
Torpağını torba ilə daşıtdırmaq. Bu iddia əsasən qədim zamanlarda bir hökmdarın başqa birini cəzalandırmaq, ağır cəzaya məruz qoymaq, məğlub edib divan tutmaq anlamına gəlirdi. Müasir Azərbaycanda, məhz Şamaxı rayonunun timsalında bu məsələ ilk anlamını itirir. Yəni torpaq torba ilə deyil, iri tutumlu avtomobillərlə paytaxta daşınır. Həm də şamaxılılara divan tutmaq üçün yox, müəyyən bir qrupun varlanması məqsədilə.
Məsələnin əsas məğzini çatdıraq dəyərli oxucularımızın nəzərinə. Şamaxıdakı mənbədən Conflict.az-a daxil olan məlumatda qeyd edilir ki, əsasən rayonun Mirikənd bələdiyyəsi ərazisindən paytaxta gündəlik təxminən 50-60 “Şaqman” münabit torpaq qatı daşınır. Bu da səbəbsiz deyil. Şamaxı torpağı münbitdir. Həyətyani sahə üçün ən əlverişli torpaq hesab olunur. Və o da sirr deyil ki, bu proses ölkənin kasıb təbəqəsinin maddi imkanları xaricindədir. Deməli hektalarla əraziyə sahiblənmiş bəzi işbazlar paytaxtın qumsal torpağında istədikləri nəticəni ala bilmədikləri üçün üz tutublar Şamaxıya.
Mənbənin bildirdiyinə görə Mirikənd bələdiyyəsinə üç - Mirikənd, Qaravəlli və Məlcək kəndləri daxildir. Daşınan münbit torpaq qatı əsasən bu kəndlərin ərazilərindən götürülür. Məlumatda o da qeyd edilir iri tutumlu yük maşınlarının sürücüləri yüklərini paytaxtda 300 AZN-ə satdıqlarını bildirirlər. Mənbənin iddiasında o da qeyd edilir ki, torpaq daşınması prosesi hətta II Qarabağ müharibəsinin getdiyi günlərdə, yəni paytaxta giriş-çıxışın qapalı olduğu vaxt belə davam edib. Məlumatda əlavə olaraq bildirilir ki, işbazlar əsasən gecə saatlarında işləməyə üstünlük verirlər. Və məsələ o həddə qədər gəlib çatıb ki, həmin saatlarda kimsənin olmamasından istifadə edərək kənd sakinlərinin pay torpaqlarına belə müdaxilələr olur. Məsələnin ən qəribə tərəfi isə gündəlik bu qədər torpaq daşınmasına rəğmən rayonun aidiyyatı dövlət qurumları, konkret olaraq hüquq – mühafizə orqanları sadə vətəndaşın şahid olduğu məsələ ilə bağlı bu günə qədər hər hansı fakt aşkarlamayıb. Nəzərə alsaq ki, gündəlik 50 – 60 avtomobil torpaqdan əldə olunan gəlir kifayət qədər böyük rəqəmdir. Və onu da nəzərə alsaq ki, həmin gəlirdən vergi verilmir. O, zaman hadisənin miqyası daha böyük olur.

Yuxarıda qeyd edildiyi kimi məsələyə sadə prizmadan baxmayaq. Əgər dövlətin müvafiq qurumu dünyanı sarsıdan pandemiya ilə bağlı paytaxta giriş-çıxışı bağlayırsa və buna rəğmən torpaqdaşıma prosesi davam edirsə, deməli hansısa güclü və gizli əlin himayəsi var. İkinci bir tərəfdən həmin ərazilərdən torpağın münbit qatının qaşınıb daşınması üçün rəsmi müqavilə, sərəncam və ya digər hüquqi sənəd varmı? Yox əgər bu sənədlərin hər hansı biri yoxdursa, deməli proses qanunazidd formada aparılır. Ölkə başçısı çıxışlarında dəfələrlə qeyd edib heç kim qanundan üstün deyil. Yəqin ki, Şamaxı rayon İcra Hakimiyyəti və hüquq – mühafizə orqanları məsələni araşdırıb nəticəsi ilə bağlı mətbuata məlumat verəcəklər.
Mövzuya qayıacağıq.
Redaksiya məlmatda adı çəkilən qurum və ya şəxslərində cavab haqlarını tanıyır, dərc etməyə hazırdır.
Conflict.az