"Qazax Konserv Zavodu" ASC ləğv olunduğunu elan edib.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin “Vergilər” qəzeti xəbər verir.
Məlumatda deyilir ki, kreditorlar tələblərini 2 ay ərzində Qazax rayonu, Əliağa Şıxlinski küçəsi, ev 105 ünvanına bildirə bilərlər.
Xatırladaq ki, "Qazax Konserv Zavodu” 1998-ci ildə dövlət qeydiyyatına alınıb.
Onun nizamnamə kapitalı 1,158 milyon manatdır. “Azərsun Holdinq” MMC-yə məxsus müəssisə ötən ili 429 min manat zərərlə başa vurub.
Ümumiyyətlə, son dövrdə bir sıra şirkətlərin hesabatlarında kəsirlə başa vurmanın şahidi oluruq.
Qeyd edək ki, bir vaxtlar bölgələrdə çox sayda müəssisələlər fəaliyyət göstərirdi. Sovet rejimi dağıldıqda həmin müəssisələrin əksəriyyətinin fəaliyyəti dayandı. Son vaxtlar bəzi bölgələrdə yeni müəssisələr açılsa da, onların heç də hamısı yaxşı göstricilər əldə edə bilmir və müəyyən müddətdən sonra fəaliyyətini dayandırmalı olur. Təbii ki, belə məqamlarda ən çox zərər çəkən həmin müəssisələrdə çalışan vətəndaşlardır.
Bəs həmin müəssisələrin bağlanma səbəbi nə ilə izah edilir?
İqtisadçı-ekspert Fuad İbrahimov Cebhe.info-ya bildirib ki, sovet dövrü ilə indiki vəziyyəti müqayisə edə bilmərik:
“Həmin dövrdə mərkəzləşdirilmiş idarəetmə üslubu idi və zavod, fabriklər hökumətə məxsus idi. İndi həmin müəssisələr özəldir və onlar da şəxsi investisiyalar, kapital qoyuluşu hesabına açılıb. Əlbəttə ki, müəssisə zərərlə işləyərsə, sahibi onu bağlamalıdır.
Burada biznes mühiti lazımdır, düzgün hesablanmalıdır. Əgər müəssisə açılırsa, avadanlıq gətirilirsə, istehsal olunan məhsul satılacaqsa, bazarı da olmalıdır. Görünür ki, adıçəkilən zavodun bağlanması da bu qəbildən olan, hesablamaların aparılmaması ucbatından baş verib.
Əslində, Azərbaycanda bu dövr ərzində bir çox müəssisə açıldı, müasir dövrün tələbinə uyğun avadanlıqlarla təchiz olundu, ancaq işləmədi. Çünki bazar düzgün təhlil olunmamışdı. Buna bir çox misallar göstərmək olar.
Məsələn, İsmayıllıda, Bakının ətrafındakı zavodların çoxu müasir texnika ilə təchiz olunsa da fəaliyyət göstərə bilmədi. Mövcud vəziyyətə pandemiya da o qədər təsir edə bilməz. Məhsul bazarda satılmır, tələbat yoxdur, düzgün qiymətləndirmə təşkil olunmayıb. Nə qədər pul vermək olar ki, müəssisə hər ay dayana-dayana işləsin. Belə olduğu halda müəssisələr bağlanır”.
Conflict.az