Sizin reklam burada
Sizin reklam burada

"Qiyməti tənzimlənən məhsulu daha yuxarı qiymətə satmaq hüquqi məsuliyyət yaradır"

"Qiyməti tənzimlənən məhsulu daha yuxarı qiymətə satmaq hüquqi məsuliyyət yaradır"
Tarif dəyişikliyindən sui-istifadəyə və əsassız qiymət artımına yol verilməsinin vaxtında müəyyən edilməsi və qarşısının alınması məqsədilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən mütəmadi aparılan monitorinqlərin intensivliyi daha da artırılıb.

Dövlət Xidməti sahibkarların nəzərinə çatdırır ki, nəzarət tədbirləri zamanı qanun pozuntusu halları aşkar edilərsə, qanunvericilikdə nəzərdə tutulmuş ciddi məsuliyyət tədbirləri görüləcək. Bu hallar üzrə cinayət tərkibli əlamətlər müəyyən olunduqda isə toplanmış materiallar aidiyyəti üzrə hüquq mühafizə orqanlarına göndəriləcək.

Qeyd edək ki, Azərbaycanda Aİ-92 markalı avtomobil benzininin və dizel yanacağının pərakəndə satış qiymətləri üzrə tarif tənzimlənməsi aparılıb və 5 yanvar tarixindən yeni tariflər tətbiq edilir. Dizel yanacağının qiymət artımının kənd təsərrüfatı sahəsinə təsiri nəzərə alınaraq, hökumət tərəfindən ayrılan subsidiyalar artırılacaq.

Bəs, istehlak bazarında əsassız qiymət artımının qarşısını almaq üçün daha effektiv yollar varmı? Dövlət Xidməti tərəfindən aparılan monitorinqlər kifayət edirmi?

"İqtisadi və Sosial İnkişaf Mərkəzi" İctimai Birliyinin sədr müavini Rəşad Həsənov Sputnik Azərbaycan-a deyib ki, Dövlət Xidmətinin əsas funksiyası istehlakçıların keyfiyyətli məhsula çıxışını təmin etmək, yəni onların aldadılmasının qarşısını almaqdır:

"İkincisi isə bazarda formalaşan inhisar meyilləri, kartel sövdələşmələri ilə mübarizənin aparılmasıdır. Bu gün faktiki olaraq bunların hər ikisi bizim bazarda öz əksini tapıb. Bazar iqtisadiyyatında süni qiymət artımı, sui-istifadə, möhtəkir kimi yanaşmaların ortaya qoyulması doğru deyil. Bazar iqtisadiyyatının subyekti istehsal etdiyi mal və xidmətin mülkiyyətçisidir və ona istədiyi qiyməti qoya bilər. Burada yeganə diktəedici bazarın özüdür, yəni tələb və təklif qiymətin optimallaşmasını şərtləndirən mühitdir".
"Burada rəqabətli fəaliyyət mühiti yaradılmalıdır. Hər hansı məhsullar üzrə qiymətlərin yüksəldiyi, əlçatanlığın aşağı düşdüyü hiss edilsə, həmin məhsullar üzrə vergi, rüsum siyasətini liberallaşdırmaq lazımdır. Eyni zamanda təşviq mexanizmlərindən istifadə etməklə bazar oyunçularının sayını artırıb, rəqabəti gücləndirib qiymət artımları ilə mübarizə aparılmalıdır. Sahibkarlıq subyektinə qiymət diktə edilə bilməz", - deyə o qeyd edib.

Onun fikrincə, daha yaxşı olar ki, tənzimlənən qiymətlərin mövcud olduğu bazarlara baxsınlar: "Qiyməti tənzimlənən məhsulu daha yuxarı qiymətə satmaq hüquqi məsuliyyət yaradır. Rəqabət Məcəlləsinin qəbul edilməsi, tətbiqi ilə bağlı prosesi sürətləndirmək istiqamətində addımlar atılmalıdır. Bizdə keyfiyyətsiz məhsullar bazarda, o cümlədən dərman bazarında çoxdur. Eyni zamanda, inhisarçılıq bütün sahələrdə (idxalda, ixracda, pərakəndə ticarət dövriyyəsində və s.) müşahidə olunur".

Azərbaycan Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov isə Sputnik Azərbaycan-a deyib ki, təbii inhisar subyektlərinin təklif etdiyi məhsul və xidmətlər üzrə tariflərin artırılması bütövlükdə istehlak bazarındakı qiymətlərə təsir edəcək:

"Bu istiqamətdə artım labüddür. Bununla yanaşı, süni qiymət artımı meyilləri ola bilər. Ona görə də aidiyyəti qurumlar mütləq şəkildə fəaliyyətə keçməli, ictimai nəzarət gücləndirilməlidir. Bununla yanaşı, keyfiyyət amilində problem yaranmamalıdır. Sahibkarlar tərəfindən əmtəə və xidmətlərin keyfiyyətinin azaldılması yolu ilə qiymətlərin qorunması meyilləri olarsa, bunun qarşısı sərt şəkildə alınmalıdır".
"Eyni zamanda, prioritet əmtəə və xidmətlər qruplarına dövlət tərəfindən qiymətlərin müəyyən edilməsi təcrübəsi Azərbaycanda tətbiq edilməlidir. Bu, məqsədəuyğundur və effektiv yanaşmadır. Bundan çəkinmək lazım deyil", - deyə o qeyd edib.

Ekspert bildirib ki, qiymətlərin formalaşmasında, tariflərin müəyyən edilməsində fiskal yük böyük paya malikdir: "Ona görə də fiskal yük ilə bağlı ciddi struktur dəyişiklikləri olmalıdır ki, daxili bazara yönəlik əmtəə və xidmətlərin fiskal yükü azaldılsın. Yəni, aksizlərin və digər daxili bazarla bağlı olan vergi növlərinin azaldılması və daha çox məhz ixracyönümlü məhsullara (ilk növbədə xammal resursları ilə bağlı olan məhsullara) fiskal yükün artırılması zəruridir. Bu yolla biz daxili istehlak bazarında qiymət artımının, inflyasiya meyllərinin qarşısını effektiv şəkildə ala bilərik".

Conflict.az

  • Sosial şəbəkədə paylaş