Sizin reklam burada
Sizin reklam burada

"Ünsiyyət kanallarının olması faydalıdır"

"Ünsiyyət kanallarının olması faydalıdır"
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda Yunanıstan Baş naziri Kiryakos Mitsotakislə görüşüb.
Ərdoğan və Miçotakis arasında ikitərəfli münasibətlər və regional məsələlərin müzakirə edildiyi görüş Yunanıstan mətbuatı tərəfindən də işıqlandırılıb.
“İefimerida”nın xəbərində təxminən iki saat davam edən görüşdə Ərdoğanın baş naziri xoş atmosferdə qarşıladığı və iki liderin kameralar qarşısında qısa dialoq apardığı qeyd edilib.
Ərdoğan və Mitsotakisin qalstuk taxmadığına diqqət çəkilərək bunun daha ​anlamlı dialoqun əlaməti ola biləcəyi deyilib. Son 3 ildə dördüncü dəfə görüşən Ərdoğan və Mitsotakis arasındakı son təmasın Rusiya-Ukrayna müharibəsinin getdiyi vaxtda çox vacib olduğu vurğulanıb.
“Kathimerini” qəzeti də Ərdoğanla Miçotakis arasındakı görüşün müsbət keçdiyini yazıb:
“Təbii ki, açıq ünsiyyət kanallarının olması faydalıdır. Ortaya çıxacaq fayda təkcə iki ölkə ilə məhdudlaşmır, Şərqi Aralıq dənizinin bütün bölgəsini əhatə edir. Türkiyə və Yunanıstan arasında bəzi fikir ayrılıqlarına baxmayaraq, ikitərəfli münasibətlərin yaxşılaşdırılması üçün bir çox istiqamətlər var”.
“Proto Thema” qəzeti Mitsotakisin Ərdoğanla görüşünün iki ölkə arasında yeni başlanğıc nöqtəsi olduğunu və ikitərəfli ticarətdə 10 milyard dollarlıq hədəfin olduğunu qeyd edib:
“Vəhdəddin köşkündə müsbət ab-hava ilk andan görünürdü. Mitsotakis iki liderin diplomatik nümayəndəlikləri tərəfindən diqqətlə planlaşdırılan görüşə tam vaxtında gəldi”.
“Ta Nea” qəzeti Boğaziçi mənzərəli görüşün sərt protokol qaydalarından uzaq olduğunu və bunun iki ölkə arasında buzları əritdiyini bildirib:
“Hər iki tərəfin çatdırmaq istədiyi mesaj aydındır: NATO müttəfiqləri kimi danışdılar. Onları ayıran məqamlara deyil, onları birləşdirən məqamlara diqqət yetirdilər. Həm Yunanıstan baş naziri, həm də Türkiyə prezidenti fərqli ab-hava yaratdı”.
“Greek City Times”a görə, Türkiyə və Yunanıstan Rusiya-Ukrayna müharibəsi fonunda Şərqi Aralıq dənizi və ikitərəfli münasibətlərdə gərginliyi azaltmaq istəyir.
Qeyd edilib ki, Ərdoğan və Miçotakis çox mehriban şəraitdə görüşüb və bütün səviyyələrdə ünsiyyəti yaxşılaşdırmaq barədə razılığa gəliblər. Məlumata görə, Yunanıstan və Türkiyə arasında etimad quruculuğu tədbirləri toplantısının və 5-ci Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclasının gələn ilin payızında Yunanıstanda keçirilməsi razılaşdırılıb.

Conflict.az

  • Sosial şəbəkədə paylaş