
SSRİ-nin dağılmasını müxtəlif tarixi reallıqlar zərurətə çevirsə də, İttifaqın ilk və son prezidenti Mixail Qorbaçov bu prosesi tətikləyən obraz olaraq xatırlanır. ABŞ prezidenti Donald Trampın xarici siyasət “konsepsiyası”, Mixail Qorbaçovun daxili siyasət “konsepsiyasına” bənzəyir. Yəni itələyici. Mərkəzdənqaçma. “Öncə Amerika” şüarı ilə hakimiyyətə gələn Trampın siyasəti “müttəfiqsiz Amerika” ilə nəticələnə bilər. Tramp axmaq deyil. Ancaq müdrik də, deyil. ABŞ prezidentinin ən böyük yanlışlığı siyasətdə tacir diplomatiyasını çılpaqlığı ilə ifadə etməsidir. Bu ölkə zatən siyasi yatırımlarından qazanc prinsipinə həmişə sadiq qalıb. Suriya, İraq, Əfqanıstan və s. Lakin siyasi investisiyalar müqabilində əldə olunanları dünya yalnız ehtimallarla dəyərləndirib. Ən dəqiqini isə investor – ABŞ bilib. Trmpın Ukraynaya yönəlik siyasətində ənənəvi ABŞ siyasətindən 180 dərəcə fərqli nüanslar var. Əslində 180 dərəcəlik fərqlilik Trampın demək olar ki, əksər siyasətində özünü göstərir. Rusiya – Ukrayna müharibəsinin 24 saatlıq olmayan həll variantı öncə 100 günə, daha sonra 6 aya qədər uzadıldı. İnfliyasiyanı ölkəsinin ən böyük düşməni hesab edən ABŞ prezidenti xarici ticarət əlaqələrindəki 1,2 trilyon dollarlıq mənfi saldo ilə fərqi nəzərə almadı. Nəticə etibarı ilə dediyini yemək zərurəti hiss etdi. Miqrant “müharibəsi” elan etdi və daxili müqavimətlə üzləşən kimi geriyə addım atdı və s.
“Avropa Birliyi ABŞ üçün kiçik Çindir”. Seçkiöncəsi təbliğat və təşviqat prosesində Tarmpın əsas şüarlarından biri də, bu idi. Trampın AB-ni Çinə bənzətməsi, dolayısı ilə birlik ölkələrini ABŞ-ın potensial rəqibləri kmi görməsi təsadüfi deyildi. Lakin bu fikri məhz ABŞ müstəvisindən mükəmməl gediş kimi dəyərləndirmək də, doğru deyil. Əvvəla ona görə ki, 2000-ci illərdən günümüzə qədər ABŞ-ın yürütdüyü siyasət nəticəsində dünya düzəni pozulub. Dünya sanki münaqişələr, müharibələr meydanına çevrilib. Artıq ABŞ demokratiya istehsalçısı və ixracatçısı deyil. Ukrayna ilə bağlı Trampın tutduğu mövqe bu fikri tam yəqinləşdirdi. ABŞ siyasi investordur. Məsələnin ən qəribə tərəfi isə yatırılan investisiyanın qazancının təktərfli olmasıdır. Suriya, İraq, Əfqanıstan və Ukrayna. ABŞ zatən etibarsız müttəfiq əbasını Yaxın Şərqdə geyinmişdi. Amma...
Bütün hallarda ABŞ suyu bulandıran obrazındadır. Lakin etiraf etmir. Kimsə onu açıq tekstlə ittiham da,etmir. Ehtiyat edir. Çünki böyükdür. Və böyüklüyə xas olmayacaq qədər təkəbbürlü, eyni zamanda da,qisasçıldır.
Tramp müttəfiqlərini diktatorluqda ittiham edir. AB-ni, Ukraynanı. Putinin “qüdrətndən” danışır, Kim Çen Ina “yaxşı oğlan” deyir. Təcavüzkarla təcavüzə məruz qalanın taleyini müzakirə edir. Müstəqil ölkələrin ərazilərinə iddia edir. Dövlət zirehində reketlik edir. Və...
Uinston Çörçill deyirdi ki: “Siyasətçinin ən mühüm keyfiyyəti gələcək hadisələri düzgün qiymətləndirib vaxtında tədbir görməsidir”. Trampın siyasətə klassik tacir müstəvisindən baxışı hadisələri zamanında qiymətlədirməsinə mane olur..Nəticə etibarı ilə ABŞ SSRİ, Tramp isə Qorbaçov ola bilər.
Conflict.az