Ümid Partiyasının sədri İqbal Ağazadə Rusiya Federasiyasının prezidenti V.Putinə müraciət edib. Müraciətdə deyilir:
- İkinci Qarabağ savaşının aktiv fazası bitmiş hesab oluna bilər. Ən azı hərb meydanında atəşkəsdir. Savaş Qarabağ torpaqlarından masa arxasına daşınıb.
Bu masalar harda qurulacaq?Uzaq ABŞ-da, Avropada, yoxsa Rusiyada?!
Hələlik masanın qurucusu da, başında əyləşən də, tərəflərə diktə edən də Rusiyadır...
Rusiya postsovet ölkələrindən çəkilmək istəmir. Hər vasitə ilə mövcudluğunu qoruyur, özünə bab hakimiyyətlər yaratmağa, alınmayanda isə etnik-milli separatizmi dəstəkləməklə orada olmağa çalışır... Və hələlik bacarır.
Rusiyanı durduran kimsə yoxdur. Bugünlük...
Nə beynəlxalq təzyiqlər, nə də iqtisadi sanksiyalar onu öz imperialist maraqlarından çəkindirə bilmir. Daxildə isə Rusiyanın gələcəyi ilə bağlı əndişə keçirən çox az siyasətçi var. Rusiya demokratları belə təəssüf ki, daxildəki antidemokratik və avtoritar rejimdən şikayətçi olsalar da, ölkələrinin imperialist təfəkküründən, işğalçı və istilaçı siyasətindən qurtulması üçün heç bir cəhd etmirlər. Ya susurlar, ya da “dövlət marağı” deyib bu və ya digər şəkildə dəstək verirlər. “Demokrat” Yeltsin də belə olub, avtoritar Putin də dəyişməyib, Navalnı da bu siyasətə qarşı mövqe ifadə etmir.
Bəlkə doğrudan da dövlət, ölkə marağı belə tələb edir?!
Düşünmürəm...
İstilaçı və imperialist güclər enində-sonunda ölkələrini fəlakətlə üz-üzə qoyublar. Kiməsə tarixdən dərs keçmək, nümunələr sadalamaq istəməzdim. Hamınız kifayət qədər məlumatlısınız, lakin bütün xəyanətkarların taleyi eyni olduğu kimi, imperialist dövlətlərin də gec-tez sonunun başqalarından fərqlənməyəcəyini bilirəm. Rusiya da eynən bu taleyi yaşayacaq. Həm də çox acınacaqlı... Dəyişməsə!
...Qarabağın bugünkü vəziyyəti ilə bağlı yazıma Rusiya Prezidenti Vladimir Vladimiroviç Putinə müraciətlə başlamaq istəyirəm. Çünki əvvəldə də qeyd etdiyim kimi masanı quran da, başında əyləşən də Rusiyadır.
Çox hörmətli Vladimir Vladimiroviç!
Mənim sizi antidemokratiklikdə və avtoritarlıqda günahlandırmaq niyyətim yoxdur.
Təbii ki, sizin idarəetmə prinsiplərinizi və sisteminizi qəbul etməyən biriyəm. Lakin sizi seçmək və ya hakimiyyətdən uzaqlaşdırmaq müstəsna hüquq kimi Rusiya xalqına məxsusdur. Uzun illər eyni bölgədə yaşadığımız üçün Rusiya siyasətini yaxından təqib edirəm.
Həmçinin Azərbaycanda hakimiyyətə iddialı bir partiyanın – Ümid Partiyasının sədriyəm.
Təbii ki, yaxın və böyük qonşumuz Rusiyada cərəyan edən hadisələr həmişə maraq dairəmizdədir və baş verənləri həssaslıqla izləyirik.
Ölkədaxili məsələlərinizə qarışmaq niyyətindən çox uzağam, nə ucsuz-bucaqsız Sibirdə yaşayan insanların həyat şəraitindən, nə ölkənizdəki antidemokratik seçkilərdən, nə insan haqlarının pozulmasından, nə də ac-yalavac təqaüdçülərdən yazacağam. Heç Navalnının zəhərlənməsi də mənim sizə ünvanlayacağım məktubun qayəsini təşkil etməyəcək. Bu məndən çox Rusiya xalqının düşünməli olduğu məsələdir.
Lakin elə həssas və incə maraqlar var ki, onlar haqda mütləq yazacağam, cənab Putin!
Görəsən heç ömrünüzdə bircə dəfə ətrafınızda sizinlə qonşu olan dövlətlərin sizi sevmədiyinin – şəxsinizi deyil, Rusiyanı – fərqində olmusunuzmu?
Bircə dəfə düşündünüzmü 70 il sizinlə bir sistemdə və ölkədə yaşayan pribaltikalılar, moldovanlar, ukraynalılar, beloruslar, gürcülər, azərbaycanlılar, ermənilər, orta asiyalılar niyə Rusiya dövlətinə (Rus xalqına deyil) bu qədər qəzəb və nifrətlə baxırlar?
Heç fərqindəsinizmi sovet quruluşunda sizinlə eyni ideolojini bölüşən Şərqi Avropa xalqları, əfqanlar, kubalılar, vyetnamlılar, əksər ərəb ölkələrinin vətəndaşları sizə dəhşətli antipatik münasibət bəsləyirlər?
Düşünüb də qəbullana bilirsinizmi?
Mən hələ sizlərlə SSRİ dövründən düşmən münasibətdə olan ölkələri və onların xalqlarını demirəm! İddia edə bilərsiniz ki, bu ölkələrlə uzun illərin ideoloji savaşı bizləri düşmən edib.
Bəs sizlərlə bir yerdə olanlar?
Deyək ki, bizlər də sizdən ayrılmışıq, indi bu ayrılıq aramıza düşmənçilik və nifaq toxumu səpib, bəs ölkənizdə yaşayan xalqların Rusiyaya olan münasibətindən xəbəriniz yoxdurmu?
Doğrudanmı elə güman edirsiniz ki, çeçen xalqı tarixdə olanları unudub? Və bu gün dövlətinizin idarəetmə forma və üsullarına görə susan çeçenlər heç vaxt bir daha sizlərə qarşı içində olan kin və küdurəti büruzə verməyəcək?
Ya Tatarıstan?
Son bir ildə tatar xalqının dil uğrunda mübarizəsi sizlərə heç nə demirmi?
Axı haqqı verilməyən və əzilən insanlar psixoloji cəhətdən həmişə savaşa hazır olanlardır.
Sadəcə fürsət gözləyirlər...
Ya heçmi narahat olmadınız ki, bir gün bir milyonluq osetin xalqı sizlərə sual ünvanlayacaq ki, nədən 140 minlik həmyerlilərimizə - Cənubi Osetiyaya – müstəqillik verən Rusiya bizim azad dövlət olmağımızı istəmir?
Yoxsa başqırd, altay, xakas, tuva, qaraçay, çərkəz, inquş, avar, kumık, noqay, saxa, ləzgi, udmurt, dargin sonsuza qədər susacaqmı?
Susardı...
Əgər sizlər daxildə azad, demokratik, firavan Rusiya yaratmış olsaydınız. Eynən demokratik və azad ölkələrdəki kimi...
Lakin Rusiya idarəetməsinin mahiyyət və reallıqları mütləq o xalqları da bir gün yerindən oynadacaq, içəridə təlatümlər olacaq. Bəlkə sizin dövrünüzdə olmayacaq, amma inanıram ki, hər birimiz ölkəmizin gələcəyini yaşadığımız qısa ömrün tarixi qədər görmürük.
Dünən bütün Moldovada olan Rusiya bu gün Prednestrovyadadır, həm də bu dövlətin etirazına rəğmən. Bir gün burdan da çəkiləcəksiniz, müzakirəsiz və mübahisəsiz. Lakin orda yaşayan ruslar üçün də problem qoyub gedəcəksiniz, onlar sizə sığınıb, güvənib separatçılıq etdiyinə görə mütləq bir ayağı qaçaraq, bir gözü qıpıq olacaq.
Ukrayna, Gürcüstan, Azərbaycan da elə.
İndi Azərbaycandasınız, cənab Putin, sülhməramlı adı ilə.
Heç Rusiyanın nə vaxtsa sülhdən yana olduğunu xatırlayırsınızmı?
Burda da sülh üçün deyilsiniz.
Güc olduğunuzu bu şəkildə bizlərə də, çevrə dövlətlərinə də isbatlamaq niyyətindəsiniz. Hələlik alınır. Amma hələlik...
Gəldiyiniz gündən birtərəfli siyasətinizlə Azərbaycan cəmiyyətində qəzəb və nifaq yaratmağa başlamısınız.
Gəlişinizin hansı məcburiyyətdən olduğunu hamımız gözəl bilirik - bütün azərbaycanlılar.
Amma bircə dəfə də olsa, şansınızı yoxlayın. Bəlkə doğrudan da sülhməramlı ola bilərsiniz?!
BMT-nin bizi tanıdığı sərhədlər çərçivəsində hüququmuza hörmət etməklə, erməni separatçılığına dəstək verməməklə könlümüzdə ayrı bir Rusiya yarada bilərsiniz?
Heçmi düşünmürsünüz ki, 70 min erməniyə dövlət yaratmağa çalışan, həm də başqa bir ölkənin ərazisində, etnik separatizmi dəstəkləyən Rusiyada neçə Dağlıq Qarabağ ola bilər? Çeçenistan, Tatarıstan, Başqırdıstan, Osetiya, İnquşetiya, Dağıstan, Tuva, Xakasiya, Saxa və s. saymaqla bitmir.
Niyə bu tipli problemlərə ədalətli yanaşmanızla gələcəkdə ölkənizdə törəyəcək fəsadları indidən əngəlləməyə çalışmırsınız?
Dağlıq Qarabağda quruculuq işləri görürsünüz - modul xəstəxanalar tikir, şəhərciklər salmağa çalışırsınız.
Azərbaycanın erməni əsilli vətəndaşlarını himayə etməklə sevgi qazanacağınızı zənn edirsiniz.
Heç düşünmədinizmi ömründə həkim üzü görməyən nə qədər rayon və əyalətləriniz var? O modul xəstəxanaları Sibirin uzaq kəndlərində qurub da öz insanınıza sahib çıxsanız, ölkənizin və şəxsinizin nüfuzu nə qədər artar?
İnqilabdan sonra Rusiyada tikilmiş taxta evlərin sayı barədə məlumatınız varmı? Hələ onların bir dəfə təmir edilmədiyinin fərqindəsinizmi? Soyuq qış aylarında qar altından bircə qapısı görünən bu evlər də sizin vətəninizdədir, cənab Putin!
Nədən Azərbaycan torpağında ev tikmək istəyən Rusiya öz vətəndaşlarının bu acınacaqlı mənzil şəraitini dəyişdirməyi düşünmür?
Niyyətiniz xoşdursa, darda qalana kömək etmək, evsiz qalanı evlə təmin etmək istəyirsinizsə, Rusiyadan başlamaq doğru olmazmı?
Qarabağla bağlı bəyanatınızda dəfələrlə vurğuladınız ki, biz qanı durdurduq, insanların, gənclərin ölməsini əngəllədik.
Missiya o qədər ülvi və gözəldir ki...
Lakin ərazinizin bir qismində, həm də ucsuz-bucaqsız ərazinizdə bir xalq, etnik qrup Rusiyadan ayrılmaq istəsə, ermənilər kimi separatçılıq etsə, ya Rusiyadan ayrılmaq, Çinə, Qazaxıstana, yaxud da Ukraynaya birləşmək istəsə, eyni “humanistlik”lə yanaşardınızmı?
Birdən Azərbaycan Dərbəndi sizdən geri almaq istəsə, hansı reaksiyanı verərsiniz?! Axı Dərbənd əhalisinin çoxu azərbaycanlılardır, həm də 1813-cü ildə “Gülüstan” müqaviləsi ilə Rusiyanın tərkibinə verilib.
Siz heç Kuril adalarını Yaponiyaya, Kalininqradı Almaniyaya, Krımı Ukraynaya qaytarmağı düşünmədiniz.
Bunlar bir yana...
Prednestrovya, Şərqi Ukrayna, Abxaziya, Cənubi Osetiya, indi də Qarabağ sizə görə BMT-nin ərazisi kimi tanıdığı dövlətlərə məxsus deyil.
Siz hələ Qazaxıstanın ərazilərinə iddia edirsiniz. Bütün bunların fonunda mən sizin ədalətinizə və sülhpərvərliyinizə necə etimad edim?
Necə inanım ki, siz gənclərin ölümünü istəmirsiniz?
Ölkənizdəki çətin iqtisadi durumdan dolayı Suriyada, Liviyada və yuxarıda qeyd etdiyim ərazilərdə ölən rus gəncləri bəşərə və insanlığa dinclik və əmin-amanlıq gətirmək üçün qurban gedirlərmi?
Dağlıq Qarabağda minaya düşərək həlak olan rus əsgərin anasının, doğmasının gözünün içinə necə baxdınız? Onların ölümünü necə əsaslandıra bildiniz? Dediniz ki, biz Ermənistan-Azərbaycan cəbhəsinə sülh gətirmək üçün övladlarınızı fəda edirik? Sizcə sadə rus xalqı buna inanırmı?
Əminəm ki, siz də bu sualların cavabını öz içinizdə bilirsiniz.
XXI əsrdə yaşayırıq.
Dünya başqa platformalarda uzlaşmağa çalışır.
Hələlik keçmiş sovet respublikaları rus xalqını düşmən bilmir, amma Rusiya iqtidarını ya düşmən, ya da təhlükə hesab edirlər.
Dəyişmək sizin əlinizdədir...
Ukrayna xalqını itirdiniz, o xalq bir daha sizlərlə bir yerdə olmağı arzulamayacaq.
Moldova və Gürcüstanı çoxdan itirmisiniz, bu ölkələrin vətəndaşları sizləri işğalçı kimi tanıyır.
Əmin olun, cənab Putin, II Qarabağ savaşında Ermənistan və Azərbaycanı da itirdiniz. Nə Ermənistanda, nə də Azərbaycanda kimsə Rusiyaya etimad etmir. Eynən digər postsovet ölkələrindəki kimi.
Çətin də olsa, obyektiv olun. Savaş yaratmaqla deyil, qanunlara riayət etməklə dövlətləri və xalqları qazanmağa çalışın.
Sizdən hüququmuzu istəmirik, bircə dəfə obyektiv olmanızı istəyirik, yalançı sülhməramlılıq yox, gerçəkdən iki savaşan tərəfi barışdıran qonşuluq gözləyirik.
Etməyəcəyinizə təəssüf ki, əminəm.
Amma bu bizdən çox sizləri qorxutmalıdır. Biz imperiyaların çöküşünü çox oxumuşuq. İmperiya xislətiniz Rusiyanı təhdid edir.
Qarabağı həmişəlik itirəcəyimizi düşünməyin, lakin bu münasibətinizlə sizi həmişəlik itirəcəyik. Həm də biz yox, bütün postsovet ölkələri...
Bir gün Rusiyanın təkəri tərsinə fırlananda sizin bütün qonşular – keçmiş postsovet ölkələri – düşmənlərinizə dəstək verəcək.
Deməyin ki, olmayacaq...
Dostlarınız sırasında Pribaltika, Ukrayna, Moldova, Gürcüstan yoxdur artıq.
Azərbaycan və Ermənistan, o cümlədən Belarus da bu yoldadır.
Orta Asiya Respublikaları isə ilk fürsətdəcə üzünü çevirəcək. Heç bir güc sonsuza qədər davam edə bilməz.
Dost olmağımız üçün çox səbəblər var – ortaq tarix, xalqlarımızın yaxınlığı, dil bağlılığı, mədəniyyət, iqtisadi əlaqələr və s.
Düşmən olmağımız üçün tək səbəb isə sizin qeyri-obyektivliyiniz (Rusiyanın) və imperialist siyasətinizdir.
Təəssüf ki, siz də tək səbəbi seçirsiniz, az qala 300 ildir.
Bəlkə dəyişəsiniz? 300 illik siyasətin sizə uğur gətirmədiyinə bir də başqa pəncərədən baxasınız?
İqtisadiyyatınız, səhiyyəniz, təhsiliniz, sosial vəziyyətiniz, hətta güvəndiyiniz hərbi gücünüz dünyanın inkişaf etmiş ölkələrindən nə qədər geridə qalır?!
Mən inanıram ki, bu statistikanı siz hamıdan gözəl bilirsiniz.
İstərdim ki, qonşumuz olan Rusiyanı mən də sevə bilim, xalqlar sizlərə qorxu və təlaşla deyil, sevgi ilə baxa bilsin.
Bayrağınızın dalğalandığı yerdə həmişə qan, ölüm, müharibə təhlükəsi hiss etməyək, o bayrağın sülh gətirəcəyinə içimizdə inanaq, güvənək, qonşu kimi, böyük dövlət kimi.
Bu mənim arzularımdır...
Bəs sizin?!
Sonda...
#Qarabağ Azərbaycandır!
Bu həqiqəti heç kim, heç vaxt dəyişə bilməyəcək. Nə separatçı ermənilər, nə himayədarları, nə də “sülhməramlı” adı ilə Rusiya qoşunları...
Çox istərdik ki, Qarabağda olduğunuz müddətdə obyektiv yanaşmanızla bizə, Azərbaycan xalqına Rus Qoşunlarının 20 Yanvarda, Xocalıda, küllü Qarabağda törətdiklərini unutdurasınız, regionda sülhün və qanunların bərqərar olmasına töhvə verəsiniz.
Hələlik bunu görmürük...
Bizi sizlərə - Rusiyaya “hələlik” deməyə məcbur edən siyasət yürüdürsünüz.
Ya yaxşı qonşu olun, ya gedin!
Bizim qədim atalar sözümüz var: “Yaxşı qonşu uzaq qohumdan yaxşıdır”.
Amma yaxşı qonşu...
Təəssüf ki, siz hələlik yaxşı qonşu deyilsiniz.
Yaxşı qonşu olmaq ÜMİDİLƏ!