“Nar”, 17 dekabr tarixində keçirilən “Caspian Business Awards 2021” mükafatlandırma mərasimində “İlin mobil operatoru” adına layiq görülüb. Seçim prosesində mobil operatorun ilboyu uğurla davam etdirdiyi müştəriyönümlülük strategiyası, müxtəlif kanallar üzərindən göstərilən yüksəkkeyfiyyətli müştəri xidmətləri və illik müsbət inkişaf göstəriciləri kimi mühüm faktorlar nəzərə alınıb.
Qeyd edək ki, mobil operator ötən hesabat dövründə abunəçi bazasında 5% artıma nail olub, həmçinin yüksəkkeyfiyyətli mobil internet xidməti sayəsində 4G istifadəçilərinin sayında 23% irəliləmə qeydə alıb. Bundan başqa, mühüm sosial əhəmiyyət kəsb edən layihələri ilə seçilən “Nar”, daha çox Vətən müharibəsi iştirakçılarına, şəhid ailələrinə dəstək istiqamətində yönəlmiş layihələr də daxil olmaqla, son üç ildə sosial fəaliyyətlərə ümumilikdə, 3 milyon manatadək investisiya ayırıb.
“2021-ci il bizim üçün abunəçilərimizə fərdiləşdirilmiş məhsullar təqdim etdiyimiz, müştərilərimizlə yenilənmiş xidmət mərkəzlərində görüşdüyümüz, sosial layihəri uğurla davam etdirdiyimiz bir il olaraq yadda qaldı. Bugün bu mükafata layiq görülməyimiz mobil operator olaraq fəaliyyətimizin düzgün istiqamətdə qurulmasının göstəricisidir. Növbəti ildə də abunəçilərimizə vəd etdiyimiz üstün xidmət dəyərini qorumaq üçün böyük əzmlə çalışacağıq”, - deyə “Nar”ın Baş icraçı direktoru Qunnar Panke bildirib.
Bildirək ki, mükafatın təsisçisi “Caspian Energy Club”un əsas məqsədi Azərbaycanda və “Caspian Energy Club”un fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılması, həmçinin B2G, B2B və B2C formatlarında dialoqların stimullaşdırılması və onlarda fəal iştirak etməkdən ibarətdir.
Conflict.az