Sizin reklam burada
Sizin reklam burada

BIĞI CİBDƏ OLAN KİŞİLƏR!

BIĞI CİBDƏ OLAN KİŞİLƏR!
İlahi pərvərdigara, mənim by gözəl vətənimdə nə qədər felyetonluq mövzular varmış?!. Əbülfəzl Abbas haqqı üç ömür bəs eləməz ki, bunları yazıb çatdırasan. Hardasan, ay Ustad, hardasan ay Mirzə Cəlil ?!

Gəl... gəl gör ki, dünya necə inkişaf edib. Fani dediyin fıstıq kimi bu dünya inkişaf elədikcə biz də dayanmamışıq. Mədənimiz, gödənimiz və felyeton mövzularımız da dayanmadan yüz illik inkişaf yolu keçib. Özü də vızıltıyla...
Allah bu inkişafı xəmir kimi yoğuran, palçıq kimi ayaqlayan millətimizin qədəmlərini mübarək, ayaq dırnaqlarını hənalı (xınalı) eləsin...

Ustad, yadında olar, Sənin dövründən belə bir lətifə qalıb mirasa qalmış miraslarımız arasında.

Deyilənə görə, bir dəfə Hacı Zeynalabdin Tağıyev (Yeri gəlmişkən: Mən ömrüm boyu görmüşəm ki, hər il sentyabr ayının birinci gününü bilik günü kimi bayram eləyirik. (Maşallah, hər şeyi də elə gözəl bilirik ki...) Amma bircə dəfə də olsun fikirləşməmişik ki, həmən gün bu millətin təhsilli olması üçün dəridən, qabıqdan çıxan H. Z. Tağıyevi xatırlayaq. Axı həmən gün (01.09.1924) o kişinin dünyasını dəyişdiyi gündür)
girir yeməkxanaların birində nahar eləməyə. Görür ki, qonşu masada deyən-gülən, (düzdür, "gülən" sözünü işlətmək indi qorxuludur. Amma bu "gülən" o "Gülən"dən deyil) şən bir qrup var. Diqqət edib görür ki, bunlar sənət adamlarıdır. Yəni, Hacının dili ilə desək, mütrüblərdir. Qarsonu çağırıb tapşırır ki, onlardan hesab almasın, özü ödəyəcək...

Əlqərəz ki, Ustadım, Sənin müasirin (H. Z. Tağıyev) bir tikə allah verəndən yeyib, mənim məsləkdaşlarımı (mütrübləri) orda buraxıb çıxıb gedir işinin dalınca...

Bu söhbətin üstündən üç gün keçəndən sonra Hacı xatırlayır ki, restorandakı sənətçilərin hesabını bağlatdırmayıb. Əvvəlcə bir miqdar pərt olur. Sonra hövlnak köməkçisini yanına çağırıb göndərir restorana ki, hesabı ödəsin. Köməkçisi bir müddətdən sonra gülə-gülə Hacının yanına qayıdıb xəbər verir ki, pəs deməyəsən, mütrüblər hələ yeyirlər...

Ustad, bu lətifəni Səndən üzü bəri yüz ildir ki, hər peşə sahibi öz peşəsinin adamlarını "yeyib-içən uşaqlar" kimi göstərmək üçün öz adlarına düzəldib danışırlar...

Amma mənim qanacağım belədir ki, hər kəsin danışdığı bir qələtdir ki, var. Elə ən dürüstü mən söylədiyim kimidir. Çünki, ay Ustad, sən demə "mədə niyyət" adamlar "mədəniyyət" adamları imiş...(hökumətimizin dediyinə görə)

Deyir, and içən adam yalan danışan adamdı... Odur ki, indi mən and içmirəm ki, ləfzlərimə inanmazsan, əmbə Həzrət Abbas haqqı belədi, on iki imam haqqı belədi, yüz iyirmi dörd min peyğəmbərin hər birinin əziz xələf qədəmlərinə and olsun ki, belədi.

A kişi, lap istəyirsən and da içim. Urus hökumətinin direktorunun əzəli Türk torpaqları olan Krımdan qiymətli başına and olsun ki, yalan demirəm. İngilis höhumətinin müdürünün boş cibi, dolu başı, bizlərlə bağlı cızdığı planlarlar haqqı eşitdiklərimi deyirəm. (Öz aramızdı, Allahın adına yalandan and içmək olar, əmbə urusa-ingilisə yalandan and-aman eləmək günahdı)

A kişi, inanmırsan misal çəkim...

Bax, belə olmasa idi şəhərin mərkəzində (söhbət Təbrizdən, Tiflisdən, Naxçıvandan yox Bakı şəhərindən gedir) bom-boş, içində qurd ulayan tamaşa salonları olduğu halda sənin və hökumətimizin ideyalarını, yəni gələcəyimizin təməl daşı olan saqqallı və saqqalsız uşaqlarımızı maarifləndirmək işini özünə ana iş hesab edən bir teatra qarşı (Ustad, Uşaq və Gənclər Teatrından söhbət gedir eey) bu qədər laqeyd münasibət olmazdı...

Haşiyə: Mən çox mədəni adam olduğum üçün yazıram - "laqeyd münasibət". Əmbə səni and verirəm öz ataları haqqında məlumatları olmayan yazıq, tifil balaların sual dolu bəbəklərinə, səni and verirəm övrətlərin gözünün altındakı yumruq nişanələrinə, səni and verirəm abırını abırsız övrətlərdən qoruyan mağmun kişilərin küllü təpəsinə (sonuncu andım yaman xoşuma gəldi) sən onu "laqeyd münasibət" oxuma... Ayrı şey oxu.

Ustad, indi zamana çox dəyişib. Sən o dövrün kişilərinə baxma. İndi gecə yorğanın altında baş verənləri səhər kino kimi hamıya göstərirlər. A qadan alım, bu kinonu kim çəkdi? Hansı vədə çəkdi, axı niyə çəkdi? Cəhənnəmə çəksin, bə niyə aləmi-yek eləyir?! Bə yorğan altında baş verənləri cari-cahan edərlərmi ?! Bəs bu millətin balalarını kim tərbiyə eləyəcək?!
Deməyim odur ki, ay Ustad, bu vədə o vədlərə bənzəməz.

O vədə, yəni Sənin yaşadığın zaman ancaq mütrüblərin bığı-saqqalı cibində olardı... İndiki kişilərin cümləsi bığ-saqqalını cibində gəzdirir. Lazım olanda taxır, lazım olmayanda çıxarır...

Bax, məsələtün, indi səninlə burda dərdləşirik. İnan, Dərbənd qalasındakı cındır pirində sallanan cındırların ən bahalısına and olsun ki, sabah sübhdən el-aləm bizim söhbətimizdən xəbər tutacaq.

Hətta xəbər gedib mənsəb sahiblərinə çatan kimi məni çəkəcəklər məhşər ayağına ki, - "Ə, vələdüzna, bu nə qələtdir ki, sən qarışdırırsan? Niyə başından yekə danışırsan?! Köpəyoğlu, eşit və agah ol, əgər mənim müdürümə xəbər çatsa, o vədə "o" zəhmət çəkib məni danlayacaq. Bax onda mən də sənin dərini boğazından çəkib çıxaracam. Ya cibindən bomba tapacam, ya evindən tank." (Sənin vaxtında tank yox idi. Tank müharibə üçün nəzərdə tutulan dəmir qutudu. Əmbə içində adam oturar. Ruslardan almışıq ki, vətənimizi qoruyaq)

Bu hədə-qorxudan sonra məndə ürəkmi qalar? Ətrafımdakılar iydən-qoxudan boğurlar. O heyndə bir qələm, bir də kağız götürüb iri hərflərlə ərizeyi-qələt yazacam. Sənin vaxtından fərqli olaraq indi mirzəyə gərək yoxdur. Çünki hər kəs özü yaza bilir (hələ ki)...
Yazacam ki, QƏLƏT ELƏMİŞƏM, başımı daşdan-daşa vurmuşam. BƏZİ, (ADINI BURDA ÇƏKƏ BİLMƏDİYİM) ŞEYLƏR YEMİŞƏM. Yazacam ki, qanmamışam. Məni Cəlil Məmmədquluzadə yoldan çıxarıb. (İndi sənə çörək verəni ayağa vermək də moddu, yəni dəbdədir) Bir də sonda yazacam ki, mən əməllərimdən çox peşman olmuşam...

Həmən o mənsəb sahibi də bu kağızın adını qoyacaq tarixi sənəd. Onu quran ayəsi kimi əzizləyə-əzizləyə aparıb qoyacaq öz müdürünün qənşərinə. Yazıq müdürü də həqiqəti-bixəbər o kağızın bir küncündə ilan-qurbağa şəkli çəkəcək (bizlər ona "imza" deyərik) vəssalam...

Ay Ustad, bir nəfər də deməyəcək ki, axı bu köpəyoğlu nə istəyir. Axı özünə istəmir istədiklərini. Bu millətin, xalqın yolunda canını çürütmək istəyir. Bir nəfər düşünməyəcək ki, axı bu həpənd oğlu həpənd hökumətin dediyindən kənar bir şey istəmir. Çocuqlara müdərrəsi-təmaşa vermək üçün yer istəyir. Bəlkə biz də kömək eləyək, bu mağmın köpəyoğlu başını salsın aşağı, müdərrəsi-mütrüblüyünü eləsin!?!

Qorxuram a Mirzə, yaman qorxuram... Sənin zəmanən o qədər də qorxulu deyilmiş. O zaman aqillər varmış, bir də cahillər varmış... İndi insanlığın qatlarında QUYRUQBULAYAN bir ZÜMRƏ yaranıb ki, gəl görəsən. Nə özləri işləyirlər, nə də işləmək istəyənlərə imkan vermirlər. Peşələri aşağıdan yuxarıya, yuxarıdan aşağıya, sağdan sola, soldan sağa, işıqlıqdan zülmətə, zülmətdən aydınlığa yalandan çuğulluq etmək, yaxşıları da yaman kimi təqdim eləməkdi...

BAX, BAYAQ DEDİYİM SAQQALLARINI, BIĞLARINI CİBLƏRİNDƏ GƏZDİRƏN O KİŞİLƏRDİR, HANSI Kİ, NƏ ÖZLƏRİ BİR İŞ GÖRÜRLƏR, NƏ DƏ İŞ GÖRƏNƏ İMKAN VERİRLƏR ...

Əlqərəz, Ustadım, bu söhbətdən qan qoxusu gəlir. Odur ki, nə mən bu söhbəti elədim, nə Sən eşitdin... Bir daş altda, bir daş üstdə...

Bir də belə şeylərlə nə xəyallarıma gir, nə də yuxuma gəl... İmkan ver, rahat yatım...

Amma yeri gəlmişkən, bu yaxınlarda yazıçılar birliyinin qurultayı olacaq...

İntiqam Soltan

  • Sosial şəbəkədə paylaş