İntiqam SOLTAN - PAPAQ və ya NAMUS

yazar

593

İntiqam SOLTAN - PAPAQ və ya NAMUS

(felyeton)

Dostum Zülqərneyn olmayan İsrafilə həsr edirəm...

Bilirəm, oxuyandan sonra deyəcəksiniz ki, bunun harası felyetondur? Amma inanın, vicdanıma and olsun ki, bu yazdığım
felyetondu. Özü də lap betərindən.

İnanmırsınız, mən danışım, siz də haqq-hesabınızı aparın, görün
felyetondu ya yox...

Sizləri deyə bilmənəm, amma bizim viranamızda (yəni öyümüzdə)
“Bu dədəmin papağıdır” cümləsi bineyi-qədimdən işlənmir. Əslində bir
ziya əhli olaraq bu cümlənin törəmə hissəsini belə də ərzi-diqqət edə billəm: - “Gör nə əyyamdır ki, “Bu dədəmin papağıdır” mübarək
kəlməsi leksikamızdan rədd olubdu.”

Məsələtün, nökəriniz sonuncu kərə bu ləfzi anacığının dilindən eşidibdi.

Necə ki, ateyi-mehribanımın üç mərasimini verəndən sonra (yadıma düşmüşkən deyim ki, həmən o mübarək gün o qərtəm halva
bəlimləmişdim ki, indi də gəyirəndə onun dadını dişsiz damağımda hiss edirəm) anamla bacım dədəmin soxalarını yerbəyer eləyəndə, ər deyə-deyə canını tapşıran, dünyadan nakam gedən bacım həmişə pişiyimizin bic doğduğu övladlarını azdırmağa apardığımız torbadakının nəmənə olduğunu soruşanda anam dedi: - “Bu dədənin papağıdı. Qoymuşam torbaya ki, boş qaldığını kimsə görməsin...”

Vəssalam, şüttəmam. Odu-budu mən hələ bizim evdə bu ləfzlərin toplumuna rast olmamışam.

Bizim evimizin düzənini papaq müəyyən edərdi. Dədəmin papağı. Məsələtün, anam
dədəmdən tez yatmazdı. Çünki dədəm yatandan sonra anam onun papağını yerbəyer eləməli idi.

Dədəm yuxudan qalxanda anam ayaq üstə olardı. Nədən ki, kişinin papağı anamın inək sağmaqdan, paltar yumaqdan, odun yarmaqdan cadar-cadar olmuş
əllərində dədəmin başının yastıqdan qalxmasını gözlərdi.

Anam bir yerə getdimi, dədəm evə gəlincə qayıtmalı idi. Çünki dədəm evə girəndə anam onun indi soxaya qalmış papağını götürüb ev papağını dədəmə verməli idi...

Bir də gördün anam bacıma haylanır: “Ay qız Güləmbər, apar dədənin papağını çayın qırağında tozunu, torpağını çırp, gətir...”

Bacım da uça-uça dədəmin papağını qoyardı bir məcmeyiyə, üstünə də bir dəsmaldan zaddan atardı ki, küçə-bacada dədəmin papağını boş görən olmasın. Dost var, düşmən var...

Hətta bir kərə bacım papağı çırpmadan qaytarıb gətirmişdi. Necə çırpaydı ki, çayın qırağında qonşunun övrəti paltar suya çəkirmiş.

Əlbəttə, bacım qonşu övrətin dədəmi görəndə hədəqəsindən çıxmış gözləri qənşərində boş papağı havada yelləyib, hərdən də necə
qapazlayaydı. Bunun sözü var, söhbəti var...

Həmişə bacım papağı çırpmağa aparanda dədəm də həmən vaxtı evdə oturub gözləyərdi. Ki, bacım papağı gətirsin, dədəm onu qoyub başına çıxsın kəndin meydanına...

Deməyim odur ki, indi xeyli vaxtdır o müqəddəs kəlməni qulağımız çalmır... Nədən ki, indi kişilərin papağı olmaz. Olar e, amma
çoxunda olmaz da... Olmayan şey haqqında necə danışmaq olar?!.

İndi qayıdıram sözümün əvvəlinə...
Ay camaat, gördünüzmü ki, mənim dediklərim nə faciədi, nə başqa bir nəmənə...

Əgər doğrudan da inanmadınızsa ki, bu söylədiyim felyetondu... O zaman ölməyiniz qalmağınızdan məsləhətdi. Əgər bu yazdıqlarımda “papaq” sözünü çıxıb, yerinə
“namus” sözünü qoysanız, onda görərsiniz bu felyetondu, ya yox!

Sözümü qəribçiliyə salmayın. Axı bizdə “papağı” həmişə “namusa” tay tuturlar...

Di salamat olun! Amma bu sözün felyetona dəxli yoxdur... Elə belə, sizi çox istədiyimdəm dedim!

Conflict.az