Sizin reklam burada
Sizin reklam burada

“Dərman mafiyası" işinin başındadır - Prezidentə müraciət

“Dərman mafiyası" işinin başındadır - Prezidentə müraciət
Rauf Məmmədzadə,
Jurnalistlər Birliyinin üzvü, "Qızıl Qələm" mükafatçısı

Hörmətli Prezidentim! Sizə Prezidentim deyə müraciətim ürəyimdə olan böyük ehtiram hissindən qaynaqlanır və bununla qürur duyuram. İnanıram ki, Azərbaycanda Sizə belə müraciət edənlər milyonlarladır.

Vətən müharibəsindəki qələbə həyatımızda həmişəlik qalacaq bir hadisə oldu. İllər ötəcək, nəsillər dəyişəcək, həyəcanla yaşadığımız 44 günün hər biri ayrıca araşdırılacaq, igid, şanlı əsgərlərimizin göstərdiyi şücaət millətimizin hərb tarixinə qızıl hərflərlə yazılacaq.
Bir danılmaz həqiqət də budur ki, Sizin siyasi iradə və qətiyyətiniz olmasaydı, torpaqlarımız azad edilməyəcəkdi.

Son vaxtlar ölkənin siyasi həyatında aparılan "təmizləmələr", Ramiz Mehdiyev-Əli Həsənov cütlüyünün ifşası Sizə inamı daha da artırıb.

Baxmayaraq ki, yüksək kürsülərdə hələ də bu xalqa, sizin ictimai-siyasi məqsədinizə layiq olmayan insanlara rast gəlirik, rüşvətxor icra başçılarının çox az bir hissəsi məsuliyyətə cəlb olunub, Azərbaycanda rüşvətin "çiçəklənməsinə" şərait yaradan tender komissiyaları öz fəaliyyətlərini "uğurla" davam etdiriməkdədirlər, dəfələrlə deyilməsinə baxmayaraq, xəstəliyin tüğyan etdiyi bir dövrdə “dərman mafiyası" işinin başındadır, naməlum çətinliyi səbəb gətirərək, ərzağın qiymətini qaldıran işbazlar heç nədən və heç kimdən çəkinmirlər, yerlərdə qanunsuz tikintilər aparılmaqdadır və daha nələr, nələr..

İnanırıq ki, bütün bu neqativ hallar, məlum çatışmazlıqlar yaxın gələcəkdə təmamilə aradan qaldırılacaq. Bu işdə xalq Sizin yanınızdadır və Sizi heç vaxt tək qoymayacaq. Necə ki, 44 günlük müharibə dövründə siyasi baxışından asılı olmayaraq, hər kəs Sizi birmənalı şəkildə dəstəklədi.

Azərbaycan milləti daha yaxşı, daha firavan yaşamağa layiqdir və inanırıq ki, məhz Sizin rəhbərliyiniz altında bütün yenidənqurma işləri istər işğaldan azad olunmuş torpaqlarda, istərsə də siyasi və iqtisadi sahələrdə müvəffəqiyyətlə davam etdiriləcək. Millət Sizinlədir, Sizə inanır.

Ad gününüzü təbrik edir, Sizə uğurlar arzulayıram.

  • Sosial şəbəkədə paylaş