Sizin reklam burada
Sizin reklam burada

"Proses adi rejimdə və sistematik qaydada icra edilir”

"Proses adi rejimdə və sistematik qaydada icra edilir”
Rusiya tarixboyu Azərbaycanı erməni çirkabı ilə “qaralayıb” və elə indi də bu siyasəti davam etdirməkdədir.

Azərbaycanla Ermənistan dövlət sərhədinin Qaragöl ətrafındakı İşıqlı dağ zirvəsindən erməni kənd və şəhərləri nə qədər aydın görünsə də, gərəkdir ki, rəsmi Bakı bu zirvədən Kremlin qara niyyətini də görməyi bacarsın.

Əlbəttə, son günlər Qaragöl ətrafında yaşananlarla bağlı rəsmi İrəvanın bütün dünyaya - “Azərbaycan ordusu Ermənistan sərhədini keçərək Sünik və ya Zəngəzur rayonundakı Sevliç - Qaragöl - ərazisi boyunca 3.5 kilometr irəliləyib”, deyə haray-həşir salması hayların genetik xəstəliyinin nəticəsidir. Bu xəstəlik ötən il Vətən müharibəsi zamanı da baş qaldırmışdı, onu məhz Azərbaycan diplomatiyasının dəqiq resepti üzrə Ordunun “uzmanları” 44 gün ərzində “müalicə” etdilər. Ermənilərə “türkəçarəlik” etmək istəyənlərin “həbləri” isə quruyub əllərində qaldı.
Əslində elə indi də belədir. Çünki, bütün dünya yaxşı bilir ki, Ermənistanın apradığı 30 illik işğal nəticəsində Azərbaycanla olan dövlət sərhədi indiyədək müəyyən edilməyib. Azərbaycan Xarici İşlər Nazirliyinın bildirdiyi kimi hazırda “Azərbaycan sərhəd qüvvələri ölkəmizə aid mövqelərdə yerləşdirilir. Bu proses adi rejimdə və sistematik qaydada icra edilir”. Bu o deməkdir ki, heç kimin kənardan “mollalıq” etməsinə ehtiyac yoxdur. Hətta, ermənilərin “atalığı” Rusiya XİN başçısı Lavrov da 10-11 mayda Bakıda olanda “Bölgədə sərhədlərin delimitasiyası və demarkasiyası sadə deyil, amma biz inanırıq ki, hər şey həll ediləndir”, - deyib getdi öz işinin dalınca.
Ancaq Lavrovun “Bölgədə sərhədlərin delimitasiyası və demarkasiyası sadə deyil”, deməsinin o biri üzü də ola bilər. Çünki heç kimə sirr deyil ki, Rusiya tarixboyu Azərbaycanı erməni çirkabı ilə “qaralayıb” və elə indi də bu siyasəti davam etdirməkdədir. Hazırda Rusiya üçün yaranmış belə “münbit” şəraitdə Moskvanın bu dəfə Qarabağı Qaragöllə dəyişə bilməsinə gərək heç kim şübhə etməsin. Doğrudur, məsələyə belə yanaşma nə qədər bədbin görünsə də, amma “ehtiyat igidin yaraşığıdır”, deyimini Azərbaycan tərəfi heç vaxt unutmamalıdır.
Əslində indiki halda Ermənistan-Azərbaycan sərhədlərinin dəqiqləşdirilməsi prosesinin İrəvan üçün nə qədər “ağrılı” olduğu anlaşılandır. Çünki, Sovet İttifaqı dövründə müttəfiq respublikaların sərhədləri demək olar ki, şərti olaraq bölünürdü. Bu, həm də Moskvanın gələcəyə yönəlmiş məkrli siyasətinin nəticəsi idi ki, müttəfiq respublikalar nə vaxtsa “mərkəzdən” ayrılmalı olsalar o zaman onların arasında münaqişə ocaqları qalamağa “alışqan” olsun. Hər halda Moskvanın bu çirkin siyasətdən Azərbaycana, Ermənistana, Gürcüstana, Moldovaya, Ukraynaya, Tacikstana, Qırğızstana, Özbəkstana və Qazaxstana qarşı istifadə etməsi göz önündədir.
Yeri gəlmişkən, Rusiya bu siyasətini elə indi də öz ərazisində yaşayan muxtar respublikalar arasında davam etdirməkdədir. Buna misal olaraq Şimali Qafqazda – Çeçenstan-Dağıstan, Çeçenstan-İnquş, Kabardin-Balkar, Qaraçay-Çərkəs, Şimali Osetiya və İnquş respublikalarının ara-sıra bir-birinə olan ərazi, torpaq iddialarını qeyd edə bilərik. Bu o deməkdir ki, Moskva Şimali Qafqazda xeyli sayda münaqişə ocaqlarının “odununu” indidən yığıb hazır vəziyyətdə saxlayır ki, “qış” gələndə alovlandırsın.
Əlbəttə, hər kəs yaxşı xatırlayır ki, Sovet dönəmində Moskva tərəfindən Azərbaycan ərazilərinin Ermənistana peşkəş edilməsi az qala adi hal almışdı. Yəqin ki, sonuncu dəfə 1984-cü ildə Moskvanın göstərişi və ya təzyiqi ilə Qazax rayonunun - Kəmərli kəndi, Daş bulaq, Almalı bulaq, Məsçidin bulağı, Tutlu dərə, Fındıqlı bulağı, Hayvalı bulağı, Birinci Dərəbəyli, İkinci Dərəbəyli, Bala Cövüzlü, Böyük Cövüzlü, Soyuq bulaq, Kömürxana, Battaqlı və digər məhsuldar torpaqların Ermənistana verilməsini çoxları xatırlayır.
Ancaq indi sərhədlər 1975-ci ildə tərtib olunmuş ordu xəritələrinə uyğun olaraq dəqiqləşdirilir və Ermənistanın özününkü bildiyi, həmçinin Qarabağın işğalı zamanı zəbt etdiyi ərazilər - yollar, çaylar, göllər, strateji yüksəkliklər, əkin sahələri Azərbaycana qaytarılır. Bu üzdən İrəvanın dünya ölkələri liderlərinə - Putinə, müsyö Makrona, ABŞ Dövlət Departamentinin sözçüsü Calina Porterə, həmçinin beynəlxalq təşkilatlara - BMT-yə, ATƏT-ə, KTMT-yə və digərlərinə müraciət etməsi vay-şüvənlikdən başqa bir şey deyil.
Bu arada, Qaragöl olayına görə Paşinyanın Putindən hərbi kömək istəməsinə cavab olaraq Kreml şefinin Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və bu ilin 11 yanvar tarixli bəyanatlarının bütün müddəalarına ciddi şəkildə əməl olunmasının vacibliyini qeyd etməsi, Nikolu “sondürdü”. Bundan sonra “ağıllanmış” Paşinyan sərhəddəki vəziyyətlə bağlı fövqəladə parlament iclasında “Sərhəd nöqtələrini dəqiqləşdirməyə hazırıq. Kimin harada dayana biləcəyini dəqiqləşdirmək lazımdır”, - dedi.
Amma “Heç vaxt, heç vaxt demə” deyiminə əsaslansaq, onda bir az diqqətli olub nəzərə almaq lazımdır ki, əgər Rusiya sülhməramlıları üçtərəfli bəyanata uyğun olaraq Azərbaycan ərazisindən qeyd olunan vaxtda çıxmış olsa, onun gələcəkdə rəsmi Bakıya təsir və ya təzyiq imkanı sözsüz ki, minimuma enəcək. Bu üzdən alternativ vasitə kimi Kremlin Qarabağı Qaragöllə əvəz etməsini gözləmək mümkündür. Bu baxımdan gələcəkdə Bakıya təzyiq etmək üçün ilk növbədə Rusiyanın, həmçinin digər ermənipərəst ölkələrin əlində əsas olmasın deyə Azərbaycanla Ermənistan arasında bir qarış belə, mübahisəli ərazi saxlamaq olmaz!
Mübariz Azərbaycanlı, müstəqil jurnalist

  • Sosial şəbəkədə paylaş