Nəsimi Məmmədli - Adından çox soyadı tanış gəlirdi. Bədəlov...

yazar

1 178

Nəsimi Məmmədli - Adından çox soyadı tanış gəlirdi. Bədəlov...
Keçən ilin avqust ayının 31-də Qubadlı rayonunun işğal günü ilə bağlı sosial şəbəkələrdə rastlaşdığım bir şəkil məni gerçək mənada diksindirdi. Bir anlıq beynimdə nə baş verdiyini anlamağa çalışdım. Sanki bu şəkil mənimlə danışır, yaddaşımı oyatmağa çalışırdı.
Qubadlının işğal olunduğu gün şəhid olan bu zabitin şəkili təxminən 25 il öncə çəkilmişdi. Şəkildə gördüyüm gənc zabit mənə o qədər tanış, doğma gəlirdi ki, gözümü yayındıra bilmirdim. Onu hardan tanıyıram? Əsgər yoldaşlarımdandır yoxsa tələbə yoldaşlarımdan deyə xatırlamağa və yaddaşımı silkələməyə çalışdım. Adından çox soyadı tanış gəlirdi. Bədəlov...
Üzərindən uzun zaman keçsə də əsgərlik illəri yaddaşdan silinmir. Xatirələrə əbədi həkk olur. Adətən əsgərlikdə hamı bir-birini soyadla çağırdığı üçün əsgər yoldaşlarımdan biri olacağına şübhəm qalmamışdı.
Bəlkə də 15 ildən çox idi əsgərlik foto albomumu açmamışdım. Hətta elə qapalı qutuya qoymuşdum ki, onu tapıb çıxarmaq özü xeyli vaxt və zəhmət tələb edirdi. Narahatlıqla foto albomu axtara-axtara statusu paylaşan Kamil Bədəlovdan da xahiş etdim ki, şəkildəki Nadir Bədəlovun harada əsgərlik çəkdiyini öyrənib mənə yazsın.
Nəsimi Məmmədli - Adından çox soyadı tanış gəlirdi. Bədəlov...
Bir neçə dəqiqədən sonra həm Kamilin yazdıqlarından, həm də əlimdə tutduğum albomdan məlum oldu ki, bu, elə həmin Bədəlovdur... Təbəssümlü nurlu üzü, gülümsəyən gözləri mənə baxırdı. Şirin zarafatları, özünəməxsus danışıq tərzi, səsi bir anda qulaqlarımda cingildədi.
İnana bilmirdim. Necə ola bilər ki, 25 il ərzində bu xəbərə rast gəlməmişəm?
1992-94-cü illərdə hər gün aldığımız şəhid xəbərlərinə öyrəşdiyimizə görə o vaxt belə xəbərlərə daha təmkinli yanaşırdıq. Qisasını dərhal alacağımıza inanırdıq və alırdıq. Amma indi, illər sonra bu xəbərin altında əzildiyimi, aciz qaldığımı dərk edirdim. Saniyələr içərisində Nadirlə səssizcə danışırdım. Nadir sanki bu gün şəhid olmuşdu.
Onun və onun kimi şəhid qardaşlarımızın qisasını almaq bizə nəsib olacaqmı? Bu cavabsız sualın altında boğulurdum. Tefefonda bacısının səsini eşidəndə sankı qulaqlarım və nitqim batmışdı. Nə qədər etsəm də səsim boğazımda düyünlənib qalmışdı. Bir neçə dəfə cavab verməyə cəhd etsəm də səsim çıxmırdı. Heç nə deyə bilmirdim. Bir neçə dəqiqə içərisində elə bir duyğulu, kədərli anlar yaşadım ki, hətta ailə üzvlərim də məni təəcüb və heyrətlə seyr edirdi. Sanki illər sonra Nadir üçün axıtdığım göz yaşı ilə qəlbim təsəlli tapmışdı.
Nadirlə 1985-1987-ci illərdə Almaniyada hərbi xidmətdə tanış olmuşdum. Mən Bakı Dövlət Universitetində, o isə Politexnik İnstitutunda tələbə idi. Nadir çox mədəni, mehriban, xoşxasiyət, dostcanlı, dürüst bir oğlan idi. Heç kəsi incitməzdi, heç kimə pislik etməzdi, kimsənin qəlbini qırmazdı. Nümunəvi davranışı ilə dostlar arasında çox hörmət qazanmışdı.
Bir-birimizə nə zarafat etsək təbəssümlə qarşılıq verərdik. Heç inciməzdik zarafatlardan. Həmişə məni məcbur edirdi ki, sən gitarada Azərbaycan musiqilərini ifa et, mən isə oxuyacam. İstirahət vaxtı belə əylənirdik. Guya əsgərlərə konsert verirdik. Mən gitarada ifa edirdim, o isə necə gəldi mahnılarımızdan oxuyurdu. Hətta rusları, erməniləri, gürcüləri, özbəkləri, türkmənləri də çağırıb oturdurdu ki, siz də dinləyin, əl çalın, rəqs edin. Nadir başdan-başa xoş auralı gənc idi. Onun üzünə baxanda qarşıdakının yorğunluğu çıxırdı.
Əsgərliyi ondan 6 ay tez bitirdim. Bir-birimizi istədiyimiz vaxt tapıb görüşmək üçün indiki kimi mobil telefon, internet yox idi. Hərbi xidmətdən sonra hərdən təsadüfən görüşürdük. Amma asudə oturub dərdləşməyə çox vaxt olmurdu. Hər dəfə qarşılaşanda, “bir gün rahat görüşərik” deyib ayrılsaq da, heç rahat görüşmək üçün zamanımız olmadı. Tələbə həyatı, imtahanlar bir tərəfdən, digər tərəfdən də Qarabağda başlayan hərbi-siyasi gərginlik hərəmizi bir yerdə məşğul etmişdi.
80-ci illərin sonunda qayğısız, böyük arzularla aşıb-daşan enerjili gənclik illərimizin xoşbəxt anları çox qısa çəkdi. Qarabağda alovlanan qanlı müharibə, ağrı-acılı olaylar başımızı elə qatdı ki, bir də baxıb gördük artıq o illədən yalnız xatirələr qalıb.
Nadir çox dəyərli gənc idi. İnstitutu bitirdikdən sonra onun zabit kimi orduya getdiyindən və 25 il öncə şəhidlik zirvəsinə yüksəldiyindən xəbərsiz idim. Nədənsə onu Zəngilan rayonundan olan başqa bir əsgər yoldaşımla səhv salmışdım. Zəngilanlı dostlarımın çoxundan onu soraqlamışdım. Amma tanıyan olmamışdı. 1993-cü ildə Ağdam işğal ediləndən sonra məni heç axtarmadığına görə bəzən onu qınadığım vaxtlar da olmuşdu. Niyə mənimlə maraqlanmadığına görə hətta ondan incimişdim.
Nadir Ərşad oğlu Bədəlov Azərbaycanın qəhrəman oğullarındandır. Qubadlının müdafiəsində ən sonuncu istehkamlardan biri onun komandanlığı altında olub. Ona etibar edilən döyüş mövqeyini son anadək tərk etməyən, vətəni canı bahasına qəhrəmanlıqla qorumağa çalışan 26 yaşlı gənc komandir şəhid olanadək vətən qarşısında borcunu ləyaqətlə yerinə yetirib. Qubadlını özü deyil, yalnız cansız bədəni tərk edib.
Bu gün şəhid qardaşım, əziz dostum Nadirin doğum günüdür. Şəhidlərin müqəddəs ruhu hər zaman onu xatırlayanların, doğmalarının, dostlarının, həmvətənlərinin yanında olur. Edilən duaları eşidir, duyur. Hər fürsət tapdıqca dostlarla birgə Nadirin məzarını ziyarət edirəm. Xəyalən özü ilə danışır, ruhuna dualar oxuyur və əziz xatirəsini qəlbimdə yaşadıram. Nadir Bədəlov torpağı vətənə çevirən igidlərin ön sırasındadır.
Şəhidləri dünyaya gətirən, böyüdən anaların yuxusuz gecələri hədər getməyib. Allah hər anaya igid oğul anası olmağı qismət etmir. Nadirin də anası ən dərin ehtirama, sayğıya layıq analardandır. 26 ildir oğul həsrəti ilə əriyən o ağsaçlı anamızın əllərindən öpür və uca Allahdan sağlıqlı uzun ömür arzulayıram.
Nadir qardaşımızın o pak ruhuna salam olsun!

Conflict.az