Sizin reklam burada
Sizin reklam burada

"Sadəcə siyasi öhdəlikdir"

"Sadəcə siyasi öhdəlikdir"
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Hindistanın paytaxtı Nyu-Dehlidə keçirilən G20 Xarici İşlər Nazirləri Sammitində iştirak etdikdən sonra Raisina Dialoq Konfransına qatılıb.
O, Ukraynanın Rusiyaya qarşı açdığı müharibəni dayandırmağa çalışdıqlarını deyib.
Lavrovun bu sözləri onu lağ obyektinə çevrilib.
O, Rusiyanın işğalının ədalətli bir hərəkət olduğunu deyib: “Qərb Ukraynaya təcavüzün təşəbbüskarı olub. Biz Ukraynanın başlatdığı müharibəni dayandırmağa çalışırıq”.
Bu sözlərdən sonra konfransda iştirak edən bəzi şəxslər Rusiya XİN başçısının zalı tərk etməsini tələb edib.
Bir çox məsələlərə yalnız öz prizmasından yanaşan Lavrov moderatorun Rusiya ilə NATO arasındakı gərginliyin səbəbləri ilə bağlı sualına belə cavab verib: “Mən güman edirəm ki, burada olan (zalda - red) insanlar baş verənlərdən xəbəri olan və ya onu izləyən insanlardır. Belə olan halda, son 20 ildə bizim narahatlığımızın səbəbləri başa düşülməlidir. 1999-cu ildə İstanbulda keçirilən ATƏT-in zirvə toplantısında heç bir dövlətin öz təhlükəsizliyini gücləndirə bilməyəcəyi barədə yüksək səviyyəli siyasi bəyannamə imzalanıb. Baxmayaraq ki, əsas prinsip təhlükəsizliyin bölünməzliyidir və ölkələrin öz müttəfiqlərini seçmək hüququ var. Bəyannaməni bir daha oxusanız, NATO-nun bütün bunları pozduğunu görərsiniz. Bütün bu prinsiplər ATƏT-in 2010-cu ildə Astanada keçirilən sammitində təsdiqlənib”.
Rusiya XİN başçısı deyib ki, bu proseslərdən sonra Rusiyanın təhlükəsizliyi şübhə altına düşüb: "NATO-nun genişlənməsini nə vaxt dayandıracaqlarını soruşduq. Cavab verdilər ki, bu, sadəcə, siyasi bir öhdəlikdir. Dedilər ki, hüquqi cəhətdən məcburi təhlükəsizlik zəmanətləri ola bilər vı bu, yalnız NATO üzvlərinə veriləcək".
O, həmçinin əlavə edib ki, 2014-cü ildə Ukrayna böhranının həllinə yönəlmiş Minsk razılaşmaları Qərb ölkələri tərəfindən dəfələrlə pozulub.
Ukraynadakı problemin danışıqlar yolu ilə həll edilməli olduğunu vurğulayan Lavrov Qərb ölkələrinin buna qarşı olduğunu iddia edib: "Hər kəs Rusiyanın nə vaxt danışıqlara hazır olacağını soruşur. Rusiya danışıqlara açıqdır. Qərb isə danışıqlardan əvvəl Ukraynanın müharibədə qalib gəlməsini istəyir".
Konfransın moderatoru son sualında müharibə səbəbindən enerji böhranının yaşandığını xatırladıb və Rusiyanın Hindistana qaz tədarükünü davam etdirib-etdirməyəcəyi ilə bağlı sual verib.
“Rusiyanın enerji siyasəti Hindistan və Çin daxil olmaqla etibarlı tərəfdaşları hədəf alacaq" - Rusiya XİN başçısı belə cavab verib.

Conflict.az

  • Sosial şəbəkədə paylaş