Sizin reklam burada
Sizin reklam burada

"Bu, ölkədəki yoluxma sayından, prosesin idarə olunmasından asılı olacaq"

"Bu, ölkədəki yoluxma sayından, prosesin idarə olunmasından asılı olacaq"
Azərbaycanda yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə 2020-ci il mart ayının 3-dən bütün təhsil müəssisələrində tədris prosesi müvəqqəti dayandırılıb.

Bu proses dünya ölkələrinin əksəriyyətini əhatə etdiyindən, UNESKO təhsildə yaranan fasilələri məhdudlaşdırmaq üçün distant təhsil proqramlarından istifadəni tövsiyə edib. Azərbaycan Respublikası Təhsil Nazirliyi bu gözlənilməz hadisəyə reaksiya verərək, qısa müddətdə teledərs, virtual məktəb layihələrini həyata keçirməklə pandemiya dövrünün dərslərini onlayn şəkildə təşkil edib.

Qarşıdan sentyabr ayı, yəni yeni tədris ili gəlir. Məktəblərin hansı qaydalarla açılacağı hər kəsi düşündürür.

Bununla bağlı Cebhe.info-ya Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi İlqar Orucov danışıb. O, məktəblərlə bağlı hansı qərarın olacağ barədə danışmağın tez olduğunu deyib:

“Yeni tədris ilinin başlamasına təxminən bir ayadək vaxt qalır. İnsanlar narahatdır, məktəblərlə bağlı qərarın nə olacağını gözləyirlər. Ali məktəblərdə təhsil alan tələbələrin vaksinasiyası başlanıb. Əgər vaksinasiya prosesi uğurlu nəticə versə, ümid edirəm ki, yeni tədris ilindən ali təhsil müəssisələrinin fəaliyyətinə başlaya bilərik. Burada yenə də məsuliyyət insanların üzərinə düşür. Orta məktəblərin pedoqoji heyətinin vaksinasiya olunması ilə bağlı əlimizdə ciddi və müsbət cavablar var. Buna nəzarən deyə bilərəm ki, vaksinasiya olunan heyətlə bağlı heç bir problem yaşamayacağıq”.

O bildirib ki, orta məktəb şagirdləri risk qrupuna daxil deyil:
“Amma əgər valideynləri ilə birgə COVİD-ə yoluxan şagird məktəbdə gələrsə, digər şagirdləri yoluxdura bilər. Beləliklə, prosesin ötürücülüyü çox sürətlə gedər. Bu baxımdan da təhsil müəssisələrinin açılmasını arzu edən və bununla bağlı fikir səsləndirən vətəndaşlar mütləq şəkildə məsuliyyət hiss etməli, vaksinasiya prosesində iştirak etməlidirlər”.

İlqar Orucov bildirib ki, tədrisin 1,5 ildən çox distant və hibrid formada davam etdirilməsi təhsilin keyfiyyətinə ciddi şəkildə təsirini göstərdi. Bu, özünü həm buraxılış imtahanları, həm də qəbul imtahanlarında biruzə verdi. İctimai Şura rəsmisi bildirib ki, məktəblərdə dezinfeksiya- profilaktik işlərlə bağlı yaxşı təcrübə var:

“Buna baxmayaraq, məktəblərin açılması ilə bağlı son qərarı yalnız təhsil ilinin başlanmasına az müddət qalmış demək mümkündür. Çünki bu, ölkədəki yoluxma sayından, bütövlükdə prosesin idarə olunmasından asılı olacaq. Təəssüf edirəm ki, son günlər yoluxma saylarında ciddi artım müşahidə edilir. Əgər belə olarsa, məktəblərin açılması ilə bağlı nikbin danışa bilmərik. Ümid edirəm ki, yeni tədris ilinin açılmasına qalan bir ay müddətində insanlarımız vaksinasiyaya cəlb olunacaqlar. Vaksinasiya olunan insanların sayında artımı görə bilsək, eyni zamanda pandemiyada yoluxanların sayı idarəolunan vəziyyətdə saxlanılsa, sentyabr ayında məktəblərlə bağlı müsbət qərarı görə biləcəyik. Əks halda, keçənilki vəziyyəti yaşamalı olacağıq.

Biz tərəfdarıyıq ki, dərslər ənənəvi olsun. Pandemiya şəraiti olduğundan, təhsil müəssisələrinin açılması ilə bağlı qərarı Təhsil Nazirliyi yox, Nazirlər Kabineti yanında Operativ Qərargah verir. Təhsil Nazirliyi bütövlükdə məktəblərlə bağlı vəziyyəti, monitorinqi diqqətə çatdırır. Şagirdlər yay tətilindədirlər və məktəblərlə təmasları yoxdur. Ona görə də Təhsil Nazirliyinin prosesdə heç bir rolu yoxdur. Yalnız Operativ Qərargahın qərarı olarsa, məktəblərin açılmasını görə bilərik”.

İlqar Orucov onu da əlavə edib ki, hazırda Təhsil Nazirliyinə məktəblərdə sentyabr ayından dərslərin hibrid, onlayn və ya digər formada keçiriləcəyi ilə bağlı hər hansısa rəsmi göstəriş yoxdur.

Conflict.az

  • Sosial şəbəkədə paylaş