“Fransa vətəndaşının əsassız olaraq tutulduğu barədə Fransanın Avropa və Xarici İşlər Nazirliyinin iddialarının heç bir əsası yoxdur. Bu əsassız bəyanat reallığın təhrif olunması, Azərbaycanın daxili işlərinə və qanuni təhqiqat prosesinə növbəti müdaxilə cəhdidir”.
Bu fikirlər Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Fransa vətəndaşının tutulması ilə əlaqədar Azərbaycan əleyhinə açıqlaması ilə bağlı yerli mətbuatın sualına cavabında yer alıb.
O bildirib ki, Fransa Respublikasının vətəndaşı Martin Rayan 4 dekabr tarixində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 276-cı maddəsində (casusluq) nəzərdə tutulmuş əməlin törədilməsində şübhəli bilinərək tutulub. Daha sonra, onun barəsində məhkəmə qərarı ilə 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib:
“Azərbaycan tərəfi sözügedən Fransa vətəndaşı barəsində tədbirlər görərkən milli qanunvericiliyə və beynəlxalq öhdəliklərə tam olaraq əməl edib. Şübhəli bilinən şəxs tutulandan etibarən Fransa səfirliyinin konsulluq əməkdaşları ona bir neçə dəfə baş çəkib və onlar cinayət işindən tam məlumatlıdırlar.
Bundan əlavə, Azərbaycan Xarici İşlər Nazirliyinin qeyd edilən şəxsin Fransa səfirliyinin iki əməkdaşı ilə işbirliyi ilə bağlı məsələnin araşdırılması məqsədilə Fransanın Azərbaycandakı səfirliyinə verbal nota ünvanlamasına baxmayaraq, Fransa tərəfi hər hansı bir izahat verməkdən və istintaqla əməkdaşlıqdan imtina edib. Bununla əlaqədar, səfirliyin bu iki əməkdaşı Azərbaycan tərəfindən arzuolunmaz şəxs elan edilib.
Biz bir daha, Fransa tərəfini Azərbaycanın daxili işlərinə və qeyd olunan təhqiqat tədbirlərinə müdaxiləni dayandırmağa şiddətlə çağırırıq”.
Conflict.az