Rüfət MURADLI - İranda parlament seçkiləri və koronavirus sərhəddə...

yazar

706

Rüfət MURADLI - İranda parlament seçkiləri və koronavirus sərhəddə...
Fevralın 21-də İranda sayca 11-ci İslami Şura Məclisi (parlament) seçkiləri keçirildi. Gerçəkdən qonşu ölkədə keçirilən seçkimi, yoxsa mövcud rejimin seçki adlı təyinatı? Bu seçkilər İranda sayı 35 milyon təxmin edilən soydaşlarımız üçün nə kimi önəm kəsb etdi? Qalmaqallı parlament seçkilərindən çıxan Azərbaycan seçicisi üçün də maraqlıdır ki, qonşu ölkədəki seçkinin bizimlə oxşar, ya fərqli cəhətləri varmı?
İrandakı seçkinin gerçək mahiyyəti əsasən seçkiöncəsi proseslərdə aşkar olur. Ümumiyyətlə İranda İslam İnqilabından sonra, İslam Respublikasının təsis edilməsi ilə bağlı 1979-cu il referendumundan 2017-ci il son prezident seçkilərinədək əhali təxminən 35 dəfə sandıq başına (seçki məntəqəsinə) gedib. Amma seçkidən seçkiyə əhalinin siyasi sistemə inamsızlığını müşahidə edən rejim mənsubları formaca müxtəlif, əslində analoji metodları ortaya atıblar. Yetər ki, seçicini cari seçkidə iştiraka cəlb edə bilsinlər. Şəxsən mənim də üç dəfə müşahidə etdiyim prezident seçkilərində rejimin əsas hədəfi seçkidə əhalinin kütləvi iştirakının təmin edilməsi və bununla dünyaya “xalq siyasi quruluşa inanır və seçkiyə gəlir” mesajını vermək olmuşdur. Bundan ötrü də ilk növbədə namizədlər arasında kəskin rəqabət mühitini formalaşdırmaq prioritet addım sayılırdı. Baxmayaraq ki, Konstitusiyaya Nəzarət üzrə Nigəhban Şurası mövcud siyasi quruluşa azacıq müxalif olan şəxsin nəinki prezident, hətta yerli seçkilərdə belə iştirakına icazə verməz. Bundan ötrü qanunvericilik bazası da Nigəhban Şurasına kifayət qədər səlahiyyət tanımışdır. Məsələn İslami Şura Məclisinə seçkilərdə Nigəhban Şurası namizədlərin əksəriyyətini adətən Seçki Qanununun 28, 29 və 30-cu maddələrinə əsaslanaraq seçkidən kənarlaşdırar. Belə ki, İslami Şura Məclisi Seçkiləri haqda qanunun 28-ci maddəsinə görə namizədlər üçün qəribə şərtlər qoyulur. 28-ci maddənin birinci bəndində namizəd üçün islama etiqad və əməli iltizam( bağlılıq) şərtləri tələb olunur. İkinci bənddə isə müqəddəs qeyd edilən İslam Respublikası quruluşuna da əməli iltizam şərti tələb edilir. Parlament seçkilərində əsas etibarilə “rədde səlahiyyet” olanlar (namizədlikləri ləğv edilənlər) məhz bu maddənin qurbanı olurdular. Özəlliklə Güney Azərbaycan Milli Hərəkatında iştirak edən soydaşlarımız, hətta bircə dəfə milli haqlar xüsusunda çıxış edənlər, milli mədəni tədbirlərdə iştirak edənlər belə bu maddədən öz “nəsiblərini” alıblar.
Nəzərə alsaq ki, bu parlament seçkiləri üç ay öncə İranda yüzlərlə vətəndaşın ölümü ilə sonuclanan etirazlardan sonrakı ilk seçkilərdir, ona görə seçici kütləviliyinin olmasını gözləmək də sadəlövhlük olardı. Seçici İnqilab Rəhbərinin “ Hər kəs ki, İslamı, İranı sevirsə, seçkiyə getsin!” çağırışına da məhəl qoymadı, hakimiyyətindən , Nigəhban Şurasının filtrindən keçib seçkiyə qatılan namizədlərin rəqabətinə qatılmayaraq İİR quruluşu üçün növbəti dəfə legitimlik sorunu yaratdı. Soydaşlarımız isə yalnız Qərbi Azərbaycanda əhalinin etnik tərkibinin dəyişdirilməsinə etiraz əlaməti olaraq , əsasən Urmu və Sulduz şəhərlərində azərbaycanlı(türk) namizədləri seçmək üçün səfərbər oldular.
Bəs, hələ də 9 fevral seçkisinin şokunu yaşayan Azərbaycan seçicisi üçün ortaq coğrafiyanı paylaşan iki ölkənin seçkilərinin nə kimi ortaq və fərqli cəhəti ola bilər? Müxtəsər olaraq əsas fərq budur - İranda seçkinin taleyi seçkidən öncə, bizdə isə seçki günü həll edilir. Yəni qonşu ölkədə seçkiyə hər hansı müxalif fikirli namizəd buraxılmır və məsələ bununla da bitir. Oxşar cəhəti isə mahiyyətindədir- səsvermə sonuclarının seçicinin deyil, məhz hakim zümrənin iradəsini ifadə etməsi. Bir də seçkiyə qatılım faizi. Qeyri rəsmi mənbələr İrandakı seçkilərdə təxminən 20 faiz seçicinin iştirakını bildiriblər. Rəsmi Tv kanalları isə nisbətən kütləvilik müşahidə olunan məntəqələri fərqli şəhərlər adı ilə yaymağa məcbur olublar. Belə. Mənzərə tanışdır hər halda.
21 fevral seçkilərinin başqa bir özəlliyi isə seçkinin ölkəni bürüməkdə olan koronavirus təhlükəsi şəraitində keçirilməsi oldu.
Rəsmi mənbələr Qum şəhərində dörd nəfərin öldüyünü, Tehran və Gilan da daxil olmaqla daha 13 nəfərin bu ölümcül virusa yoluxduğunu etiraf etsələr də, qeyri rəsmi mənbələr Ərdəbil, İranşəhr, Sənəndəc şəhərlərində də virusa yoluxanların varlığındam xəbər verirlər. Gilan və Ərdəbil ostanları isə Azərbaycanla həmsərhəd olduğu üçün ,artıq təhlükənin addım səslərini duymaq çətin deyil...

Conflict.az