Sizin reklam burada
Sizin reklam burada

Hökumət məhkumlarla bağlı plan imzaladı

Hökumət məhkumlarla bağlı plan imzaladı
Ədliyyə Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında “Cəzaçəkmə müəssisələrində 2020-ci ildə görüləcək işlərə dair Tədbirlər Planı” imzalanıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Modern.az-a verilən məlumata görə, sənədə əsasən cəzasının sonuna üç ay qalmış və cəza çəkməkdən azad ediləcək məhkumlardan sosial adaptasiyaya ehtiyacı olanlar haqqında məlumatlar onların qeydiyyat yeri üzrə Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun şöbələrinə göndəriləcək və aidiyyəti üzrə zəruri tədbirlər görülməsinə nəzarət ediləcək.
Eyni zamanda, cəzasının sonuna üç ay qalmış və cəza çəkməkdən azad edilmiş şəxslərə ehtiyacları olduqda yaşayış yeri, yataqxana, qocalar evləri, internat məktəbləri, tibbi yardım və s. ilə bağlı, həmçinin zəruri sənədlərlə təmin edilmələrində köməklik göstəriləcək.
Tədbirlər Planında cəzaçəkmə müddətində ümumi təhsilə, peşə hazırlığına və müvafiq sənət kurslarına cəlb edilmiş şəxslərin cəza çəkməkdən azad edildikdən sonra, onların təhsillərinin davam etdirilməsi üçün tədbirlər görülməsi də yer alıb.
Xüsusi Həkim Komissiyasnın rəyi əsasında məhkumların cəzaçəkmə müddətində əlillik dərəcələrinin təyin edilməsi və əlillik sənədlərinin rəsmiləşdirilməsi də mümkün olacaq. Həmçinin əlilliyi olan məhkumlardan protez, digər tibbi-texniki və ortopedik ləvazimatlara ehtiyacı olanlar müəyyən ediləcək, bununla bağlı müəssisələrdə müayinələr keçiriləcək, həmin ləvazimatlar hazırlanaraq onlara təqdim olunacaq.
Cəza çəkməkdən azad edilmiş, xüsusilə valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş, yaşayış sahəsi olmayan yetkinlik yaşına çatmayan şəxslərin müvafiq internat müəssisələrinə yerləşdirilməsi də nəzərdə tutulub.

Conflict.az

  • Sosial şəbəkədə paylaş