
ATƏT-in Minsk qrupu Azərbaycan-Ermənistan sərhədində qeydə alınan gərginliklə bağlı açıqlama yayıb.
Ermənistan KİV xəbər verir ki, təşkilat hər iki tərəfi təmkinli olmağa çağırıb.
“Biz tərəfləri sakitliyə və təmkinli olmağa çağırır, təxribatçı addımlardan çəkinməyə və ATƏT-in Minsk qrupunun həmsədrlərinin bayrağı altında tezliklə danışıqlara qayıtmağa çağırırıq”- açıqlamada deyilir.
ABŞ Dövlət Departamenti də sərhəddəki gərginliklə bağlı narahatlığını ifadə edib:
“Biz bir müddət öncə, Yerasx-Sədərək istiqamətində Azərbaycan-Ermənistan sərhədində baş verən insindentdən narahatıq. ABŞ ATƏT-in Minsk qrupunun həmsədri kimi bütün tərəflərlə Dağlıq Qarabağ münaqişəsinin davamlı siyasi həlli üçün səylərinə sadiqdir”.
Qeyd edək ki, ötən gün Ermənistan silahlı qüvvələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub. Qarşı tərəfdən açılan snayper atəşi nəticəsində Beyləqan rayonunun Qəhrəmanlı qəsəbə sakini, 1993-cü il təvəllüdlü gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.
Conflict.az