Tanrı əl-Ələq surəsinin 1-ci ayəsində əmr edir: “Oxu, Yaradan Rəbbinin adı ilə oxu”. Sokrat isə deyirdi: “Danış ki, səni görüm”. İstər müqəddəs Qurani Kərimdəki Tanrı əmri, istərsə də, bəşərin ən kamillərindən birinin qənaətinə əsaslansaq, o, zaman hasil olan həqiqət budur: İnsanın bəşəriyyətə təqdimatında səsin, sözün rolu xüsusi əhəmiyyət kəsb edir. Səs elmdir. Və bu elm akustika adlanır. Akustikos yunan sözüdür, eşitmə deməkdir. Etiraf edək ki, səsini eşitdirməyin özü də xüsusi istedaddır. Səs Tanrı ilə Adəmin ünsiyyətidir. Səs məqamdır. Səs təbiətlə insanın harmoniyasıdır. Səs ruhdan qəlbə süzülən hissdir. Səs “Ol” deyə dünyanı var edənin ilk mesajıdır.
Azərbaycan dili zəngin söz və ifadə ehtiyatına, zərif səslənmə sisteminə malikdir. Tarixən məzmunlu, obrazlı, aydın, yığcam nitqlə yanaşı, təsirli səs cəmiyyət tərəfindən həmişə yüksək qiymətləndirilib. Aristotel deyirdi ki, “yaxşı nitq üçün materialın mükəmməl öyrənilməsi, söyləmə zamanı uyğun üslubun müəyyənləşdirilməsi, intonasiya qaydalarına əməl edilməsi, emosiyaların özünəməxsus forma ilə verilməsi mühüm şərtdi”. Şərq dünyasının böyük alimi ibn Sina, Firdövsi, Biruni, Şirazi və başqaları əsərlərində sözdən istifadə bacarığının insan ləyaqəti ilə üzvi bağlı olduğunu qeyd ediblər. Bu baxımdan Sədi Şirazinin fikirləri daha səciyyəvidir:
Nədir dil ağızda, ey ağlı olan?
Hünər xəzinəsinə açardır – inan!
Qarabağ yalnız füsunkar təbiəti, strateji əhəmiyyəti ilə deyil, o cümlədən tarixi qəhrəmanları, müxtəlif sahələrdə fəaliyyət göstərən istedadları ilə də fərqlidir, özəldir. Ağdamın Qarabağın bu özəlliyində belə məhz özünəməxsus yeri, rolu olub, bu gün də var. Ağdam adının mənalarından biri də, Günəş şüaları ilə nurlanmış işıqlı, ağ ev deməkdir. Ağdam işıqlı insanların məkanıdır. Sanki Tanrı bu məkanın insanlarını da coğrafi ərazinin adına uyğun xəlq edib. İşıqlı, istedadlı.
Ola bilsin bir insanı tanımaq üçün bir ömür belə yetərli olmasın. Amma O – Səməd Hətəmov fərqlidir. Onu tanımaq üçün zamana ehtiyac yoxdur. O, kamil insandır, şəxsiyyətdir. Dürüst və səmimi mühütdə məsum körpə kimidir. Haqsızlığa, riyaya qarşı barışmazdır, güzəştsizdir.
O, bənzərsiz səs sahibidir. Onun bədii yükü zəngin olan səsi var. Hər cümləsi bulaq suyuna bənzəyir, ruhu oxşayır. Göylərdən ələnən nura bənzəyir Onun səsi. İlahi kökə bağlıdır.
Bu, Səməd Hətəmov haqqında ikinci yazımdır. Birinci yazımda qeyd etmişdim ki, Səməd Hətəmov danışarkən sanki o səsi görmək olur. Elə yazının da adı belə idi: “Səsi görünən adam”.
Azərbaycan Dövlət İncəsənt İnstitunu fərqlənmə diplomu ilə bitirib Səməd Hətəmov. Hərbi xidmətini başa vurduqdan sonra həyatını çox sevdiyi sənətinə həsr edib. Yaradıcılıq fəaliyyətinə doğma Ağdamda fəaliyyət göstərən Dövlət Dram Teatrının aktyoru kimi başlayıb. Daha sonra rayon həmkarlar təşkilatında məsul vəzifə, klub müdiri və...
Bu üç nöqtə Günəş şüaları ilə nurlanmış işıqlı, ağ evin sakininin həyatından keçən qara zolaqdır. Ağdamın işğalından sonra ailəsi ilə öncə İmişlidə məskunlşadı, daha sonra isə paytaxta köçdü. Paytaxt bu işıqlı insanın həyatında yeni dönüş nötəsi oldu. 2000-ci ildən Azərbaycan televiziya və radioları ilə əməkdaşlığa başlayan Səməd Hətəmov 23 ildir ki, əcnəbi bədii və sənədli filmləri Azərbaycan tamaşaçısına səlis ifadələrlə çatdırır. Artıq səsləndirdiyi filmlərin sayını belə unudub sənətkar. "Vətənim Azərbaycan" adı ilə ərsəyə gələn sənədli filmlərin səsləndirilməsində əvəzedilməz rolu var Səməd Hətəmovun. Son 4 ildə isə Azərbaycan radiosunda ən uzun ömürlü – 54 illik tarixi olan “Bulaq” verlisinin aparıcılarından biridir. Onun səsi tarixin yaddaşında daşlaşan qəhrəmanların nərəsidir. Uluların ulusa səslənişidir.
Bu gün Onun, Günəş şüaları ilə nurlanmış işıqlı, ağ evin sakininin – Səməd Hətəmovun 60 illik yubileyidir. Heç nə Onu dəyişə bilmədi. Nə həyat, nə də illər. Yenə də sadə, səmimi, zəhmətkeş, prinsipial... Artıq bu dəfəki nöqtələr Səməd Hətəmovun həyatındakı qara zolağın deyil, gələcəyə inamın, ümidin göstəricisidir. Səməd Hətəmov uzun illər radio və televiziya sahəsində fasiləsiz çalışmasına rəğmən hələ də, layiq olduğu fəxri adlardan heç biri ilə təltif olunmayıb. Həmin inam və ümid sənətkarın layiq olduğu qiymətinin də veriləcəyi günün bir o, qədər də, uzaqda olmadığı qənaətini yaradır.
Yubileyin mübarək dəyərlərinə sadiq qalan Böyük İnsan.
Bakir Həsənbəyli
Conflict.az