Rüfət MURADLI - ÖLKƏMDƏ NƏ BAŞ VERİR?

yazar

131

Rüfət MURADLI - ÖLKƏMDƏ NƏ BAŞ VERİR?

Siyasətdə təsadüflər keçərli sayılmır. Ölkədə son aylar, son günlər baş verənlər və nəhayət bu gün, YAP deputatlarının parlamentin buraxılması yönündə, verilən göstərişi icra etmələri də təsadüfi deyil. Amma şübhə yoxdur ki, atılan addımlar mövcud iqtidarın problemlər məngənəsindən çıxış mexanizminin tərkib hissələri sayıla bilər. İslahat nağıllarına inananların isə ölkə başçısının son çıxışlarına baxıb nəticə çıxarmalarında fayda var. Prezident bu günlər heç zaman olmadığı qədər aqressivdir, öz fəaliyyətindən, 26 illik iqtidarı dönəmindən bəhs etmək əvəzinə, hər fürsətdə, yeri gəldi gəlmədi, keçmişi hədəf alır. Nəhayət bu aqressiya BDU-dakı son çıxışında daha da qabardı və artıq Avropa hədəfə çevrildi. Bəs nə baş verir? İqtidarı aqressiyaya vadar edən əsas problemlər nədir? Son zamanlar Kremllə “ilqarın təzələnməsi” məsələsinin kökündə nə dayanır? Yeni Milli Məclis seçkiləri keçirilsə, bu, hazırkı parlamentin fəaliyyətinin bitməsinə cəmi 8-9 ay qalmış mümkün olacaq. Bəs, hakimiyyəti quzu balası kimi səssiz, başıaşağı, müti olan belə bir parlamenti buraxmağa nə vadar edir? Səbəblər sırasında daxili və xarici faktorlar, eləcə də bəzi ehtimallar mövcuddur. Kimsəyə sirr deyil ki, ölkədə, 1. Sosial, iqtisadi problemlər artmaqdadır. Minimum əmək haqlarının qaldırılmasının isə bu problemlərin həllində təsirli olacağına inanmaq sadəlövhlük olar. 2. Qarabağla bağlı diplomatik kanallar dalana dirənib və mövcud durum millət olaraq bizim üçün faciəvidir. Öz doğma yurd yuvasında didərgin düşən 1 milyon əhali qəzəblidir. 3. Siyasi təzyiqlər səngimir, müxalifət də fərqli mübarizə yolları arayır. Hakimiyyət bundan nigaran və narahatdır. 4. Cəmiyyətə həm də dərin mənəvi, psixoloji böhran hakimdir. 5. Sivil dünyanın 4-cü dəfə prezident olmasından sonra legitimlik xüsusunda İlham Əliyevə baxışı dəyişib, neqativləşib. 6. Maltada Dafne Qalisiyanın terroru ilə bağlı təhqiqatlar ciddi nigarançılıqlar yaradıb. 7. Ölkədə siyasi müxalifətə qarşı təzyiqlərə artıq sərt beynəlxalq reaksiyalar verilir. Ötən ay buna şahid olduq. Son prezident seçkilərinin anidən elan olunmasında məqsəd məhz müxalifəti hazırlıqsız yaxalamaq idi. Görünən budur ki, təxminən iki il sonra yeni eyni ssenari təkrar edilməkdədir. Müşahidələr bunu deməyə əsas verir ki, iqtidarın hətta parlamenti buraxmağa belə vadar olması yaxın perspektivdə hakimiyyət böhranının dərinləşəcəyini önləmək məqsədindən qaynaqlanır. Son büdcə müzakirələri də göstərdi ki, gələn il ölkə üçün, həm də iqtidar üçün olduqca çətin olacaq. Amma iqtidar üçün ictimai rəyin önəmsiz olması reallığından yola çıxaraq bu nəticəyə gəlmək olar ki, kənardan aqoniya təsiri bağışlayan bu tələskənliyin kökündə beynəlxalq təzyiqlər daha çox paya malikdir. Özəlliklə Malta məsələsini daha ciddiyə almaq lazımdır. Hətta yaxın gələcəkdə ölkədə növbədənkənar prezident seçkilərinin elan edilməsinə də hazır olmalıyıq. Şübhəsiz, Kremlin yandırdığı yaşıl işıqla...

Conflict.az