Sizin reklam burada
Sizin reklam burada

"Beynəlxalq birlik cavab verməlidir"

"Beynəlxalq birlik cavab verməlidir"
Rusiya kütləvi qırğın silahından istifadə edərsə, Ukrayna buna simmetrik olaraq cavab verə bilməyəcək. Buna beynəlxalq birlik cavab verməlidir.
Bu barədə "QORDON" internet nəşrinin təsisçisi Dmitri Qordona müdahibəsində Ukrayna Təhlükəsizlik İdarəsinin polkovniki, xalq deputatı, hazırda Ukraynanın cənubunu qoruyan Roman Kostenko bəyan edib.
"Biz Rusiyanın Ukraynadakı niyyətlərinin baş tutmaması üçün hər şey edəcəyik. Bu, bir neçə amildən asılıdır.
Birincisi, xalq uzunmüddətli döyüşə hazırdırmı? Biz anlayırıq, insanlar yorulur, ölkədən çıxıb gedir.
İkincisi, bizim tərəfdaşlarımız hansı resursları təqdim edəcək, onların bu müharibəyə münasibətdə mövqeləri necə olacaq. Onlar Ukraynanın Rusiyaya verilməsinin təkcə Ukrayna üçün deyil, Avropa və sivil dünya üçün strateji məğlubiyyət olduğunu anlayacaqmı? Əgər tərəfdaşlarımız hesab edəcək ki, qoy Ukraynanı zəbt etsinlər, sonra danışıb razılaşarıq, bu, 1938-1939-cu illərin səhvlərinin təkrarı olacaq və daha böyük müharibəyə gətirib çıxaracaq" - Kostenko qeyd edib.
Onun sözlərinə görə, imkan daxilində tez bir zamanda Ukraynada silah istehsalını nizama salmaq lazımdır.
"Zənnimcə, Avropa və sivil dünya bizə dəstək verərsə, silahla təmin edərsə və özümüzün müdafiə sənayesi kompleksimizi inkişaf etdirməyə imkan yaradarsa, biz tab gətirə biləcəyik. Biz hər hansı silah tədarükündən asılı olmamalıyıq, özümüz öz silahımızı istehsal etməliyik" - xalq deputatı vurğulayıb.
O, hesab edir ki, nüvə dövlətləri Rusiyaya kütləvi qırğın silahının tətbiq edilməsinin yolverilməzliyi barədə dəqiq siqnallar göndərməlidir.
"Nüvə silahına malik ölkələr indi Rusiyaya ultimatum verməlidir: əgər Rusiya nüvə silahını tətbiq edərsə, - taktiki və ya mikrotaktiki olsun, - Budapeşt memorandumuna uyğun olaraq birmənalı cavab nüvə zərbəsi endiriləcək. Düşünürəm ki, Rusiya hələ də ümid edir ki, onun cibində kozırı olan kütləvi qırğın silahı var, buna qarşı Ukrayna acizdir. Biz buna simmetrik cavab verə bilməyəcəyik. Buna dünya cavab verməlidir. Əgər Rusiya bunu bilərsə, o zaman biz ona öz məqsədlərinə nail olmağa imkan vermərik" - Kostenko bəyan edib.
O, qeyd edib ki, Rusiya hələ strateji və tarixi nöqteyi-nəzərdən vacib olan Xarkov şəhərini zəbt etməyə cəhd edəcək.
Kostenko hesab edir ki, Rusiya qoşunları Donbasda müdafiə mövqeyini tutandan sonra daha da irəliyə- ya Xarkova, ya da cənuba doğru irəliləyəcək.
"Düşünürəm ki, düşmən Xarkovu ələ keçirməyə cəhd edəcək. Hazırda həm Ukrayna Silahlı Qüvvələri, həm də Rusiya Federasiyası tərəfindən müdafiə həyata keçirilir. Rusiyalılar lokal olaraq irəliyə gedib özü üçün daha sərfəli mövqeləri əldə etmək istəyir. Amma bu, strateji deyil, lokal hücumdur. Düşünürəm ki, onlar o yerdə hücuma keçəcək. Xarkov onlar üçün strateji və tarixi nöqteyi-nəzərdən mühüm şəhərdir. Düşünmürəm ki, bu, sabah baş verəcək, amma Rusiya buraya uzun müddət üçün gəlib. Getdikcə Ukraynanı danışıqlara sövq edəcək, sonra irəliyə gedəcək".
O, qeyd edib ki, rusiyalılar Donetsk və Luqansk vilayətlərinin sərhədlərinə çıxmağa çalışacaq.
"Ukraynada onların məqsədi Rusiya ordusunun güclü olduğunu göstərməkdən ibarət olub. Onlar göstərmək istəyib ki, iki günə ərazisinə görə Avropanın ən böyük ölkəsini zəbt edir. Və artıq bu mövqelərdən özünün terrorçu beynəlxalq siyasətini aparıb Avropaya həm energetika, həm də hərbi cəhətdən təsir etmək fikrində olub.
Keçmişdə Varşava Müqaviləsinin üzvü olan ölkələr bunun necə olduğunu xatırlayır və anlayır ki, onlar növbəti qurban ola bilər" - xalq deputatı belə hesab edir.
Onun sözlərinə görə, rusiyalılarla Ukraynanın bu qədər ərazilərini ələ keçirdiyi zaman danışıqlara getmək olmaz.
"Rusiyalılar Ukraynanın cənubunu, şimalını və Donbası birdən ələ keçirə bilməyib. İndi onlara qələbə lazımdır. Onlar Donbası ələ keçirəndən sonra növbədə cənub uğrunda döyüş olacaq. Bu, birmənalı belə olacaq. Yaxud, Donbasdan sonra Rusiya Ukraynanı danışıqlar masasına dəvət edəcək. Biz buna razılaşsaq, strateji yanlışlığa yol verəcəyik. Səni sıxışdıran, səndən güclü olan və çoxlu resurslara malik olan ölkə ilə danışıqlara getmək olmaz" - Kostenko vurğulayıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş