PANDEMİYA və TOY

yazar

453

PANDEMİYA və TOY
(felyeton)
Hadisə vaqe olur Novruzəli qazamata salınmazdan bir miqdar əvvəl, pandemiyadan bir miqdar sonra...
A kişilər, mən bu urus hökumətindən narazıyam. Özü də bərk narazıyam.
Soruşun, niyə? O heyndə cavab verim...
A kişilər, bu pandemiyadı nə bilim nə canına azar olmuşdu, atıblar ortalığa, onsuz da olmayan yaşayışımızı döndəriblər zəhri-marə...
Evdə arvad yola vermir, işdə hökumət görmək istəmir, çöldə də polis görən kimi Şah Abbas pişiyin danlayan təki danlayır, sonra da əlin atır cibimizdə olan beş-on qızıl-quruşumuzu çıxarır, deyir ki, cərimələnirsən...
İncavara mən övrəti çox sevirəm ha... Təkcə bunu yox, elə buna qədər də rəhmətliklərin hamısını sevərdim. Nədən ki, mən övrətcanlıyam, yəni övrət sevənəm...
İndi neynim ki, mənim taleyim də belə gətirib... Rəhmətliklərin çoxu zəhərlənib ölüb ha, elə zənn edərsiz ki, hamısını döyüb öldürmüşəm... Hətda qonşu övrətləri ilə müharibədə qəhrəmancasına şəhadətə yüksələn zövcəm də olub. Rəhmətliklərin də, qovub çölə saldıqlarımın da ruhları şad olsun inşallah...
Əlqərəz, bu sonuncu övrəti illap da çox sevərəm...
Elə o səbəbdən də istədim bu karantin (sən oxu qaragün) zamanında övrət evdə tək oturmasın ki, qəlbi qısılar. Odur ki, gedib təzə bir övrət daha alıb gətirmək istədim, bir az könlü açılsın. Həm də mənim saqqalımın hənası gedəndə onu dəyişməyə kömək olsun. Tək əziyyət olur axı...
Xülasə, ədəb-ərkanla toy edib halla-halla ilə özümə övrət, övrətimə gəlin gətirmək istədim, hökumət dedi:- "olmaz"...
A kişilər, necə olmaz, özümün pristavla salammölökümüm var, neçə illər cənabına qulluğ eləmişəm...
Dedilər, Hacı ağa, möhürlü pitik gətir, istəyirsən toy elə, toya çağırdıqların hər kəslə evlən...
"Axı niyə olmaz, canım?!",- deyə soruşanda...
"Ağız-ağıza oturacaqlar xəstəlik yayılacaq" - dedilər... Pandemiyadı, anlamırsan?!
Dedim, birin hökumətdən (gələcəkdə buna "iqtidar" deyəcəklər), birini də küçədə qalmış gədə-güdədən çağıraram ki, cür olmasınlar. Bir-birinə arxalarını çevirib otursunlar.
Dedilər, yox ki, yox. Sonra dübarə dedilər ki, Hacı ağa, həyə belə inad eləyirsən, get, toyunu küçədə elə... Yəni açıq havada.
İstədim deyəm, - "Adə, vələdüzna, bəlkə zifaf gecəsini də küçədə eləyim?!" Amma "lənət şeytana", deyib səsimi içimdə boğdum.
Eləcə dedim ki, "birdən qonşular qonaqlarımın başlarına zibil atdılar. O zaman necə olsun?.."
Dedilər, əvvəlcədən qonşularla danış, mütrüblər qonşuların haquşkasından sənin qonaqların uçun mahnı oxuyub, tapmaca deyib, dans eləsinlər. Axırda da gəlinin başına gül atsınlar.
Gördüm bunlar məni əməlli-başlı səy yerinə qoyurlar. Dedim, gedin özünüzə... İndi təzə gül var? Hamısı pandemiya dan əvvəlki gülləridi. Xəstə-xüstə.
Bir də mən heç razı olmanam ki, küçə mütrübləri mənim qönçə zövcəmin təpəsinə gül atsınlar, özü də köhnə gül... Bəlkə də, keçən il baş tutmayan "gül bayramı" üçün xaricdən gələn əsli-nəsli bilinməyən güllərdi...
Nə isə ki, nə başınızı ağrıdım. Yaxşı bir siyasət işlətdim. Məni tanıyanlar bilir ki, belə şeydə mahirəm. Toyu, guya pristav icazə verib deyə, itin zülmü ilə də olsa, elədim.
Gəlinin yanında, yəni bəy masasında özüm deyil başqa adamı otuzdurdum.
Toy bitənə yavuq pristavın adamları gəldilər... "Bəy"i qonaqlar qarışıq tutub apardılar qazamata...
İncavara köpəy uşaqları qonaqların çoxu nəmər yazdırmamış aradan çıxdılar...
Sonra utanmaz-utanmaz mənə ismarıc göndərdilər ki, "nəməri hökumətin xəzinəsinə ödədik... Get ordan götür!"
A kişilər, indi uzun sözün kəsəsi bizə toy eləməyə imkan verməməklə bizə toy tuturlar. Amma bu toya görə bunların özünü cərimələyən yoxdur...
Fələk baisin villasının qapısını çırpsın...
İzah: İngiliscə bir neçə mənada işlənən "Villa" sözü həm də "kənd evi" (bizim dildə "daxma") mənasında işlənir.
Elə çırpsın ki, bir də Novruzəli o qapını açıb əlində təzə kənd yumurtası, kənd qatığı içəri girməkdə naçar qalsın...
Onlar da içəridə "broyler yumurtasının" umuduna qalsınlar!
İzah: XX əsrin sonlarında, XXl əsrin əvvəllərində xahiş başa düşməyən toyuqları tutub qazamata salacaqlar ki, yumurtlasın. Bax qazamatda yumurtlayan toyuğun yumurtasına "broyler" deyəcəklər.
İlahi amin, "amin" deyən dillər var olsun!
1920-ci il. Xaçmaz qəzası...
Təzə bəy,
Hacı İntiqam Soltan