sui-qəsd. Sosial şəbəkə seqmenti ötən gün baş vermiş hadisə fonunda rəsmən ikiyə bölünmüşdü. Baş verən hadisədən təəssüflənənlər və sevinənlər. Dövlət qurumlarının bu məsələyə diqqət yetirmələri olduqca vacib amildir. Hər bir insan həyatı önəmlidir, qiymətlidir. Nə vaxta qədər dövlətin tikdiyi, təmir və lazımı əşyalarla təmin etdiyi, orta statistik vətəndaşın əldə etdiyi vəsaitin bir neçə qatı qədərində əmək haqqı verdiyi axundlar minbərdən İran adlı teokratik rejimin liderinə “bənzərsiz dini rəhbərimiz” - deyərək xitab edəcəksə, o, zaman cəhalətdən qurtulma prosesi üfüqdə belə görsənməyəcək.
Conflict.az