Patruşev Usubovla nələrdən danışdı? - Rusiya açıqladı

Siyasət

245

Patruşev Usubovla nələrdən danışdı? - Rusiya açıqladı12:20

Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev azərbaycanlı həmkarı Ramil Usubovla məsləhətləşmələr zamanı iki ölkə arasında hərbi-texniki əməkdaşlığın inkişafının əhəmiyyətli olduğunu vurğulayıb.

Bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti informasiya yayıb.

“Bakıda təhlükəsizliklə bağlı Rusiya-Azərbaycan məsləhətləşmələri aparıldı. Məsləhətləşmələr Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev və Azərbaycan Təhlükəsizlik Şurasının katibi Ramil Usubov arasında keçirilib”, - mətbuat xidmətindən bildirilib.

Qeyd olunub ki, danışıqların əvvəlində Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev Ramil Usubovu vəzifəyə təyin olunması münasibətilə təbrik edib, həmçinin Rusiya ilə Azərbaycan arasında Təhlükəsizli Şurası aparatları, güc strukturları və hüquq-mühafizə orqanları xətti ilə yaxın əlaqələrin davam etdiriləcəyinə əminliyini ifadə edib.

“Patruşev iki ölkə arasında iqtisadi və humanitar əməkdaşlığın yüksək tempdə olduğunu qeyd edib, Rusiya-Azərbaycan sərhədində birgə infrastruktur layihələrinin yerinə yetirilməsinin və hərbi-texniki əməkdaşlığın sonrakı inkişafının vacibliyini vurğulayıb”, - Rusiya TŞ mətbuat xidməti qeyd edib.

Tərəflər arasındakı danışıqlarda terrorçuluq və ekstremizmə qarşı mübarizə sahəsində qanunvericiliyin təkmilləşdirilməsinə, həmçinin informasiya təhlükəsizliyinin təmin edilməsi sahəsində əməkdaşlığa xüsusi diqqət yetirilib.