Sizin reklam burada
Sizin reklam burada

Səsi görünən insan

Səsi görünən insan
Səs ruhun ifadə formasıdır. İnsan ruhu Tanrıdan gəldiyi kimi sonda da, dərgaha yüksəlir. Və bu ruh özü ilə yalnız səsi aparır. Çünki Tanrıya veriləcək imtahan səsli olur. Deməli səs danışan ruhdur.
Azərbaycan radiosunun ən uzun ömürlü verilişi olan “Bulağ”ın son iki ilə yaxın müddətdə aparıcılarından olan Səməd Hətəmovun bu gün doğum günüdür. Onunla dostluğumun tarixi artıq 20 ildir. Hər dəfə sakit təbiətli bu səmimi insanla söhbətləşəndə mənə elə gəlir ki, sanki onun səsini görürəm. Sanki dodaqları arasından çıxan hər kəlmə şəkillənir. O səsdəki əzəmət, qürur insan ruhunda əbədi qalacaq izlər buraxır. Səməd Hətəmovun səsi daş üzərində yazılmış kitabə kimidir. Əsrlərlə nəsillərə qalacaq kitabə.
Dostlar əbəs yerə bu möcüzəli səs sahibinə Azərbaycanın Levitanı demir. Levitan Böyük Vətən müharibəsi dönəmində bir dövlətin səsini ifadə edirdi. "Danışır, Sovet Məlumat bürosu!". Səməd Hətəmovun səsində Şuşa, Ağdam, külli Qarabağ görünür. Bu səsdə o taylı, bu taylı Bütöv Azərbaycan var. Borçalı, dəmir qapılı Dərbərbənd boylanır Səməd Hətəmovun səsindən.
Mən bu yazını ötən il, hələ doğma Qarabağımız düşmən əlində girov olarkən yazmaq istəyirdim. Bu o zaman idi ki, Yusifcanlı, Ağdam, Qarabağ həsrətli idi Səməd Hətəmov. Bu o zaman idi ki, udduğu havada, içdiyi suda belə yurd arayırdı Səməd Hətəmov. Bu o zaman idi ki, nisgildə, nigarançılıqda dost idi Səməd Hətəmovla. Və nə yaxşı ki, bu sətirlər məhz o zaman yazılmadı.
İllərlə yol yoldaşlığım olub Onunla. Müdrik adamdı Səməd Hətəmov. Bir dəfə...
Yəqin ki, ömrümün sonuna qədər unutmayacağam o hadisəni. Aran rayonlarından birinə gedirdik. Avtomobili mən idarə edirdim. Və heç birimiz danışmırdıq. Bu da səbəbsiz deyildi. Muğam ifaçısı, əməkdar artist Elnarə Abdullayevanın səsinin sehrinə düşmüşdük. Bu zaman onun – möcüzəli səsin sahibinin bir o qədər alışmadığım kövrəkliklə söylədiklərini eşitdim, “Hacı, zəhmət olmazsa maşını saxla”. Elədə etdim. Keçib arxa oturacaqda əyləşdi. Bu qəfil yerdəyişmənin səbəbini soruşmasamda, lakin özünə hiss etdirmədən marağımı da önləyə bilmirdim. Arada güzgüdən onu izləyirdim. Xanəndə xanım isə oxuyurdu:
Məskən salmış ulu babam,
Yaxşı bilir elim-obam,
Həsrətindən oldum yanan,
Bir Cənnətdi hər bucağı.
Verməm yada Qarabağı.

Nisgil, həsrət dolu sözlər. Və üstəgəl xanəndənin yanıqlı səsi. Səməd Hətəmov - o əzəmətli səsin sahibi sanki uşaqlaşmışdı. Kim bilir, Qarabağlı günlərinin hansı xatirəsi onu öz ağuşuna almışdı. İki damla yaş yanaqlarından aşağı yuvarlandı. Sözsüz ki, yenə heç nə soruşmadım. Bildiyim bir nəsnə ilə bağlı nə soruşacağdım ki?
Tanrıya sonsuz şükürlər olsun ki, artıq Qarabağ deyə bir həsrətimiz qalmadı. Qarabağın kənd-kənd, şəhər-şəhər azad edilməsi xəbərini bir həb kimi, dərman kimi qəbul etdik. Yaralarımız sağalmasa da, lakin qaysaq bağladı. Dostum, Abi deyə səslədiyim Səməd Hətəmovda bu ilki doğum gününü hələ ki, öz dəbə-baba yurdunda qeyd etməsə də, artıq məcburi köçkündə deyil. Səməd Hətəmov bilir ki, orda, Ağdamda bir yol var, uzaqda. O yolun bizim yolumuz olduğunu da bilir. Dönəcəyini, varacağını da bilir.
Artıq Səməd Hətəmovun səsindəki o nisgildə yoxdur.
Düz 20 ildir ki, Azərbaycan televiziya və radioları ilə əməkdaşlıq edir. Milli qəhrəmanlarımız, siyasi şəxsiyyətlərlə bağlı lentə alınan sənədli filmlərin kadrarxası mətnini o səsləndirir. Səsin tembrindən irəli gələn imkanlardan məharətlə istifadə edir. Onun səsi metal səsdir, qüvvətlidir, möcüzəlidir. Oxu tərzi, nitqin imkanlarından bəhrələnməsi, peşəkarlığı, fikri yüksək səviyyədə çatdırması tamaşçıya, dinləyiciyə həm psixoloji ruh, üstünlük verir. Necə danışmaq, necə ifadə etmək, səsi necə tənzimləmək sahəsində ustaddır Səməd Hətəmov.
Lakin çox heyif. Bilirsiniz nəyə?
1984-cü ildə Mədəniyyət və İncəsənət institutunun dram və kino aktyorluğu fakultəsini fərqlənmə diplomu ilə bitirən, Ağdam rayon teatrına təyinat alan, aktyor kimi çalışan, son 20 ili müxtəlif telekanallarda əcnəbi bədii və sənədli filmlərin səsləndirilməsi ilə məşğul olan şəxsin bu günə qədər dövlət tərəfindən bir təltifi belə yoxdur. Görkəmli şəxsiyyətlərlə, adət-ənənəmizlə, milli qəhrəmanlarla bağlı sayını özü belə unutduğu kadrarxası mətnləri səsləndirib. İTV-nin radiosunda dünya və Azərbaycan ədəbiyyatının onlarla seçmə hekayələrini oxuyub. Təhsil nazirliynin maliyyə dəstəyi ilə həyata keçirilən səsli dərslik proqramında dərsləri səsləndirib. Və nəhayət yuxarıda qeyd etdiyim kimi son bir ildir ki, yaşı artıq 50 ili ötmüş “Bulaq” verlişinin aparıcısıdır. Bu işi respublikanın xalq artıstı Səidə Quliyeva ilə birlikdə icra edir. Görəsən nədən dublyaj sənəti ilə məşğul olanlar fəxri adların verilməsindən kənarda qalırlar? Axı hər hansı bir əsərin lentə alınması qədər, onu səsləndirib tamaşaçıya çatdırmaq da olduqca vacib amildir. Tamaşaçı qəhrəmanı həm də səsinə görə sevir. Görəsən bu sahədə çalışanların bir çoxuna həmin işi rəsmi olaraq icra etməyə nədən şərait yaratmırlar? Nə üçün bu sahədəki fəaliyyəti yalnız xidməti müqavilə ilə sərhədləyirlər? Sonucda kiminsə, nədənsə, nə vaxtsa düşündüyü bu format həmin şəxslərə fəxri adların verilməsində çətinliklər yaradır. 20 il bir igidin ömrüdür. Az zaman deyil. Davamlı olaraq Azərbaycan dilinin zənginliklərini yüksək peşəkarlıqla dinləyicisinə, tamaşaçısına çatdıran bir sənətkarın zəhməti mütləq qiymətləndirilməlidir.
Səməd Hətəmovla 15 ildir ki, bir Ümid taleyi də yaşayırıq. Kifayət qədər prinsipial, həqiqət carçısı olan bu şəxsiyyətin bir siyasi öhdəçiliyi də var. Ümid Partiyası sədrinin müavinidir. Hamını, hər kəsi xoşbəxt vətəndaş olaraq görmək ən müqəddəs arzularımızdandır.
Təbrik edirəm Abi. Tanrının yazdığı ömrü sağlam, ehtiyacsız, sən sevdiklərinlə və səni sevənlərlə birlikdə olmanı arzulayıram. Və inanıram ki, növbəti ad gününü Yusifcanlıda, babalarının ruhu dolaşan o torpaqda keçirəcəksən.

Hacı Bakir Həsənbəyli

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ