“İndi əsas məsələ əhalinin işğaldan azad olunmuş ərazilərdə məskunlaşmasıdır”.
Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycanın Vətən Müharibəsindən sonra yaranmış vəziyyətdə atmalı olduğu addımları dəyərləndirən hərbi ekspert Tərlan Eyvazov deyib.
Tərlan Eyvazov bildirib ki, artıq Ermənistan siyasi dairələri də, xalqı da yaranmış reallığı qəbul etməkdən başqa yolun olmadığını anlayır:
“Ermənistanda bəzi siyasilər müxtəlif bəyanatlar verərək, nəyəsə ümid edirlər. Ancaq əsas məsələ odur ki, Azərbaycanın qələbəsi danılmaz faktdır. Təbii ki, Rusiya böyük dövlət olaraq, bu prosesə qoşulmalı idi. Bir çoxlarının dediyi kimi Rusiyanın Qarabağda olan 2 min əsgəri işğalçı qüvvə yox, sülhməramlı missiyanı yerinə yetirməli olan kontingentdir.
Azərbaycan Dövlət Sərhəd Xidmətinin işinə baxsaq, onların fəaliyyətində neqativ yön tapmaq demək olar, mümkün deyil. DSX qarşısına qoyulan tapşırıqları yüksək səviyyədə yerinə yetirir. Bir dəfə də eşitməmişik ki, Rusiya hərbçiləri ilə DSX arasında hansısa bir anlaşılmazlıq olsun. Hər bir iş ortaya qoyulan sənədlər əsasında həllini tapır, sərhəd dəqiqləşdirilməsi aparılır. Azərbaycanın Sovet dövründən qəbul olunan sərhədləri tam şəkildə bərpa edilir.
Bəziləri deyir ki, bu, niyə tez baş vermir? 30 ilə yaxındır, sərhədlərin dəqiqləşdirilməsi aparılsa da, Gürcüstanla aramızda olan sərhədlərin hələ cəmi 60 faizi razılaşdırılıb. Söhbət min km-ə yaxın məsafədən gedir. Bunu başa düşmək lazımdır. Elə ev olur ki, yarısı Azərbaycan, yarısı isə Ermənistan tərəfə düşür, Azərbaycan belə hallarda qətiyyən güzəştə getmir.
Laçın dəhlizinə gəldikdə, o, adi yol deyil. Həmin dəhlizdə çox sayda soydaşımız, hətta vaxtilə sovet zabitləri də ermənilər tərəfindən öldürülüb. Dəhlizlə əlaqədar hamını narazı salan məsələlərdən biri də oradan erməni terrorçularının Qarabağa keçməsidir. Burada heç kimi yox, öz cavabdeh qurumlarımızı günahlandırıram. Digər dövlət qurumları da öz funksiyalarını DSX kimi yerinə yetirsələr, belə hallar yaranmaz.
İndi əsas məsələ əhalinin işğaldan azad olunmuş ərazilərdə məskunlaşmasıdır. Bunun üçün səbirli olmalıyıq. Əgər bu gün Kəlbəcərə Ağdərə yolundan gedə bilmiriksə, bu, bizim aidiyyatı qurumların günahıdır. Bu məsələni qısa müddətdə həll etmək olardı”.
Tərlan Eyvazov Rusiya ilə Türkiyənin Qarabağda sülhyaratma prosesində birgə iştirakına da toxunub:
“Görünən budur ki, Minsk qrupunun digər iki həmsədri qalıb kənarda, Rusiya isə yaranmış vəziyyətdə məsuliyyəti öz üzərinə götürməklə, mövqeyini gücləndirməyə çalışır. Bu da təbiidir. Eyni zamanda, Rusiya istəsə də, istəməsə də, Qarabağda sülhyaratma prosesində Türkiyə ilə əməkdaşlıq edir”.
Conflict.az