Rüfət Muradlı - “Soydaş” haqqında qanun bizim üçün niyə vacibdir?

yazar

1 021

Rüfət Muradlı - “Soydaş” haqqında qanun bizim üçün niyə vacibdir?
Öncə bu suala cavab verək - Soydaş kimdir və bizim üçün hansı anlam kəsb edir? Son onilliklərdə daha çox yayqınlaşan bu söz özündə soyu bir olan insanlar toplumunu ehtiva edir. Sovetlər dönəmində daha çox həmvətən ifadəsi istifadə edilərdi ki, bu da özündə daha çox eyni coğrafi məkan - vətən faktorunu ehtiva edirdi. Soydaş isə özündə dünyanın istənilən nöqtəsində yaşayan millətimizin nümayəndələrini ehtiva edən ifadədir. Soydaşın hüdudları bütün türkdilli xalqları belə əhatə etsə də, bu gün soydaşın hüquqi çərçivəsini tarixi Azərbaycan coğrafiyasında axtarmalı oluruq. Söhbət Azərbaycan Respublikasından başqa, Güney Azərbaycan, Borçalı, Dərbənd, bu gün artıq soydaşlarımızın yaşamadığı İrəvan Xanlığı, Göyçə və Zəngəzur, qardaş Türkiyədə, eləcə də dünyanın istənilən nöqtəsində soy-kökü olaraq coğrafiyaya bağlı insanlardan gedir. O insanlar ki, Azərbaycan Respublikasını gerçəkdən öz vətənləri, milli dövlətləri bilirlər, eləcə də Azərbaycanın milli dövlət maraqlarının qorunmasında hər zaman maraqlıdırlar.
Ölkəmiz 28 ildir öz müstəqilliyinə qovuşsa da, təəssüf ki, sayı 50 milyonu aşan soydaşlarımızla bağlı ortaya əsaslı konsepsiya qoya bilməmişdir. Etiraf etmək lazımdır ki, soydaşlarımızla bağlı ən təsirli mövqelər də məhz elə müstəqilliyimizin ilk illərində 1992-93-cü illərdə sərgilənmişdi. Bu əsnada Bütöv Azərbaycan idealının müəllifi , prezident Əbülfəz Elçibəyin rolu müstəsna əhəmiyyətlidir. Özü də bu mövqe təkcə bəyanatlarla məhdudlaşmırdı. Həmin illərdə Güney Azərbaycandan vətənin quzeyinə ana dilində ali təhsil üçün yüzlərlə gəncin gəlməsini və dövlət hesabına təhsilə başlamasını xüsusi qeyd etmək lazımdır. Sonrakı dönəmdə təəssüf ki, güneyli soydaşlarımız üçün bu imkanlar tanınmadı ki heç, onların yeganə müstəqil vətənlərindən deportasiyası da başlandı. Əslində həmin dövrdə soydaşlarımızın Azərbaycan Respublikasında yerləşməsi üçün milli və mənəvi zəminlər mövcud olsa da, hüquqi əsaslar yox idi. Yəni bu sahəni tənzimləyəcək qanunlara ehtiyac duyulurdu. Azərbaycan Respublikasından xaricdə yaşayan soydaşlarımızla , başqa ifadə ilə dünya azərbaycanlıları ilə bağlı ilk önəmli hüquqi akt 2002-ci ilin 27 dekabrında qəbul edildi. Əslində dünya azərbaycanlıları ifadəsi özü də 1995-ci il konstitusiyasında millətimizin və dilimizin adı ilə bağlı yol verilmiş böyük yanlışlığın( ən yumşaq anlamda) tərkib hissəsi, davamı idi. Bəs, bu qanunun mahiyyəti nədər ibarət idi?
Cəmi 11 maddəlik Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında AZƏRBAYCAN RESPUBLİKASININ QANUNUnun qəbul edilməsində əsas məqsədin soydaşlarımızın milli özgünlüyünün qorunub saxlanması və inkişaf etdirilməsi olduğu bildirilirdi. Qanunun 1-ci maddəsində isə xaricdə yaşayan azərbaycanlılar anlayışına verilən hüquqi tərif və təsnifat belə idi.
1. Bu Qanunun məqsədləri üçün "xaricdə yaşayan azərbaycanlılar" dedikdə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaşayan və özünü azərbaycanlı hesab edən aşağıdakı şəxslər başa düşülür:
1.1.1. Azərbaycan Respublikasının vətəndaşları və onların övladları;
1.1.2. əvvəllər Azərbaycan SSR-nin və ya Azərbaycan Respublikasının vətəndaşları olmuş şəxslər və onların övladları;
1.2. "Xaricdə yaşayan azərbaycanlılar" anlayışı həmçinin bu Qanunun 1.1.1 və 1.1.2-ci maddələrində göstərilmiş kateqoriyalara aid olmayan, lakin etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü azərbaycanlı hesab edən şəxslərə və onların övladlarına da şamil olunur.
Qanunun 1.1.2 maddəsində nəzərdə tutulan Azərbaycan SSR vətəndaşları olmuş şəxslər və onların övladları kateqoriyası isə kifayət qədər mübahisəli, ziddiyətli və qüsurlu idi. Çünki həmin məntiqlə vaxtilə Azərbaycancan SSR-də yaşayan ermənilər də (söhbət əsasən Qarabağın işğalı üçün vaxtilə erməni kilsələrinə maddi yardım edən, Sumqayıtda qırğın törədən və bu gün xaricdə yaşayan ermənilərdən gedir) qanunla xaricdə yaşayan azərbaycanlı statusuna malik olmalıdır. Baxmayaraq ki, qanunun 1.2 maddəsində soydaşlarımızla bağlı, etnik, dil, mədəniyyət və ya tarixi əlaqələr baxımından özünü azərbaycanlı hesab edənlərin xaricdə yaşayan azərbaycanlı hesab edilməsi xüsusunda da maddə yer almışdır. Amma bu maddə qanunun qəbul edildiyi 17 il ərzində bütünlükdə soydaşlarımıza deyil, yalnız mövcud iqtidarın siyasətini dəstəkləyən bir qrup azərbaycanlıya şamil olunduğunu praktik olaraq da ortaya qoydu.
Sonrakı illərdə də soydaşlarımızla bağlı durum “Azərbaycan 50 milyon azərbaycanlının vətənidir” kimi pafoslu bəyanatlardan o tərəfə keçmədi. Halbuki dövlət başçısı tərəfindən belə bir bəyanatın səslənməsinin arxasında güclü hüquqi baza da tələb edilirdi. Halbuki 2013-cü ilin iyulunda uzun müzakirələrdən sonra qəbul edilən Miqrasiya məcəlləsilə yenə həmin bəyanat arasında dərin uçurum müşahidə edildi. Elə Miqrasiya məcəlləsinin 3.0.1 maddəsində təsbit edilən əcnəbi anlayışı üzərində dayanmaq kifayətdir. Hələ 2013-cü ilin iyununda bu haqda yazmışdım ki, bu qanunda soydaşlarımızla dünyanın ucqar nöqtəsində yaşayan hər hansı Madaqaskar, Cibuti vətəndaşını eyniləşdirmək ölkə prezidentinin Dünya Azərbaycanlılarının Qurultayında 50 milyonluq azərbaycanlı ilə bağlı səsləndirdiyi bəyanata adekvat deyil. Dünyanın bütün nöqtələrində yaşayan insanlara sayğımız var, amma soydaşlarımıza sahib çıxmaq missiyası da məhz Azərbaycan Dövlətinin öhdəsinədir.
Son günlər artıq Soydaş haqqında qanunun hazırlanması ilə bağlı sevindirici xəbərlər dolaşmaqdadır. Hətta qanun layihəsinin hazır olduğu haqda açıqlamalara da rast gəldim. Düşünürəm ki, bu qanunun qəbul edilməsi dünyanın istənilən nöqtəsində yaşayan soydaşlarımızla bağlı , dövlət olaraq onlara sahib çıxmaq baxımından olduqca önəmlidir, həm də bu sferada yeni səhifənin açılması deməkdir. Dünya azərbaycanlıları Azərbaycanı öz vətənləri hesab edirlərsə, Vətən( dövlət) də onlara vətəndaş( soydaş) dəyəri verməlidir. Sözü gedən qanunun qəbul edilməsi ayrı-ayrı ölkələrdə, hətta qitələrdə, fərqli mədəniyyətlərdə yaşayan soydaşlarımızın Azərbaycana kütləvi inteqrasiyasını sürətləndirə bilər. Şübhəsiz bu inteqrasiyanın milli mənəvi cəhətlərilə yanaşı həm siyasi, həm də iqtisadi faydalarının da olacağı mütləqdir. Düşünürəm ki, yeni formalaşacaq parlamentin ilk qəbul edəcəyi qanun məhz soydaşlarımızla bağlı olmalıdır. Yəqin bu qanunun qəbul edilməsi soydaşlarımızla bağlı məhdud həddə də olsa indiyədək mövcud olmuş qanunvericilik aktlarındakı qüsurların da aradan qaldırılmasına səbəb olacaqdır.

Conflict.az