Sizin reklam burada
Sizin reklam burada

İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ YAŞIL ENERJİ ZONASININ YARADILMASININ PRESPEKTİVLƏRİ

İŞĞALDAN AZAD EDİLMİŞ ƏRAZİLƏRDƏ  YAŞIL ENERJİ ZONASININ YARADILMASININ PRESPEKTİVLƏRİ
Qarabağın yaşıl enerji zonasına çevrilməsi müasir dövrün aktual problemlərindəndir. Respublikamız bərpa olunan enerji mənbələri üzrə yüksək potensiala malikdir. Alternativ enerji mənbələri içərisində ən əlverişlisi sayılan günəş enerjisindən istifadə etməyin müəyyən müsbət, mənfi cəhətləri, termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyü, külək enerjisindən istifadə edilməsinin sürətli inkişafı, dünyada elektrik istehsalında istifadə edilə biləcək dalğa enerji potensialı tədqiq edilmiş, o cümlədən Qarabağda yaşıl enerji zonasının yaradılması prioritet istiqamət olaraq təhlil olunmuşdur. 2004-cü ildə “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nın qəbul edilməsi bərpa olunan enerji mənbələrinin istifadəsində əsaslı dəyişikliklərin həyata keçirilməsinə və bu sahədə potensialın dəyərləndirilməsinə geniş imkanlar yaratdı. Qeyd etmək lazımdır ki, 2009-cu ildən başlayaraq ölkə rəhbərliyi tərəfindən bu sahədə qəbul edilmiş qərarlar, milli enerji təhlükəsizliyinin genişləndirilməsində alternativ, bərpa olunan enerji istehsalının artırılması əhəmiyyət kəsb edir. Yeni enerji mənbələrinin aşkara çıxarılması və istifadəsi bəşəriyyətin qarşısında duran ən aktual məsələlərdən biridir. Respublikamızda da bu istiqamətdə davamlı tədqiqatlar aparılır. Belə ki, Qarabağın yaxın gələcəkdə yaşıl enerji zonasına çevrilməsi məqsədilə işğaldan azad edilmiş ərazilər üzrə 6 rayonda - Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Laçın və Kəlbəcərdə Günəş Elektrik Stansiyalarının tikintisi üçün 8 perspektiv ərazi müəyyən edilmişdir. Qarabağın bərpaolunan enerji istehsalı üçün potensialı böyükdür. Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə Qarabağın cənub düzənlik hissəsi - Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdədir. Alternativ enerji mənbələri içərisində ən əlverişlisi Günəş enerjisidir. Çünki digər alternativ enerji mənbələrinin hamısı müəyyən dərəcədə bəzi şərtlərdən asılıdır və sabit deyildir. Günəş enerjisi isə mütləq olaraq yerüstü amillərdən asılı deyildir və ondan Yer kürəsinin hər yerində istifadə etmək mümkündür. Günəş enerjisinin alınması üçün tükənməz mənbə olub, ekoloji cəhətdən təmizdir və onun əsasında qurulmuş energetika perspektivli sahədir. Günəş sabiti adlandırılan kəmiyyətdən istifadə etməklə Yer kürəsinin Günəşdən aldığı enerji qiymətləndirilir. Bütün bunları nəzərə alaraq demək olar ki, günəş enerjisi yenilənən və bərpa olunandır. Günəş enerjisi yer kürısinin hər yerində və kosmosda istifadə oluna bilən yeganə alternativsiz enerji mənbəyidir. Enerji təminatı mərkəzlərinə qoşulmaq mümkün olmayan hər yerdə Günəş enerjisindən ən müxtəlif məqsədlər üçün istifadə olunur. Yer kürəsinin günəşdən aldığı enerjinin miqdarı dünyadakı bütün neft, qaz, kömür ehtiyatları və digər enerji resurslarının ümumi miqdarından artıqdır. İslandiya, Danimarka və ABŞ-ın bəzi ştatlarında alternativ enerji istehsalında üstünlük geotermal mənbələrə verilir. Norveçdə, əsasən, kiçik gücə malik hidroenergetik qurğulardan istifadə edilir. Cənub regionlarda günəş batareyalarından, düzən ərazilərdə isə külək elektro-stansiyalarından istifadə edilir.
Qarabağda külək enerjisi istehsal etmək mümkün olacaq. Belə ki, regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənistanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilikdə, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300-500 meqavat kimi qiymətləndirilir. Bütün bunlardan başqa, Kəlbəcərdə və Şuşada termal su ehtiyatları var. Termal mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyünü tədqiq etmək qarşıda duran vəzifələrdən biridir. Qarabağ bölgəsində daş kömür yataqları mövcuddur. Belə ki, Tərtər rayonunun Çardaqlı kəndi 8,5 milyon ton daş kömür ehtiyatına malikdir və bütün bu mənbələr işğaldan azad olunmuş rayonlarımızda yeni enerji layihələrini həyata keçirməyə imkan verir. Bu baxımdan həmin istiqamətdə genişmiqyaslı işlər nəzərdə tutulub və onlar ardıcıllıqla yerinə yetirilir. Külək enerjisindən istifadə edilməsində də sürətli bir inkişaf var. Aparılan araşdırmalar və elmi tədqiqatlar ölkəmizin bu sahədə böyük potensiala sahib olduğunu göstərir. Almaniya, Danimarka və İspaniya külək enerjisindən istifadə edən ölkələrdəndir. Almaniya dünya ölkələri arasında qabaqcıl yer tutur və ölkədə “Bərpa olunan enerji haqqında” qanunun qəbul edilməsi bu sahənin inkişafı üçün şərait yaratmışdır. Hazırda orda külək enerji qurğularının istehsalı, quraşdırılması və istismarı sahəsində 35 mindən çox işçi çalışır. Danimarka elektrik enerjisinin 40%-ni külək turbinləri vasitəsilə istehsal etməyə başlayıb. Böyük Britaniyanın böyük külək enerjisi potensialı vardır və küləkdən alınan enerji qiymətinin aşağı salınması üçün bəzi tədbirlər görülməkdədir. Belə ki, 2020-ci ilin göstəricilərinə əsasən söyləmək olar ki, Azərbaycanda istensal edilən elektrik enerjisinin 94,5 %-i istilik elektrik stansiyalarında, 4,1%-i su elektrik stansiyalarında, 1,33%-i isə külək və günəş elektrik stansiyalarında və məişət tullantılarının yandırılması zavodunda istehsal edilib. Qarabağ bölgəsində Günəş enerjisi əsasən, Kəlbəcər, Laçın, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli rayonlarında, külək enerjisi isə Laçın və Kəlbəcər rayonlarında daha çox qiymətləndirilir. Günəş enerjisi çeviricilərinin və günəş enerjisi ilə işləyən qurğuların ətraf mühitə zərərli təsirləri praktiki olaraq yoxdur və ya cüzi dərəcədədir. Tətbiq sahələrinin genişliyinə nəzərən demək olar ki, günəş enerjisi yer kürəsinin hər yerində və kosmosda istifadə oluna bilən yeganə alternativsiz enerji mənbəyidir. Yaxın gələcəkdə dünyada istehsal olunan elektrik enerjisinin əhəmiyyətli bir hissəsinin günəş energetikasının payına düşəcəyini nəzərə alaraq bu sahədə tədqiqatların aparılması böyük əhəmiyyət kəsb edir. Günəş tükənməz enerji, istilik mənbəyidir və ekoloji cəhətdən də ən təmiz, sərfəli hesab edilir. Aparılan araşdırmalar da göstərir ki, dünya təcrübəsindən yararlanaraq alternativ enerji mənbələrindən istifadə etməklə prioritet istiqamət kimi Qarabağın yaşıl enerji zonasına çevrilməsi reallaşar və onun üçün ən müasir texnologiyaların əsasında quraşdırılan elektrik stansiyalarının “ağıllı şəbəkə” sistemi ilə idarə olunması da həllini tapar. Müasir dövrün ən aktual məsələsi olaraq yaşıl enerji məkanı prinsiplərinə əsaslanan bərpa olunan enerjidən iqtisadiyyatın bütün sahələrində tətbiqi ilə ölkəmizin enerji potensialından istifadənin səmərəliliyi artırmaq, yeni mənbələrin yaradılması hesabına Qarabağın bərpa olunan enerji sektorunun inkişafı sayəsində regionda əlavə iş yerlərinin yaranmasını təmin etmək mümkündür. Hesablamalara görə müəyyən edilmişdir ki, bəşəriyyət 2040-cı ildə bugünkü enerji istifadəsindən 56% daha çox enerji tələb edəcəkdir. Bu isə bərpa olunan enerji mənbələrinin vacibliyini bir daha ortaya çıxarır. Hal-hazırda Qarabağda yaşıl enerji zonasının yaradılması prioritet istiqamət götürüldüyündən orada alternativ enerji avadanlıqları və qurğuları istehsal edilərək dayanıqlı iqtisadi inkişafa nail olmaq olar. Belə ki, istehsal ediləcək həmin müasir standartlara cavab verən innovativ alternativ enerji qurğuları qonşu ölkələrə ixrac edilərək ölkəmizin ixrac potensialını da artırar.
Məqalə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilən “Qarabağın quruculuğunda iştiraka təşviq” layihəsi çərçivəsində hazırlanmışdır. Məqalədə əks olunan fikir və mülahizələr müəllifə aiddir və Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin mövqeyini əks etdirməyə bilər.

Qasım Həsənov
Sosial Tərəqqinin Dəstəklənməsi İctimai Birliyinin sədri


Conflict.az

  • Sosial şəbəkədə paylaş