Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş qərargahından Azərbaycana göndərilən bir milyon maska bu gün Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) təhvil verilib.
Azərtac-ın məlumatına görə, ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib ki, Azərbaycan Səhiyyə Nazirliyinə də tibbi maskalar təqdim olunacaq.
“Bunlar ÜST-dən gələn təmənnasız hədiyyələr olaraq qəbul olunmalıdır,” - deyə beynəlxalq təşkilatın nümayəndəsi bildirib.
Səhiyyə Nazirliyi və TƏBİB-lə birgə əməkdaşlıqdan məmnunluğunu bildirən Hande Harmancı deyib:
“Bu hədiyyənin töhfə verəcəyinə ümid edirik. Birlikdə çalışmağa və koronavirusla mübarizə üçün birgə gücümüzü birləşdirməyə davam edəcəyik”.
O, həmçinin bildirib ki, bu gün ÜST-ün Azərbaycandakı nümayəndəliyi tərəfindən Ədliyyə Nazirliyinə 250 min maska təqdim olunacaq:
“Bir neçə qeyri-hökumət təşkilatlarına da tibbi maskalar veriləcək.
Ümumiyyətlə Azərbaycana 2,5 milyon ədəd maska gətirilib. Bunları birgə əməkdaşlıq etdiyimiz Azərbaycanın müxtəlif qurumlarına bölüşdürəcəyik. 2020-ci ilin sonunadək bütün bu maskaları təqdim edəcəyik”.
Conflict.az