Rəfail Tağızadə - KÖHNƏ KIŞI

yazar

757

  Rəfail Tağızadə - KÖHNƏ KIŞI
Bu səhər azan səsinə oyandım. Çoxdan idi bu səsə oyanmırdım. Bu nə səs idi belə. Sanki ilk dəfəydi eşidirdim. Elə bil səs içimdən keçirdi.
Havada bir süstlük vardı. Dağlar qaranlığın içində yox olmuşdu.
Telefonu açdım. Gələn mesajı görəndə özüm də zülmətə qərq oldum.

Dünyanın gərdişinin dəyişə bilmədiyi köhnə kişilərdən birini də itirdik.
Zaman da, insanlar da, həyat da, gün-güzaran da dəyişdi, amma o dəyişmədi. Necə vardısa, eləcə də qaldı. Mərdliyində, kişiliyində, etibarında, sədaqətində...
Özünə dözümsüzlüyü də gördü, qarşılıqsızlığı da, amma “Bu belə olmalıdı”, –deyib durdu.
Torpağa çox bağlıydı.
Süfrəsi hamıya açıq idi. Tanıdı, tanımadı... “Lazımdı, ehtiyacı var” düşüncəsi onunçün hakim kəsilmişdi. Qapıda duranı da, yoldan ötəni də çaya, çörəyə dəvət edirdi. Özü də məcburən. Sonra nələr olacağını bildiklərindən tanıyanlar onun verdiyi payı – əlini geri qaytarmırdılar. Ürəyə yaxın olan sol əli olanı paylayan idi. Solaxay idi...
“Dünyanın malı dünyada qalacaq”, sanki onun üçün deyilmişdi. Sonuncu tikəsini, son manatını hamıyla bölən el adamıydı. Özündən çox başqaları üçün çalışdı.
Verdiyi sözü canının bahasına olsa belə, yerinə yetirərdi. Sözündən dönməzdi. Onun sözü – KİŞİ sözüydü.

Bu zamanın adamı olmadı. Öz standartları vardı. Bəzən tərəfdarsız, bəzən tək qaldı, amma darıxmadı. “Mən düzəm”, –dedi. Dediyinin üstündə durdu. Prinsiplərini pozmadı. Hətta ən doğmasına belə.
Adət-ənənədə özünə nə qədər sərt idisə, qarşısındakına da o qədər tələbkar idi.

* * *
Hər gün gördüyün, otağa girəndə salam verdiyin adam haqqında keçmişdə danışmaq çox çətindi. O otağın bir tərəfi qaranlıq kimidi. Bir kölgə dolaşır o yerdə. Nə salama, nə hal-əhvala cavab verən var.
Yoxluğun ağırlığı adamı sıxır.

Köhnə kişiləri itirmək torpağı itirmək kimidi. Onlarla birlikdə mənəviyyat, əxlaq, adət-ənənə də itir. Yox olur. Torpaqları geri qaytarmaq olur. İtmiş mənəviyyatı, dəyərləri isə çətin...

Qazaxdan Bakıya gələn adam, bu gecə Bakıdan Qazaxa yola düşdü.
Bir “Ruhani” çal Ədalət!
Canıyla, qanıyla, ruhuyla qazaxlı olan İdris kişi “Ruhani”yə son kərə çiyində oynaya-oynaya gəlir...
Yaxşı adamlar boşluqda var kimi görünür.
Ruhun şad olsun, KÖHNƏ KIŞI!

Conflict.az