Bakı Uşaq və Gənclər Teatrı Azərbaycan Teatr Xadimləri İttifaqının keçirdiyi 44 günlük Zəfər bayramna həsr olunan "Qalib olan Azərbaycan" tamaşalar festivalının nəticələrinə etiraz edir. Teatr festival təşkilatçıları tərəfindən layiq görüldüyü xüsusi diplomu və pul mükafatını geri qaytaracağını bildirib.
Bundan başqa Bakı Uşaq və Gənclər Teatrı tələb edir ki, festivalın birinci yerə (rəsmi olaraq ikinci) layiq gördüyü Akademik Milli Dram Teatrının tamaşası ilə Uşaq və Gənclər Teatrının tamaşası təkrar nümayişə çıxarılsın və tamaşaçı qarşısında qalib müəyyən olunsun.
Uşaq və Gənclər Teatrının direktoru İntiqam Soltan Qaynarinfo-ya müsahibəsində onlara qarşı edilən haqsızlıqlara biganə qalmayacağını və ciddi addımlar atacağını bildirib.
- Azərbaycan Teatr Xadimləri İttifaqı 44 günlük vətən müharibəsində şanlı qələbəmizə həsr olunmuş "Qalib olan Azərbaycan" tamaşa festivalı keçirirdi. Festival noyabrın 2-i ilə 5-i arasında keçirilirdi. Bütün tamaşalar video şəkilində oktyabr ayının 10-na kimi festivala təqdim olunmalı idi. Bakı Uşaq və Gənclər Teatrı İlhamə Əhmədovanın quruluşunda "Cənnətə bilet" tamaşasını hazırlandı və festivalın tələbinə uyğun olaraq göstərildiyi vaxta təqdim etdik. Tamaşaların festivala təqdim olunma vaxtı bitəndə iştirak edəcək teatrların və tamaşaların adı bəlli idi. Amma Akademik Milli Dram Teatrı öz tamaşalarını festivala təyin edilən vaxt başa çatandan 17 gün sonra göndərib. Hansı əsasla? Festivalda birinci yer heç bir teatra verilməyib. İkinci yer isə Akademik Milli Dram Teatrına verilib.
- Akademik Milli Dram Teatrı festivala hansı tamaşa ilə qatılıb?
- Ülviyyə Heydərovanın "İnanıram" adlı mono tamaşa ilə. Tamaşaya Emil Əsgərov quruluş verib. İstər tamaşanın müəllif olsun, istərsə də rejissoruna heç bir iradımız yoxdur. Emil Əsgərov da istedalı rejissordur. Festivala qatılan tamaşaların biri zəif, digəri güclü ola bilər. Bu həmişə olub və olacaq da. Amma bu festivalda bizim təqdim etdiyimi tamaşa güclü idi. Buna baxmayaraq, Azərbaycan Teatr Xadimləri İttifaqı layiq olmadığı halda birinci yeri Akademik Milli Dram Teatrına verib. Niyə?
- Siz deyirsiniz ki, Akademik Milli Dram Teatrının "İnanıram" mono tamaşası verilən yerə layiq deyildi?
- Yox, o yer bizim teatrın idi. Azərbaycan Teatr Xadimləri İttifaqının qərarı yalnışdır. Biz fərd olaraq kiminsə adının hallanmasını istəmirik. İstəyirik ki, Azərbaycan Teatr Xadimləri İttifaqı festivalı yenidən təşkil etsin. Özü də tamaşaçı qarşısında. Bundan başqa, Azərbaycan Teatr Xadimləri İttifaqı münsiflər heyəti kimi deyil, özləri də tamaşaçı qismində tamaşalara baxsın, heç nəyə müdaxilə etməsin. Həm Akademik Milli Dram Teatrı, həm də Bakı Uşaq və Gənclər Teatrı festivalda oynadığı tamaşanı tamaşaçı qarşısında yenidən oynasın. Tamaşa nə üçündür? Tamaşaçı baxmaq üçün qurulmur? Qoy tamaşaçı baxsın və qiymətini versin. Görək kimin tamaşası bəyəniləcək. Əminliklə deyirəm ki, bizim teatr bu festivalda birinci yerə layiqdir. Əgər mən görsəm ki, məğlubam, hamıdan üzr istəyib teatrdan cəkilib gedəcəyəm. Bakı Uşaq və Gənclər Teatrı bu festivalda xüsusi diploma layiq görülüb, bununla qəti razılaşmıram.
Bahar Rüstəmli
Conflict.az