(əvvəli bu linklərdə: https://conflict.az/gundem/109758-ntiqam-soltan-sizc-ikinci-yeri-gtrnlrin-ald-pulun-bldrlmsinin-nec-irkin-formada-planladrlmasn-deyib-v-onu-isbat-etmk-mmkndrm.html
https://conflict.az/gundem/109784-azad-v-korifey-sntilr-nazirin-eyhamna-h-deyib-tzdn-bu-qurumun-gnn-qara-eldilr.html
https://conflict.az/gundem/109795-mkdar-artist-teatr-cinaytlrin-bazas-rolunu-oynaya-bildiyi-halda-z-knarda-qala-bilr.html
https://conflict.az/gundem/109826-ntiqam-soltan-teatr-xadimlri-ttifaq-il-azdrama-sonu-faci-il-bitck-uurlu-inkiaf-yolunu-davam-etdirir.html
https://conflict.az/cemiyyet/109871-mkdar-artist-ntiqam-soltan-mr-gln-kimi-mni-antaja-balayacaqlar.html
“Kimlərsə mənim Akademik Milli Dram Teatrındakı bəzi həmkarlarımla münasibətlərimizi korlamağa cəhd edirlər.”
- Hansı planlarınız var?
- Əlbətdə ki, çalışmaq. Yeni-yeni tamaşalar hazırlamaq. Və paralel olaraq Azərbaycan-Türk mədəniyyətini qara qüvvələrdən təmizləmək. Milli teatrımızı bütpərəslikdən xilas etməyə çalışmaq. Bütləri yerlə yeksan etmək.
- Maraqlıdır, nədən başlayacaqsınız?
- "Padşah və xoruz" nağılının üzərində bir qədər dəyişikliklər edib TXİ-ni azyaşlı tamaşaçılar arasında "təbliğ" etmək...
- Yəni?
- (gülür) Nağılın leytmotiv sözünü xatırlayırsınız? "Şah mənə möhtac imiş...". Bax Teatr Xadimləri İttifaqının hal-hazırkı rəhbərliyinin Bakı Uşaq və Gənclər Teatrının fəaliyyəti hesabına əldə etdiyi uğurlara möhtac olduğunu bütün Azərbaycan tamaşaçısına çatdıracam. Çünki onlar bu qurumu təmsil etməyə layiq deyillər. Bizim tamaşaçılar axı digərlərindən bir az fərqlidir. Bizdə tamaşalarda baş verənlər evdə müzakirə obyekti olur. Yəni biz öz quruluşlarımızda valideynlə uşaq arasında ünsiyyət formalaşdırmaq üçün şərait yaratmağa, mövzu verməyə çalışırıq. Həm də bir çox hallarda tamaşada uşaqlarla yanaşı valideynlər də olur. Bunların iç üzünü bütün ölkə tamaşaçısı bilməlidir. Bu hələ mənim paket halında planlaşdırılmış ardıcıl həyata keçiriləcək tədbirlərimdən cüzi bir hissədir. Mənim deməyə sözüm var, ona görə ki, işim var. Dünənimlə qürrələnib özümdən büt düzəltmək niyyətindən uzağam. Hər günün öz işi, o işin də öz hesabatı olmalıdı. Hesabat vicdan qarşısında olmalıdı. Vicdanı olanlara aiddir bu fikir.
- Belə başa düşdüm ki, siz daha TXİ-nin tədbirlərində, məsələn, festivallarında iştirak etməyəcəksiniz.
- Xeyir, iştirak edəcəm. Amma texniki heyətlə. Çünki onların tədbirləri peşəkar aktyorlara layiq olmayan tədbirlərdir.
- Ciddimi söyləyirsiniz?
- Tam ciddi sözümdür. Zamanı çatanda görəcəksiniz. Bilirsinizmi, "əleyküm salam" həmişə "salam"la eyni ladda olur. Yəni onların salamına uyğun "əleykümsalam" vermək lazım imiş. Özü də çoxdan. İcazə verin bir az təvazökarlıqdan kənara çıxım.
- Buyurun.
- Bakı Uşaq və Gənclər Teatrı Teatr Xadimləri İttifaqından daha çox iş görür. Mən bunu tam səmimiyyətimlə deyirəm. Bunların ən böyük işi il ərzində 3-4 bayram günündə 25-30 açıqca sifariş edib teatrlara yollamaqdan ibarətdir. İl ərzində görülən işlərin hesabatını VİCDANLA tərtib etsək görərik ki, Suraxanıda bir mədəniyyət evinin küncündə, 14 kv. m-lik sahəsində yerləşdirilən teatr şəhərin mərkəzində təxminən 80%-i arendaya verilmiş beşmərtəbəli binada yerləşən, əlində yetərincə vəsaiti və şəraiti olan bir təşkilatla müqayisədə bir neçə dəfə artıq iş görür. Və zaman-zaman mən bunu faktlarla oxucuların diqqətinə çatdıracağam. Halbuki TXİ-yə seçki ərəfəsində çap etdirdikləri hesabat xarakterli kitabda bizim TXİ-nin binasında müstəqil və onlarla birlikdə gördüyümüz işlərin 100-dən 95 faizii ixtisar edilmişdi. Mən buna etiraz edəndə İsmayılov Hacı müəllim dedi ki, "şükür elə ki, kitabda heç olmazsa bu da verilib". Əslində Hacı müəllimin deyiliş tonu elə idi ki, "yəni, şükür elə ki, bunu da salmışıq kitaba"
- Siz müsahibənin əvvəlində yarımçıq fikir işlətmişdiniz. İstərdim onu tamamlayasınız.
- Hansı fikir?
- Demişdiniz ki, sənətkarı məhv edən üç şey var ki, onların biri şöhrətpərəstlikdir.
- Bəli, elədir.
- Bir az açıqlayardınız. Çünki, sənət adamının əksəriyyəti əvvəl axır şöhrətli olur. Bu o deməkdir ki, şöhrətə ucalan kimi məhv olur?
- (gülür) Yox, əlbəttə ki, yox. Əgər şöhrətə yüksələn sənətkar şöhrəti deyil, şöhrət onu idarə edəcəksə, yəni bizim dırnaqarası korifeylərimiz kimi hər kəsə yuxarıdan aşağıya baxacaqsa demək onun heç bir qorxulu xəstəliyə yoluxmağına ehtiyac yoxdur. Çünki onu idarə edən "ŞÖHRƏT" onun özünü gəmirib məhv edəcək. Bu qədər bəsit. (Telefonuna zəng gəlir. Zəngə cavab verir. Sakitçilik çökür. Sükutu mən pozuram. - Conflict.az)
- Başqa demək istədiyiniz nəsə varmı?
- Deyəcəyim çox şey var. Amma indicə mətbuatın verdiyi xəbərə görə Azərpaşa müəllim çox ciddi xəstədir. Keçirilən əməliyyatlar da kömək etməyibmiş. Ona görə də düşünürəm ki, mübarizəni bu səpkidə davam etdirmək, mənim tərəfimdən doğru deyil. İnşallah sağalar, və haqqında danışdığımız o iki tamaşanın təkrar nümayişinə şərait yaradarlar. Əgər məni sükutu pozmağa məcbur edən məsələ öz həllini tapmazsa, o zaman mən növbəti mərhələyə keçmək məcburiyyətində qalacağam. Və bir də, kimlərsə ara qarışdıraraq mənim Akademik Milli Dram Teatrındakı bəzi həmkarlarımla münasibətlərimizi korlamağa cəhd edirlər. Sizin saytınız vasitəsilə əllərindən heç bir iş gəlməyib, ara qızışdırmaqda məşğul olan ağzıgöyçəklırin nəzərinə çatdırmaq istəyirəm ki, mən teatrla əlaqədar olan heç bir oyunda iştirak etmirəm. Və Azdrama, eləcə də orada çalışanlarla bağlı mənim heç bir iradım ola bilməz. Mənim mübarizəm Teatr Xadimləri İttifaqının 20-30 ildəki yarıtmaz fəaliyyəti ilə bağlıdır. Hansı ki, bu illər ərzində gördükləri bütün işlər yalnız gözə kül üfürməkdən ibarət olub. Xahiş edirəm, düşmənçiliyi yerə qoysunlar və başlarını aşağı salıb Azərbaycan Teatrının inkişafı üçün çalışsınlar. Bacarmırlarsa üzüsulu çıxıb getsinlər. Biz də başımıza çarə qılaq. Yoxsa əvvəl axır bütün ölkə ictimaiyyətinin, rəsmi və qeyri-rəsmi qurumların diqqətini onların (yəni TXİ-nin – İ.S.) fəaliyyətsizliyinə yönəldəcəyik və onları LAZIMSIZ BİR QURUM KİMİ arxiv küncünə yollayacağıq. Bir də təkrar edirəm məni Azdramaya düşmən kimi təqdim eləməyə çalışmasınlar. Sözləri var buyurub gəlib desinlər. Akademik Milli Dram Teatrı hər zaman Azərbaycan mədəniyyətinin qibləgahı rolunu oynayıb və oynamalıdır da. O qibləgaha xor baxan "sənətçi" bizdən deyil!
P. S.
Müsahibədə 6-cı sualın cavabında 7-ci cümlə "TXİ-nin binasında" fikri "Teatr Xadimlərinin "TXİ" yerləşdiyi binasında" kimi oxunmalıdır.
Conflict.az