Məlum olduğu kimi, bu il yanvarın 1-dən Azərbaycanda icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqinə başlanılıb. Ölkənin Gəncə, Şirvan, Qazax, Lənkəran, Salyan da daxil olmaqla daha 36 şəhər və rayonu icbari tibbi sığorta sisteminə qoşulub.
1 aprel tarixindən isə tibbi sığorta bütövlükdə ölkə ərazisini əhatə edəcək. Bu sonuncu - üçüncü mərhələdə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığorta sisteminə cəlb olunacaq.
Artıq ölkə ərazisinin böyük hissəsini əhatə etsə də, hələ də icbari tibbi sığorta ilə bağlı əhali üçün qaranlıq məqamlar var.
Tibbi sığorta nədir? Hansı xidmətləri əhatə edəcək? Sığortalı vətəndaşlar dövlət tibb müəssisələri ilə yanaşı, özəl müəssisələrin xidmətlərindən də istifadə edə biləcəklərmi?
“Qafqazinfo” bu və digər suallara aydınlıq gətirməyə çalışıb.
İcbari tibbi sığorta tibbi xidmətlərin vətəndaş tərəfindən tam ödənişsiz əldə olunması üçün tətbiq olunan sistemdir. Bu, tibb sektorunun yeni maliyyələşmə metodudur. Əvvəllər Azərbaycanda səhiyyə sistemi dövlət büdcəsindən maliyyələşirdi. İcbari tibbi sığorta sisteminin formalaşmasından sonra tibb müəssisələri ödənişləri İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) və digər mənbələrdən əldə edəcək. Bu sistemin tətbiqi həm də maliyyə məhdudiyyətinin qarşısının alınması və tibb sektorunu daha yaxşı inkişafa motivasiya etmək üçün hesablanıb. Məqsəd tibbi xidmətləri vətəndaşlar üçün əlçatan etməkdir.
Xidmətlər zərfinə nə daxildir?
Agentliyin Tibbi iddialar departamentinin rəhbəri Vüqar Qurbanovun sözlərinə görə, artıq tibbi sığorta ölkənin böyük hissəsini əhatə edir və vətəndaşlar əlçatan şəkildə tibb müəssisələrinə müraciət etməklə, ödəniş etmədən bu xidmətlərdən istifadə edə bilirlər:
“İcbari tibbi sığortanın tətbiq olunduğu keçən il ərzində xidmətlər zərfinə 2 550-yə yaxın tibbi xidmət daxil idi. Bura stasionar şəraitdə aparılan bütün tibbi xidmətlər, terapevtik müalicələr, cərrahi əməliyyatlar, stasionar şəraitdə dərman təminatı, təcili tibbi yardım xidməti, ilkin səhiyyə xidməti və bundan başqa, açıq və qapalı ürək əməliyyatları, kardioinvaziv müdaxilələr və sair kimi bahalı və qiyməti yüksək olan əməliyyatlar daxil idi. Bu ildən isə Agentliyin hədəfi odur ki, bu tibbi xidmətlərin sayını və çeşidini artırsın. Bununla bağlı Nazirlər Kabinetinə öz təkliflərimizi təqdim etmişik. İcbari tibbi sığorta ölkə üzrə tam əhatə olunanda 3 550-dən çox xidməti əhatə edəcək. Bu xidmətlər də dəyərindən asılı olmayaraq, həyat üçün vacib olan, sağlam həyat sürmək üçün lazım olan tibbi xidmətlərdir”.
İTSDA-nın məlumatına görə, ölkədə geniş yayılmış, əlillik və ölüm riski olan xəstəliklərin stasionar şəraitdə müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcək. Miokard infarktı, beyin insultu, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı və digər ürək-damar xəstəliklərinin, sеrеbrоvаskulyаr хəstəliklərin, mədə-bağırsaq xəstəliklərinin, uroloji xəstəliklərin, infeksion və parazitar xəstəliklərin müalicəsi, travmalar, yanıqlar, zəhərlənmələr zamanı sığortaolunanların müalicəsi icbari tibbi sığorta təminatı hesabına həyata keçiriləcək. Əlavə olaraq, hamiləlik, doğuş və zahılıq dövründə müayinə və müalicə icbari tibbi sığorta təminatına daxildir.
Həmçinin xidmətlər zərfinə 1 100-dən çox cərrahi əməliyyat salınıb. Həmin əməliyyatlar sırasına koxlear implantasiya əməliyyatı, oynaq endoprotezlərin yerləşdirilməsi, aorto-koronar şuntlama əməliyyatı, ürək qapaqlarının dəyişdirilməsi və təmiri, anevrizma əməliyyatları, anadangəlmə ürək qüsurlarının cərrahi müalicəsi, eləcə də minimal invaziv üsulla həyata keçirilən kardiocərrahiyyə əməliyyatları (koronar stentlərin taxılması) daxildir. Bahalı əməliyyatlar sırasında, həmçinin kifayət qədər geniş sayda oftalmoloji, travmatoloji, uroloji və neyrocərrahiyə əməliyyatları var.
Bir sıra xidmətlər var ki, bunlar İTSDA tərəfindən təminata alınmır. Bura poliklinik şəkildə dərman təminatı, stomatoloji xidmətlər, estetik-kosmetik əməliyyatlar daxildir.
Rayonda yaşayıb Bakıda müayinə olunmaq istəyiriksə...
İTSDA-nın rəsmisi Vüqar Qurbanov bildirib ki, sığortalı vətəndaş əvvəlcə yaşadığı ərazidəki tibb müəssisəsinə müraciət etməlidir. Əgər müayinə və müalicəsi orada mümkün deyilsə, Agentliklə müqaviləsi olan bütün tibb müəssisələri - həm dövlət, həm də özəl tibb müəssisəsinə yönləndirilir və tam şəkildə ödənişsiz müalicə və ya əməliyyat edilir. Vətəndaşın şikayəti, onun göndəriləcəyi müayinələr proqram vasitəsilə tibb müəssisəsinə göndərilir.
Bəzi hallarda isə regionda yaşayan vətəndaş paytaxtda olarkən təcili şəkildə tibb müəssisəsinə müraciət etməli olur. Bu halda ona hazırda olduğu ərazidə ilkin tibbi yardım göstərilir:
“Əgər şəxs sığortalıdırsa, onun hansı regionda olmasından aslı olmayaraq, dövlət və ya özəl tibb müəssisəsində Agentliyin ödənişi hesabına tibbi xidməti tam şəkildə ala bilər. Təcili və təxirəsalınmaz hallarla bağlı da xidmət tam şəkildə əhatə olunur və buna görə heç bir ödəniş tələb olunmur. Məsələn, miokard infarktı özü də təcili təxirəsalınmaz tibbi yardım hesab olunur. Bu zaman xəstəyə ilkin tibbi yardım göstərilir. Sonra əməliyyat üçün ixtisaslı tibbi yardımla bağlı müqaviləmiz olan tibb müəssisələrinə və ya TƏBİB-in tabeliyində olan tibb müəssisələrinə müraciət edərək ödənişsiz şəkildə tibbi xidməti əldə edəcək. Təcili hallar üçün heç bir məhdudiyyət yoxdur. Planlı hallar üçün bütün dünyada olduğu kimi növbəlilik halları var. Ola bilər ki, bəzi vətəndaşların yaşadığı yerdə hansısa xidmətə müraciət çoxdur və orada növbə gözləməyə ehtiyac var. Biz çalışırıq ki, belə hallar olmasın”.
İcbari tibbi sığortanın tətbiqindən tibb işçiləri nə qazanacaq?
İTSDA dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrini öz tabeliyinə alıb və həm tibbi xidmətin təşkili, həm də ödənişlərini həyata keçirən qurumdur. Agentlik rəsmisinin sözlərinə görə, hər tibbi xidmətə görə həkimlər həm əmək haqqı, həm də bonuslar alırlar. Orta və kiçik tibb işçiləri göstərilən tibbi xidmətin qarşılığında yalnız əmək haqqı alacaqlar. Lakin bu əmək haqqı əvvəlki kimi deyil, bura həm də həvəsləndirici ödənişlər daxildir:
“Bu qaydalar artıq tənzimlənib. Ölkənin 23 bölgəsində həkimlərə tibbi xidmətə görə bonuslar verilir. Ötən il 9 ixtisas növü üzrə həvəsləndirici nəzərdə tutulurdusa, bu il bu ixtisasların sayı 16-ya çatdırılıb. Məsələn, hemodializ şöbəsində işləyən həkimlərin əmək haqqına 360 manat həvəsləndirici əlavə olunacaq və bu proses daim yenilənəcək. Tibb müəssisələri nə qədər çox və keyfiyyətli xidmət göstərəcəksə, aldıqları vəsait də çox olacaq. Artıq Azərbaycanda yeni maliyyələşmə metodu ortaya çıxır. Xəstəxanalar onlara ayrılan vəsaiti xərclədikdən sonra yerdə qalan məbləği tibb işçilərinin dəyərləndirilməsi üçün də istifadə edə bilərlər”.
Nə qədər tibbi sığorta haqqı ödənilməlidir? Kimlərin sığorta ödənişlərini dövlət qarşılayır?
İcbari tibbi sığorta layihəsi dövlət tərəfindən həyata keçirilən layihədir. Biznes layihəsi olmadığına görə, onun həyata keçirilməsində gəlir əldə etmək məqsədi güdülmür. Burada həm də vətəndaşın ala biləcəyi xidmətlər zərfi var. Vətəndaşlara ayrı-seçkilik qoyulmur. Onun hansı işdə işləməyindən, hansı miqdarda sığorta haqqı ödəməsindən asılı olmayaraq, xidmətlər zərfindən eyni qaydada istifadə edə bilər.
Dövlət sığorta haqqı məsələsində daha rahat təkliflə çıxış edib. Belə ki, hamilə qadınlar, uşaqlar, işləməyən pensiyaçılar, ali təhsil alan tələbələrin sığorta haqqı dövlət tərəfindən ödəniləcək.
Beləliklə, dövlət və neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 2%, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulması nəzərdə tutulur.
Qeyri-dövlət və qeyri-neft sektorunda çalışan işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən ödənilən sığorta haqqının məbləğinə 2022-ci il yanvarın 1-dək 50 faiz güzəşt tətbiq edilib. Belə ki, 2022-ci il yanvarın 1-dək əmək haqqının 8 000 manata qədər olan hissəsindən 1%, 8 000 manatdan yuxarı olan hissəsindən 0,5% miqdarında icbari tibbi sığorta haqqı tutulacaq. 2022-ci ildən etibarən isə sözügedən sektor üzrə işəgötürən və işçilərdən aylıq hesablanmış əməyin ödənişi fondunun 8 000 manata qədər olan hissəsindən 2% miqdarında icbari tibbi sığorta haqqının tutulması müəyyən olunub.
Xidməti müqavilə ilə çalışan vətəndaşlardan da sığorta haqqı əmək haqqı 8 000 manata qədər olan hissəsindən 1% və 8 000 manatdan yuxarı olan hissəsindən 0,5% sığorta haqqı tutulacaq.
Bundan başqa, bir kateqoriya insanlar da var ki, onlar fərdi sahibkar kimi VÖEN-lə fəaliyyət göstərirlər. Onlar üçün də sığorta ödənişi minimal əmək haqqının 4 % həcmindən müəyyənləşib. Yanvarın 1-dən etibarən onlar da ödəniş edəcəklər.
İcbari tibbi sığorta özəl klinikalara da aiddirmi?
İcbari tibbi sığorta təkcə dövlət deyil, Agentliyin müqavilə bağladığı özəl klinikalarına da aiddir. Elə xidmətlər var ki, onları dövlət xəstəxanası verə bilmir, ancaq özəl klinikalarda mümkündür. Ona görə də özəl tibb müəssisələriylə müqavilələr imzalanır. Bu klinikaları seçərkən də müəyyən kriteriyalar nəzərə alınır. Məsələn, belə klinikalar daha geniş spektrda xidmət təklif edən klinikalar olmalıdır ki, vətəndaş bütün xidməti əldə edə bilsin.
Vətəndaş ərazisi üzrə dövlət tibb xidmətinə daxil olan tibb müəssisəsinə müraciət edir, əgər həmin tibb müəssisəsində ona lazım olan xidmət mövcud deyilsə, İTSDA-nın, həmin tibb müəssisənin göndərişi əsasında özəl tibb müəssisəsində bu xidməti əldə edə bilər.
Qeyd edək ki, gələcəkdə icbari tibbi sığorta xarici ölkələrdə də keçərli olacaq. Artıq qarşılıqlı tibbi sığortanın tətbiqi ilə bağlı bir neçə ölkə ilə danışıqlar aparılır.