Səudiyyə Ərəbistanı OPEC + ölkələrinin iqtisadiyyatını dəstəkləmək üçün fevral və mart aylarında gündəlik neft hasilatını 1 milyon barel azaltmağa könüllü qərar verib.
Bunu Səudiyyə Ərəbistanının enerji naziri Əbdüləziz bin Salman açıqlayıb.
Nazir mətbuat konfransında enerji bazarlarını dəstəkləməyin vacibliyinə diqqət çəkib.
OPEC + üzvləri arasında tədarükün mövcud səviyyəsində saxlanılması və ya tədarükün 500 min barelə çatdırılması variantları arasında fikir ayrılığı olduğu üçün Səudiyyə Ərəbistanı belə bir sürpriz qərar verib.
Qərar neft hasilatını artırmaq istəyən üzvlər üçün marj təmin etsə də, bu həm də krallığın neft istehsal edən ölkələrlə koordinasiyalı tədarük azaltma siyasətinə dönüşü deməkdir.
Səudiyyənin könüllü kəsintiyə getməsindən sonra OPEC + qrupunun gündəlik istehsal kəsintiləri fevral ayında 8 milyon 125 min barel, mart ayında isə 8 milyon 50 min barel olacaq.
Rusiya baş nazirinin müavini Aleksandr Novak Səudiyyənin bu addımını "neft sənayesinə Yeni il hədiyyəsi" olaraq xarakterizə edib.
Qeyd edək ki, 2020-ci il dekabrın 3-də OPEC + üzvü olan ölkələrin enerji və neft nazirlərinin 12-ci toplantısı keçirildi. Razılaşma çərçivəsində alyans tərəfindən 2021-ci ilin əvvəlindən etibarən gündəlik neft hasilatı həcminin 500 min barel artırılmasına və hasilatın gündəlik kəsintisinin 7,2 milyon barel səviyyəsində saxlanılmasına qərar verilib.
Qrup bu ilin birinci rübündə hər ay bazar şərtlərini qiymətləndirmək və növbəti ay üçün istehsalı gündəlik 500 min bareldən çox olmayan artırmaq üçün müntəzəm olaraq toplanmağa qərar verib.
Conflict.az