Sizin reklam burada
Sizin reklam burada

"Hansı dövlət qurumu olur-olsun mümkün deyil ki, bütün ölkə ərazisində satılan məhsullara nəzarət etsin"

"Hansı dövlət qurumu olur-olsun mümkün deyil ki, bütün ölkə ərazisində satılan məhsullara nəzarət etsin"
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti əhalini maska alarkən diqqətli olmağa çağırıb. Bildirilir ki, maska istifadəçinin burun, ağız və çənəsinə, eləcə də üzün yan tərəflərinə sıx oturmasını təmin edən qoruyucu vasitələrə malik olmalı, istifadə zamanı filtr təbəqəsi ayrılmamalı, dağılmamalı, ilməsi qırılmamalıdır. Satışda standartların və digər normativ sənədlərin tələblərinə cavab verməyən qoruyucu maskalarla rastlaşan istehlakçılara quruma müraciət etmək tövsiyə olunur.

Bu cür maskaların dövriyyəsi ilə məşğul olan sahibkarlıq subyektləri isə qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Həmin malların satışını həyata keçirən vəzifəli şəxslərə qarşı 1500 manatdan 2000 manatadək, hüquqi şəxslərə isə 4000 manatdan 6000 manatadək cərimə tətbiq olunur.

Maraqlıdır, yararsız maskaların dövriyyəsi ilə məşğul olan sahibkarlar kimlərdir? Azərbaycana idxal olunan maskalar dövlət nəzarətindən keçmirmi?

İqtisadçı-ekspert Akif Nəsirli Teleqraf.com-a bildirib ki, Azərbaycana bəzən yararsız məhsullar da idxal olunur: “Ona görə ölkədə bu cür problemlərlə üzləşirik. Hansı dövlət qurumu olur-olsun mümkün deyil ki, bütün ölkə ərazisində satılan məhsullara nəzarət etsin. Ona görə də bu məsələlərdə vətəndaş dəstəyi mütləqdir və ən vacib məqamlardandır. Dövlət qurumu da elə siyasət yeritməlidir ki, cəmiyyət ona dəstək versin”.

Ekspertin fikrincə, maskaların keyfiyyət məsələsinin ortaya atılmasında başqa məqamlar da ola bilər: "Hər hansı maskada defekt mümkündü. Tibbi maskalar bir-birinə bənzəyir, idxalla yerli istehsalı seçmək o qədər də asan deyil. Keyfiyyət məsələsinin indi gündəmə gəlməsi yerli istehsal olunan maskaların satışını stimullaşdırmaq, beləliklə də, idxal olunan maskaları bazarda sıxışdırıb sıradan çıxarmaq məqsədi də güdə bilər. İdxal olunan maskaların yerli istehsaldan daha keyfiyyətsiz olması hallarına rast gəlməmişəm.

Əgər yerli istehsalı stimullaşdırmaq, daxili bazarı qorumaq istəyiriksə, bunu qanuni şəkildə etməliyik. Gömrükdə iqtisadi qaydada kvota tətbiq edib idxal olunan maskaların qarşısını almaq olar. Amma hər hansı bir istehsalçını qoruyub, ona şərait yaratmaq, digərlərinin isə sıxışdırılması yolverilməzdir. Görünür, hökumət bu xəbərdarlıqdan sonra həmin idxalçılarla real danışıqlar aparacaq. Ehtimal ki, ictimai rəydə də dəyişiklik etmək istədikləri üçün bunu cəmiyyətə açırlar”.

Akif Nəsirlinin qənaətincə, maska istehsalını və idxalını gəlirli biznes hesab etmək olar:

“Azərbaycanda istehsal olunan hər bir maskanın maya dəyəri 5-6 qəpiyə başa gəlir. Ən ucuz maskanın qiyməti 25 qəpikdir. Hər maskada da 19-20 qəpik mənfəət var. Elə maskalar var ki, 1-2 manata satılır. Təsəvvür edin, Bakı şəhərində 3-4 milyon əhali var. Bunun 1 milyonu azyaşlılardır, amma 3 milyon əhalinin yarıdan çoxu gündəlik maska alır və ya 3-4 dəfə dəyişir. Bir sözlə, bu gün maskaya hamının tələbatı var. Buna görə də indiki şəraitdə maskanı gəlirli biznes sahəsi hesab edirəm”.

Conflict.az

  • Sosial şəbəkədə paylaş