İntiqam SOLTAN - QOYUN HALI

yazar

145

İntiqam SOLTAN - QOYUN HALI
(hekayə)
"Allaha məktublar" silsiləsindən

Salam, İlahi pərvərdigara! Necəsən?
Sualım yersizdi...
Bilirəm ki, bəndələrin səni çox incidir. Axı bu adəmi-məxluqlar, özün demiş, Sənin ən böyük kəşfindir. Sən onları canlıların mükəmməli olaraq yaratmısan. İndi insandan qoyuna necə giley edə bilərsən ki?!
Qoyunam da, Sənə ünvanladığım bu məktubumda rast gələcəyin "qoyun düşüncələrimə" görə məni bağışla...
İlahi, öz yaratdığın dünyaya son vaxtlar sanki bir qədər biganə olmusan... İnsanları yaradandan sonra durub nəyisə gözləyirsən elə bil ...
Ya da fəzanın başqa bir yerində başqa bir dünya yaratmısan bəlkə, xəbərimiz yoxdur?!.
Yanılmıramsa bağışla, amma hər halda mən qoyun baxışımla bu cür görürəm...
Yaxşı olmazmı, insandan daha mükəmməl bir varlıq yaradasan ki, onlar özlərini bir az yığışdırsınlar. Ya da heç olmazsa yaratdıqlarını yenilə. Yəni insanları "format" elə.
İnan ki, eləsən, həm sənin təzə bir işin olardı, həm də bu dünya bəlkə bir az təzələnərdi, düzələrdi. Onsuz da sənin "əşrəf"lərin dağıdırlar yer kürəsini...
Bağışla, yenə qoyunluğumu büruzə verdim...
Xaliqim, xəlq edənim, böyüksən, Səndən ulusu, Səndən ucası yoxdur. İnan ki, olsa gileyimi Sənə yox ona edərdim. İlahi, mən günahsız bir qoyunam. "Qoyunam" deyəndə, inan yaratdıqlarına, hələ heç qoç üzü görməmişəm... Keçən il doğulmuşam. Hələ çox gəncəm. Bu il də ki, yarıdan çoxu pandemiya dövrünə düşdü deyə sosial məsafə gözləmək məcburiyyətində qaldıq. Sevgili erkəyim də, mən də... İnsana ağlın getməsin, biz qaydalara riayət edirik...
Onu deyirdim axı, təzəcə doğulub bu dünyaya gəlmişdim. Bir gün bir əli dəyənəkli girdi sürünün içinə və bağırdı ki, - "qalxın, gedirik!" Dedim, - "ay ana, bu kimdi, niyə bizi təhqir edir, hara gedirik, əlindəki dəyənəklə bizi nəyə görə budayır? Niyə yediyimiz otun içinə çirkli ayaqqabıları ilə girir?!?
Rəhmətlik anam dedi ki, qızım, dinmə, sakit ol görək. Qurban bayramı gəlir qabaqdan. Bizi aparırlar bu dünyanı düzəltməyə.
Gələcəkdə qoyun nəsli üçün böyük və parlaq planlar dolu gözlərimin bərələ qaldığını, yəni anlamadığımı görüb izah elədi. Dedi ki, cənabı Allahın yer üzünün əşrəfi kimi yaratdığı insan il uzunu elədiyi günahları yumaq üçün seçdiyi bir gün var, o günün adına Qurban bayramı deyirlər. Bax bizi aparırlar ki, həmin gün onların günahlarını yuyaq.
"Allah belə istəyib?"-deyə soruşdum. "Allah istəyib, amma bu cür istəməyib. İnsanlar Allahın dediklərini hər zaman təhrif edirlər"-deyə anam dilləndi. "Axı biz insanların günahını necə yuya bilərik? Heç əlimizdə barmağımız da yoxdur axı..." - deyə soruşanda, anam özünü eşitməzliyə qoyub cavab vermədi.
Bir az keçdikdən sonra soruşdum:- "Ay ana, biz ki, bu insanların səhvlərini təmizləyə biləriksə o zaman bizim adımız niyə qoyundu?! Lap elə deyək ki, qoyun olmaq ayıb deyil, bəs niyə bu adamlar öz aralarından seçib ən savadsızını bizə nəzarətçi təyin edirlər? Onun peşəsinin adını da bir-birlərinə təhqir kimi istifadə edirlər. "Çoban""...
Anam o zaman bir az qımışıb qulağıma pıçıldadı ki, indi insanların çoxu belədir. Yəni əlində dəyənək olan bu çoban səviyyəsində.
"Niyə?" - deyə soruşdum! Anam dedi ki, çünki oxumurlar. Oxumayan adamlarsa biz qoyunlardan yalnız iki ayaq üstə dayana bilmələri ilə fərqlənir... Çünki Tanrı insanlara çox şeyə qadir olan, həm də çoxala bilən şüur bağışlayıb. Əgər oxusalar, öyrənsələr həm o şüuru inkişaf etdirə, həm də o şüurla çoxlu yaxşı işlər görə bilərlər... Amma təəssüf...
Allahım, nə isə ki, anamla olan dialoqumuzla çox başağrısı vermək istəmirəm... Bu səviyyəsiz çoban bizi acımasızcasına çırpa-çırpa gətirdi adamların çox olduğu bir yerə. Bizi yığdılar üstüaçıq bir tövləyə. Tövlə deyəndə ki, insanlar özləri yaşadığı bir həyətdə ətrafı tikanlı məftillə hasarlanmış bir künc idi. İnan ki, insanlıq tarixinin 20-ci əsrində baş vermiş rus-alman müharibəsində almanların konslageri bunun yanında Disney-land parkı ilə müqayisə oluna bilərdi. (Bağışlayın, yenə qoyun başımdan yekə danışdım)... Hələ insan qoxusunu demirəm. Az qalırdı baş çatlasın...
Əvvəlcə mən elə bildim ki, qaçmayaq deyə bizi ağzıbirə yığırlar. Sonra məlum oldu ki, bu adamlar bir-birindən ehtiyat edirlər. Bizi oğurlamasınlar deyə bağlı bir yerə yığdılar. Təxminən bizim sayımız qədər adamı da nəzarətçi qoydular üstümüzə. Hamısı da bir-birinə şübhə ilə baxırdılar. Üzlərindən zəhər yağa-yağa...
Hələ bir haşiyə çıxım: Sən onların əllərində "pul" dedikləri rəngli kağız olanda görərdin gözləri necə parıldayır. İnan ki, həmin an Sən də onların yadına düşmürdün...
Xudavəndi-aləm, bundan sonrakı müaibəti heç sənə də arzulamazdım. Ora çatan kimi nəfəsinizi dərməmiş, hansımız hansı səviyyədə "günahı yuya bilərik" deyə maraqlanmadan birinci atamı tutub başını kəsdilər. Çünki qoçların arasında ən qoçağı, igidi, gözəgəlimlisi mənim atam idi. Yazıq Atam səsini də çıxarmadı. Çıxarda bilmədi. Gözləri gözlərimə baxa-baxa canını tapşırdı. Şüursuz quzu başımla "məə" eləyib özümü onun üstünə atmaq istədim. Anam məni saxlamağa macal tapmamış burnumun üstündən dəyən dəyənək zərbəsi məni beş addım geriyə tulladı... (bir biləydim da məni vuran kim idi?!) Bunu görən atamın gözlərindən bircə damcı yaş gəldi və o canını tapşırdı.
Allah, sən görsəydin ki, mənim atamın dərisini necə soyurlar, yəqin ki, bu QURBAN BAYRAMINI ləğv elətdirərdin. Hələ atamın əti soyumamış anamın boğazına çəkilən bıçağın ağzından heyz qanı kimi təzyiqlə fışqıran isti, tünd rəngli qan mənim gözlərimə doldu... Özümü itirdim. Bircə anın içində yetim qalmışdım. Nə edəcəyimi bilmirdim...
Düşdüyüm hal bizimlə gələn hamilə qoyunlardan birinə necə təsir etdisə, yazıq huşunu itirib yıxıldı. Amma ora toplaşan adamların vecinə də olmadı...
Yaxşı, bu günah işlədən köpəyoğlu doğrudanmı düşünür ki, mənim ata-anamın qanını axıtmaqla o günahlar yuyulmuş olacaq? Özünün nadürüst hərəkətləri nəticəsində şikəst doğulmuş balasını müalicə etmiş olacaq. Və ya bütün il ərzində aldığı rüşvəti, kəsdiyi başları, yıxdığı evləri, sataşdığı qız-gəlinləri, qırdığı qeybətləri, incitdiyi məzlumları, evinə, ailəsinə, övladlarına, şəxsən Sənə elədiyi xəyanəti bir qoyun qanı ilə yuya biləcək?! Və ya sən bunu bağışlayarsanmı?!?
Bəs rəhmətlik anam deyirdi, bunlar şüurludur.
Allahım, mənə elə gəlir ki, adamlar bunu dərk eləmirlər... Bəs sən necə rəva görürsən ki, bu belə də davam eləsin?!
Hələ bu harasıdır... Anamın qanı mənim üz-gözümə sıçrayanda necə səksəndimsə ətrafda "günahlarını yumağımıza növbə gözləyən" əziz-xələf bəndələrin bu mənzərədən həzz alıb qaqqıldaşıb gülüşdülər. Mən bundan bir az da özümü itirdim.
Mənim bu vəziyyətim kiminsə yaman xoşuna gəlmişdi. Məndən bir neçə yaş böyük uşaq idi. Görünür o doğulanda günahkar doğulubmuş. Ağzında nəsə gövşəyərək, - "ata, mən istəyirəm ki, o quzunun qanını sürtəsiniz mənim alnıma."-deyə barmağını mənə tuşladı.
Uşağın ağzından bu söz çıxan andaca bir göz qırpımında arxadan bir əl məni boynumdan qamarladı. Ayaqlarım yerdən üzüldü. Çox keçmədi ki, boğazımda bıçağın soyuqluğunu hiss elədim... Canımı əsməcə tutdu. Halbuki nə atam, nə də anam mənə bıçaq haqqında heç bir şey deməmişdilər. Bəs bu hiss haradan mənə tanış idi bilmədim. Ayaqlarım titrəməyə başladı. (O qədər balaca idim ki, ayaqlarımı tutub bağlamağı da lazım bilməmişdilər) Bu cür titrəməyim gələcəyin tiranı olacaq qanıma susamış balaca uşağın daha çox xoşuna getdi və o ürəkdən qaqqıldayıb güldü. Valideynləri də hırıltı ilə ona qoşuldular...
Nədənsə bu adamlar düşünürlər ki, bizim hissiyatsızıq. Amma mənim üçün boğaza dirənən bıçağın iti ağzının buz kimi soyuqluğunu hiss etməkdən daha dəhşətli bir şey yoxdur bu həyatda...
Birdən qəssab bıçağı boğazımdan araladı. Hamı çəpərin kənarında tullantı ayaqları yığmaq üçün dayanan, üst-başından kimsəsizlik yağan ağbirçəyə tərəf döndü.
- Ay oğlum, bu bayram "Uca Allahın rəhmət və mərhəmətinə yaxınlaşma bayramı" dır.
Axı 7-8 aylığından tez körpə quzunu kəsmək günahdı. Heç onu Allah da qurban kimi qəbul eləməz.
Qəribədir, bu xanım hardan bildi ki, mənim hələ 7 ayım tamam olmayıb? (cəmi 2 aylıq idim)Yanılmışdım. Sən demə adamların da arasında ağıllıları olurmuş.
Bir də ki, mən doğulandan bəri çobandan savayı kimi görmüşdüm ki? Bir də başım üstündəki cəllad, yəni qəssab. Hə bir də gələcəkdə sənin də başına bəla açacaq balaca tiran. (Axx o balaca qaniçən bircə keçəydi da əlimə...)
Allahım, insan ili ilə ata-anamın qətlindən düz bir il keçir. Qurban bayramı yenə gəldi. Bilirəm ki, məni bu il bıçağın ağzından xilas edən bir kimsə tapılmayacaq.
Sadəcə istədim ölüm qabağı dərdimi sənə açım... Bir də etiraf edim ki, o bıçaqdan qorxuram. Çox güman ki, mənim ruhum iki nəfəri, - bir günahlarını mənim qanımla yumaq istəyən adamı, bir də boğazıma bıçaq dirəyəcək qəssabı rahat buraxmayacaq...
Bəs Sən? Sən necə, ey Böyük Allahım, sənə xəyanət edən adamın günahlarını mənim qanımla bağışlayacaqsanmı?!
Olmazmı ki, qoyun yerinə o günahkarlar başqa şeydən qurban versinlər?! Kimsə oz arzularından birini qurban kəssin, kimsə var-dövlətinin bir qismini, kimsə nəfsini kəssin, kimsə ayağını əyri yoldan kəssin, gözünü yığışdırsın, kimisi xalqın belindən düşsün, dilindəki acı sözləri, başındakı axmaq fikirləri kəssin və s.
O qədər qurban verməli şeyləri var ki bu adamların...
Nə isə... Xudavəndi-aləm, bilirəm ki, boşboğazlıq edirəm, amma heç olmasa mənim bircə istəyimi qəbul elə...
Keçən il qurban bayramı günü zorla dünyası dəyişdirilən ata-anam başda olmaqla (onlar yer üzünün ən gözəl ata-anası idilər) dünyasını dəyişən biz qoyunları rəhmət elə...
Bayaqdan bunu demək istəyirdim.
Eləsən də, eləməsən də çox sağ ol ...
Dərgahında görüşənə qədər!!!
Məktubu qoyunun dilindən qələmə aldı,
P. S.
("Qoyun halı" na ortaq oldu Behrudlu İlham)


Conflict.az