
İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Kəşfiyyat İdarəsinin rəhbəri Hüseyn Taib vəzifəsindən azad edilərək, yerinə Məhəmməd Kazımi təyin edilib.
Vəzifəsindən azad olunan Taibin SEPAH komandanı Hüseyn Səlaminin müşaviri təyin edildiyi bildirilib.
Taibin Türkiyə və İsrailin kəşfiyyat orqanlarının birgə fəaliyyəti nəticəsində qarşısı alınan sui-qəsd planlarının əsas aktoru olduğu deyilir. İddiaya görə, sözügedən planların uğursuz olması SEPAH-da belə bir dəyişikliyi zərurətə çevirib.
Milli Kəşfiyyat Təşkilatı (MİT) İsrailin kəşfiyyat xidməti MOSSAD-dan aldığı məlumat əsasında İranın Türkiyədə israilli turistləri qaçırma planının qarşısını alıb. Bu çərçivədə İstanbulda həyata keçirilən əməliyyatda çox sayda şəxs tutulub.
İran mayın 22-də Tehranda SEPAH-ın yüksək rütbəli komandirlərindən biri, polkovnik Həsən Səyyad Xüdayinin öldürülməsindən sonra qisas alacağını vəd edib. İran sui-qəsdlərə görə İsraili günahlandırır.
Hüseyn Taibin qardaşı, eyni zamanda “Əmmar” qərargahının rəisi Mehdi Taibin mətbuata sızan səs yazısında “Türkiyə Silahlı Qüvvələrinin İraqdakı bazalarını hədəf aldıq” dediyi üzə çıxıb.
Conflict.az