Rüfət MURADLI - ÖZGƏLƏŞDİRİLƏN VƏ ÖZGƏNİNKİLƏŞDİRİLƏN BAKIMIZ...

yazar

187

Rüfət MURADLI - ÖZGƏLƏŞDİRİLƏN VƏ ÖZGƏNİNKİLƏŞDİRİLƏN BAKIMIZ...
Müstəqil Azərbaycanın paytaxtında niyə əksər hotellər əcnəbi adlar daşıyır? Görəsən, özgə adına, özgə dilinə bu həddə dəyər verilməsi biznes maraqlarından doğur, yoxsa sadəcə, fərdi vurğunluqdur? Yəqin bu suallar çoxumuzu düşündürüb. Hər halda karantin qaydalarını pozmuş “Fairmont” hoteli ətrafında baş verən qalmaqallarda belə bir mövzu da gündəmə gəlir.

Məlumdur ki, ölkə hotellərinin çoxu Bakıda yerləşir. Sovetlər dönəmində barmaqla sayılası mehmanxanalara sahib Bakıda bu gün yüzlərlə hotel və hostel var. Hotellərin kimə məxsusluğu ilə bağlı ortada olan hüquqi vəziyyət “Fairmont”un “sahibi” Əhməd Babanın durumunu xatırlatdığı üçün məsələnin üzərində geniş dayanmayacağam. Yəni, reallıq budur ki, hər birini bir “baba”nın adına rəsmiləşdirib, özləri üçün fəaliyyətdədirlər.

Hotellərin keyfiyyətinə gəlincə, ölkəmizdə turizm sənayesinin yeni formalaşdığını nəzərə alsaq, insafla deməliyik ki, vəziyyət ildən ilə yaxşılaşmağa doğru gedir. Di gəl, qiymətlər heç ürəkaçan deyil. Bu səbəbdən ötən il hotel sektorunda əsaslı endirimlər həyata keçirildi ki, müştəri cəlb olunsun. Hər halda, hotelçilik üzrə irəliləyişləri inkar etmək fikrində də deyilik.

Beləliklə, statistikaya görə, təkcə Bakıda mindən artıq hotel və hostel fəaliyyət göstərir. Amma o siyahıya nəzər salanda heyrət etməyə bilmirsən. İstər-istəməz beynində belə bir sual yaranır: əcəba, adlarının mənasını ölkə əhalisinin mütləq əksəriyyəti anlamayan bu hotellər gerçəkdən Azərbaycan Respublikası adlı dövlətin ərazisində fəaliyyət göstərir?

Müstəqil olmadığımız Sovetlər dönəmində belə hotel adlarımız müəyyən qədər “milliliyini” qorumuşdu. “Azərbaycan”, “Bakı”, “Araz”, “Cənub” mehmanxanaları çox da uzaq olmayan keçmişimizə aiddir. Bəs, indi? Şübhəsiz ki, dünyanın brend hotellərinin Bakıda olması təqdirəlayiqdir və bu, turizm sənayesi üçün vacibdir. Amma həmin brendlər ölkə hotellərinin heç iki faizini də əhatə etmir. “Four Season”, “Hilton Baku”, “Marriot Absheron”, “Sheraton”, “Ramada”, “Hyatt Recency”, “Days”, “Holiday” və sair kimi… Bəs, Bakının köksündə Qış Parkının kənarında salınmış hotelə “Winter Park”, Dənizkənarı Parkda və ətrafındakı hotellərə Bulvar deyil, “Boulvard”, ya “Boulvard Side”, tarixi İçərişəhərdəki hoteli “Old City” adlandırmaığı necə izah edək? “Ambassador”, “Ambians”, “Altstadt”, “Austin”, “Balion”, “City Mansion”, “Clear”, “Crescent Beach”, “King Palace” və bu kimi yüzlərlə əcnəbi ad daşıyan hotellərə yerli ad verməyin hansı “əksikliyi” ola bilər axı ? Bax, bunu anlamaq omümkün deyil.

Söz birləşməsindən ibarət adlarda sahili “beach”, sarayı “palace”, qonağı “guest” , qonaq evini “guest house”, qülləni “tower”, qapıları “gates”lə əvəzləməyin, məhz əcnəbi dillərə üstünlük verməyin hansı zərurətdən doğduğunu eşitmək maraqlı olardı. Amma səbəb nə olursa olsun, doğma dildən imtinaya dəyərmi?

Kimsə əcnəbi dillər qarşıçında bu təslimçi mövqeyi multikultural dəyərlərlə də əsaslandıra bilməz. Çünki multikulturallıq ilk öncə öz dəyərlərinə sahib çıxmağı, onu başqa mədəniyyətlərlə yanaşı yaşatmağı ehtiva edir.

Biz, 70 il beynəlmiləlçilik idelogiyası ilə yaşayan toplum kimi, adlarımızın “özgəninkiləşdirilməsi” üzrə böyük təcrübəyə malikik, Təəssüf ki, doğma Bakımızı hələ də “Zavağzalnılar”, “Xrebtovılar”, “Torqovılar” damğasından qurtara bilməmişik. Həmin bəlanı bu gün hotellərimizin, göydələnlərimizin və s. adlarında yenidənmi yaşamalıyıq?

Əlbəttə ki, ilk məsuliyyət, ilk günah bilavasitə adları qeydə alan məsul qurumların, xüsusilə Bakı şəhər İcra Hakimiyyətinin üzərindədir. Bax, burada gerçəkdən “Qəribi ağlamaq tutur”. Yəni, kimə, nə deyib müraciət edəsən? Vaxtilə dostu Rayevskiyə məktubunda “Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda Azərbaycan dilini bilmək də o qədər zəruridir” yazan Yuri Lermontov indi Bakının binalarında doğma dilimizdən istifadə ilə bağlı yaranmış mənzərəni görsəydi, heyrət edərdi.

Azərbaycanın rəsmi dilini bilməyən, ya da o dilə sayğı duymayan məmur üçün Bakıdakı hotellərin hansı dildə adlandırılması, əlbəttə, önəm kəsb etməyəcək. Filosoh Haydeqer “Dil varlığın evidir” demişdi. Yəni, sən hansı dildə yaşayırsansa, varlığın da o dilə bağlı olacaq.

Amma Bakı belə məmurlar üçün yalnız gəlirli, verimli şəhər anlamı daşısa da, milli dəyərlərini fərdi maraqlarından üstün tutan yüz minlər üçün o, uğrunda qanlar axıdılmış müqəddəs şəhərdir. Bəxtimizə varlığı özgə dilinə, mədəniyyətinə bağlı nə qədər məmur düşsə də, doğma şəhərimizin özgələşdirilməsinə biganə qalmamalıyıq. Mədəniyyətimizin əsas elementi olan dilimizi hədəf alan proseslərə “Dur!” demək toplumun təxirəsalınmaz addımlarından olmalıdır. Çünki qaldıqca, problemlərimiz qalanır…

Conflict.az