İntiqam SOLTAN - RƏHMƏTLİK SEÇİCİLƏR və ya O DÜNYADA SEÇKİ

yazar

782

İntiqam SOLTAN - RƏHMƏTLİK SEÇİCİLƏR və ya O DÜNYADA SEÇKİ
(felyeton)

(Allah Sənə rəhmət eləsin Cəlil Məmmədquluzadə)


Əmoğlum Kərbəlayi Fətullah Xorasanda rəhmətə gedib, orada da, dədəm Hacı Həsənin yanında dəfn edilib...
Dədəm ayda ildə bir dəfə yuxuma gələ-gəlməyədi, amma əmoğlum sağ olsun tez-tez gəlir, səhərəcən dərdləşirik. Keçən gecələrin birində, lap dəqiq desəm, mötəbər seçkilərimizdən bircə həftə əqdəm gəlmişdi yuxuma...
Dedim ki, pəs əmoğlu yerin məlum seçkilərə hazırlaşırıq. Özü də qızğın. Bu dəfə söz veriblər ki, kim kimi istədi seçəcək... Nə az nə çox 1800-ə yaxın namizədimiz var...(Allah bərəkət versin)
Qayıdasan ki,- "əmoğlu, vallahi biz də"...

Əvvəlcə qarnımı tutub xeyli güldüm... Sonra soruşdum ki, o dünyada Milli Məclisin filialını təşkil eləmisiniz?
O da incik cavab verdi ki, küfr danışma əmoğlu. Biz xudavəndi aləmi seçirik...
Genə güldüm, dedim, - "Əmoğlu, məzən olsun sənin, ölsən də zarafatından qalmırsan... Elə şeymi olar?"
"Niyə olmur ə, kafir?" - dedi,- "Cəmi dünyasını dəyişənlər səs verəcək ki, hansı dinə-imana qulluq etmək istəyirlər. Allahımızı seçəcəyik..."
Elə bu heyndə qonşumuz qonşumuz Pirverdinin xoruzunun səsi məni yuxudan oyatdığından söhbətimiz yarımçıq qaldı...

Vallah-billah heç yataqdan qalxmaq fikrim yox idi, əgər ki, qapının taqqıltısı olmasa idi... Mübarək deputatlarımızı seçmək üçün kağız parçaları gətirmişdilər...
Amma gəlmiş kağızlara baxanda dilim tutuldu... Nə xəbərdi, gecə seçki, gündüz seçki...

Əlqərəz ki, ikinci gecə əmoğlum Kərbəlayi Fətullah dünən yarımçıq qaldığı yerdən davam edəndə özümü saxlaya bilmədim...
Dedim, - "ə, nə boş-boş danışırsan. Sənin də, rəhmətlik dədəmin də adına bu dünyadakı Milli Məclisə seçkilər üçün çağırış vərəqəsi gəlib... Sən də başlamısan seçki belə gəldi, seçki belə getdi..."

Əmoğlum Fətullah qayıtdı ki, əmoğlu, bu necə ola bilər? Axı biz ölmüşük...
Dedim, a kişi, sən bizə görə ölmüsən da, onlara görə dirisən...
Əmoğlum qayıtdı ki, bəs necə eləyəcəksiniz...
Dedim ki, bizdən narahat olma, əmicanın məşədi Tükəzban gedib ikinizin də yerinə səs verəcək... Birinci dəfədir bəyəm?!.

Elə bu heyndə genə yuxudan oyatdılar məni. Oyatdılar deyəndə, deyəsən o biri qonşumuz Məmmədhəsən əminin ölkədə məşhur olan, itmiş Eşşəyi tapılıb gəlmişdi (o eşşəyə o qədər hörmət edirəm ki, adını böyük hərflə yazdım). Səsindən tanıdım... Əbülfəzl Abbas haqqı onun səsindəki məlahət heç kəsdə yoxdu...

Amma neçə gündür Əmoğlum Kərbəlayi Fətullah yuxuma gəlmir. Deyəsən seçki söhbəti onu bu dünyadan yaman küsdürüb...

Conflict.az