Qazilər kimdir? Şərəfli ömür yaşayan bu insanlar barədə suala dolğun cavab axtarışı zamanı fikirlər haçalandı. Kimi bu müqəddəs sözü dinlə, inancla bağladı, kimi məğlub ölkənin əsgərinə “qazi” adı yaraşmır dedi. Fikirləşdim ki, bunu səngər, qan-qada qoxusu duyanlar, görənlər, ölümlə, itki ilə nəfəs-nəfəsə dayananlar mükəmməl bilər.
Qazi-şair Rəfail Tağızadənin Vətən, torpaq, həsrət, nisgil, səngər, qan qoxulu şeir və poemalarından bəhrələnərək bildim ki, qazilər “sərhədlərə bölünmüş məmləkətin” əzəli sərhədlərini bərpa edənlərdi, Vətəni müqəddəs qanı ilə suvarıb azadlıq, bütövlük toxumunu azad edilmiş yurd yerlərində yenidən səpib göyərdənlərdi, “məğlub vətəndaş adından” utanmaqdan canımızı qurtaranlardı, doğma yerlərə hər birimizi “həbsxanada dəmir barmaqlıqlar arasındakı balana baxan kimi baxmaq” dustaqlığından azadlığa qovuşduranlardı, Vətənin içindəki səngərləri dağıdıb səngərin o üzünü də yenidən Vətən torpağına çevirənlərdi, qisası qiyamətə saxlamayanlardı, “qaçqın qəbristanlığındakı nigaran və narahat ruhları sevindirənlərdi, “hər ölən əsgərlə ölsə də sol böyrü üstə yata bilməyən” dirilərdi, “mənzilə çatmayan vaqonları, vaqonların altındakı beşikdə böyüyən uşaqları” dünyaya göz açdığı duracağa – əsirlikdən canını qurtarmış el-obaya aparan Simurq, Səməndər quşlarıdı, azadlığı qandan, ölümdən keçən ”Vətənin sərhəd keşikçiləridi, sərhəddə dayanan sıra dağların əzəmətli zirvələridi, üstümüzdəki qanlı ləkəni təmizləyənlərdi, “torpağın tacı Vətənin” məğrur başlarıdı, “qılınclarımızı qında çürüməyə, ocaqlarımızı sönməyə” qoymayan Babəklərdi, Poladlardı, Prometeylərdi.
Qazilər Vətənlə təndi, artıq müzəffər, qalib Vətənin müqəddəs savaşının ərənləridir. Onlar qanı-canıyla bu haqqı qazanan Vətən oğullarıdır.
Rəfail Tağızadənin “Qarabağ qazisi haqqında ballada” poeması elə bir ağrı ilə başlayır ki, bu ağrı qan və gen yaddaşımızdır:
Məni məndən alan torpaq,
səndə bir ayağım qalıb.
Söykənməyə divarım yox,
səndə son dayağım qalıb.
Əlim qalxmır görüşməyə
üzünü görə bilmirəm.
Qoltuğumda ayaqlarım
dizimi görə bilmirəm.
“Ağrılı toy” bənzətməm qəribə səslənir, bilirəm. Toy şadlıqdı, sevincdi, bayramdı, bəs ağrı hardandı? Rəfail müəllim bir qazi toyunu təsvir edir. Bu toyda sevinclə kədər, təbəssümlə ağrı qolboyundur. “Dost toyunda bir qazi bir el havasına oynaya bilmir”. Toy düşüncələri acı ilə şirinin arasında azır. Toydakıların fikri və gözləri döyüş yollarındadı:
Olmasa da qollarım
atmağa güllələri.
Mərmiləri kürəkdə,
belimdə daşıyaram.
Daha gücüm çatmasa
partladıb minaları
dağların sinəsindən
sizə yollar açaram.
Mən bunu bacararam.
Qarabağda qazi toyunu gözünüzün önünə gətirin. Bu toyun o tayında “qazinin tək qalan qıçı oynayır”, “qollar rəqs eləyir, qıç təpik çalır, bir pəncə ortadan çıxmaq istəmir”. Bu toyda
Yerində oynayan süzənindən çox,
yerdən təbrik edən gəzənindən çox,
saqqallı gələni bəzənəndən çox...
... Başları üstündə qoltuq ağacı,
yellənir boş, qıçsız şalvar balağı...
... Tək əl ovcun döyür çəpik yerinə,
çəliklər səs salır təpik yerinə...
Qazi toyunun o qədər ürəksızladan “özəllikləri” var ki, heyrətdə qalırsan. Şairin lirikası ilə ağrısının vəhdəti qeyri-adi ovqat yaradır. Bilmirsən sevinəsən, yoxsa qəmlənəsən. Rəfail müəllimin balladası lirik və kövrək kədər duyğularıdır:
Dolaşan ruhlar da oynayır bu gün,
itən arzular da oynayır bu gün...
... Çəngəllər, bıçaqlar əllərdən artıq,
Susanı danışan dillərdən artıq...
Göylərə ucalan tək qol oynayır
yanında oynayan bir xəyal qolla...
Bir qazi yığıncağının iştirakçısı olan qazi-şair bizi də xəyalla (bu günümüzün dili ilə onlayn) o yığıncağa aparır.
Qazilər yığıncağında “hamı oturaraq danışır, yerindən qalxan yox, tribunaya çıxan yox”:
Döşəməni döyəcləyən tək ayaqlar
küncdə qoltuq ağacları...
Qarabağda isə
Əzalar düzülüb yola
yol gəlir.
Qollar dirsəklənə-dirsəklənə,
bələdçi qıçlar irəlidə,
arxada pəncələr tullana-tullana
düşüb ağ yola
yol gəlir,
yalançı sərhəddə sarı.
Daha bir ağrılı yerimiz: Vətən sadə xalqındı və bir də səngərdəki igidlərin...
Çox qəribə və qeyri-adi abidələr, heykəllər görmüşük. Rəfail Tağızadənin təxəyyülünün tişəsi ilə yaratdığı heykəl-kitabə isə inanmıram hansısa heykəltəraşın ağlına gəlsin. Şairin abidə-kitabəsinin qarşısında sükuta qərq olub ehtiramla baş əydim. Dünyada müqəddəs bir abidə vardısa, onun ikincisini Rəfail müəllim yaradıb: “Qıç başdaşı”.
Ayın işığında
kölgən mürgülər,
boş qəbirə keşik çəkən
qıç başdaşı.
Gözün sahibinin yolunu gözlər
farağat komandasında.
Dizin yox bir az rahatlanasan,
40 santlıq canlı başdaşı.
Tək addım səsini eşidirsənmi?
Rəfail müəllimin baş qazimiz Etimad Əsədovun əziz xatirəsinə yazdığı essedən:
“Qazilər bəzən himnimizi də göz yaşı ilə oxuyurlar. “Qələbə marşı”nda oxunası himni səninlə vidalaşanda oxuduq. Bu canlı himn heç vaxt olmamış kimi, elə səlis, elə gur alındı ki... Çünki bu səs ruhumuzun səsi idi. Sən çiyinə qalxanda ruhlarımız da səninlə birlikdə, səni yola salmağa qalxdı. Qarabağsız köçdün bu dünyadan...
Kaş ki, Vətən heç olmasa son anda “Vətən sevdalı”larını Qarabağa aparaydı.
Onda bəlkə Qarabağ ağrılı ölümləri unutdurardı”...
Baş qazinin dəfnində əllər əvəzinə çəliklər çəpik çalırdı. Sanki bu hüznlü çəpiklər qəhrəmanlıq simfoniyasının partiturasıydı...
Qazi çəpiyi səsləndi sükutdan başqa heç nə eşitməyən qulaqlarımda: “əl qıçı şappıldadır”. Sükut içində alqış. Belə sürəkli alqış eşitməmişdim.
Rəfail müəllimin “ürəyinin qanı ilə yazdığı sətirlər” (Adil Mirseyid) “yaralı nəğmələr”di:
Neçə ildi gəzdiyim
itiyim özü gəlib,
məni güllədən alan
dostumun gözü gəlib.
Sənsiz izim dəyişib
yerində boşluq qalıb,
məni yollar tanımaz
nöqtələr cığır salıb.
Özüm gedə bilməyən
yerlərdən gəlir qıç, qol,
üstündəki tər izi
bizim kəndə gedən yol.
Kəndə gedən yollarımızı sahiblərinə həsrət qalan qıç, qol açdı, Rəfail müəllim. “Qıç başdaşı”lar məşələ dönüb yollarımızı nurlandırdı...
“Nöqtələr cığır salıb” misrası nəhəng qazi tablosunu yaratmaq istəyən rəssamlara yönəldilən ideyadır:
Bu nə izdi bu məhlədə
Çəlik hər izə bir nöqtə qoyur,
torpaqmı ayaqdan doyur?
Rəfail Tağızadənin qələminin mürəkkəbi şəhid, qazi qanı qədər müqəddəsdi. O, Tanrının “alnına bütöv Vətən coğrafiyasının xəritəsini cızdığı”, tökülən qanı, səngərdə itirdiyi sağlamlığıyla “azadlıq yazan qazidi – “ürəyi Vətən torpağı kimi cadar-cadar” qazi Qarabağın özüdü...
Ey “polad adamlar, beldən aşağı farağat adamlar, oralar, yaralar, gəzən şəhid ruhları, şəhid qəbirləri – Vətən çağırır bizi!” Bu şairin Vətən harayıdı.
Şəhid, qazi Vətəni müqəddəsləşdirən ölümsüzlərdir. “Zamanın sözünü yazmaq amacı” ilə bir şərəfli yola çıxan Rəfail Tağızadə əmindir ki, “zaman zamanında deyilmiş sözləri sevir, zamanın sözü olduğu kimi, sözün də zamanı var”. Onun Vətən, Qarabağ poeziyası zamanın həssas barometridi, “məmləkətin havasıdı”.
Uzaq əsrlərdən hayqırtısı eşidilən qəhrəmanlarımızdan fərqli olaraq bu günkü qazilər real qəhrəmanlardır. Nə yaxşı ki, biz onlarla həmvətənik, eyni havanı udur, eyni torpaqda gəzirik. Qazilər “xəritədə bölgə-bölgə can verən” Vətəni bütövləşdirənlərdir.
Şəhidlərin və qazilərin eşqi onları və Vətəni ölümsüz edər.
Rəfail Tağızadə poeziyası da yaradıcısı kimi azaddır. Bu poeziyanın iki qanadı – azadlıq və məhəbbət iki ayrılmaz sevgili kimi həmişə qol-boyundu.
“Ədəbiyyat xalqın maddiləşmiş yaddaşıdır” (U.Folkner).
Rəfail Tağızadə kimi söz adamları xalqın qan və gen yaddaşını yaradanlardır.
Rəfail Tağızadənin ürəyi “bir partlamamış mərmidi”. Nə yaxşı ki, partlamayıb. Yoxsa, çox olmayan Vətən sevdalılarının biri də azalardı.
Vaqif Osmanov
Conflict.az