"Biz dünyada İslam mədəniyyətini təbliğ edirik" - Prezident

Siyasət

244

"Biz dünyada İslam mədəniyyətini təbliğ edirik" - Prezident"Ölkəmizdə milli həmrəylik, vətəndaş həmrəyliyi var. Konstitusiyaya görə, din dövlətdən ayrı olsa da, əslində din və dövlət bir-birinin yanındadır. Bizim gücümüz birliyimizdədir”.

Bakupost xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında təşkil edilmiş iftar süfrəsində çıxışı zamanı deyib.

Azərbaycan Prezidenti vurğulayıb ki, bu gün Azərbaycanın uğurlu inkişafı dövlət-din münasibətlərinin uğurlu inkişafından böyük dərəcədə asılıdır: "Dünyada vəziyyət gərginləşir. Həm bölgəmizdə, həm dünyada yeni toqquşmalar, yeni münaqişə ocaqları yaranır, yeni risklər, təhdidlər meydana çıxır. Dünyanın gələcəyi ilə bağlı, sabitliyin gələcəyi ilə bağlı müxtəlif fikirlər, fərziyyələr irəli sürülür. Bizim əsas vəzifəmiz Azərbaycanda sabitliyi qorumaq, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq və ölkəmizi mümkün olan risklərdən qorumaqdan ibarətdir. Son illər ərzində bu istiqamətdə böyük işlər görülüb. Azərbaycan inkişaf yolu ilə gedir. İnkişaf dinamikamız çox müsbətdir. Əminəm ki, gələcək illərdə aparılan dərin islahatlar sayəsində ölkəmizin uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək”.

Prezident İlham Əliyev qeyd edib ki, dərin milli-mənəvi təməl üzərində müasir dövlət qurulub: "İslam dəyərləri milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir. Biz öz dinimizə bağlıyıq. Biz dünyada İslam mədəniyyətini təbliğ edirik. Dünyada çoxsaylı konfranslar, sərgilər, təqdimatlar keçirilir, Azərbaycan həqiqətləri, İslam mədəniyyətinin həqiqətləri dünya ictimaiyyətinə təqdim edilir. Biz İslamı olduğu kimi, sülh, mərhəmət dini kimi dünyaya təqdim edirik və bu fəaliyyəti bundan sonra da davam etdirəcəyik. Müsəlman ölkələri ilə bizim ənənəvi dostluq-qardaşlıq əlaqələrimiz var. Bu, xarici siyasətimizdə prioritet istiqamətlərdən biridir. Azərbaycan bütün müsəlman ölkələri ilə sıx əlaqələr qura bilib və beynəlxalq müstəvidə biz daim bir-birimizi dəstəkləyirik. Eyni zamanda, ikitərəfli formatda çox fəal əməkdaşlıq edirik. Bir neçə gün bundan əvvəl müsəlman ölkələrinin səfirləri ilə görüş əsnasında bu məsələlərlə bağlı fikir mübadiləsi apardıq”.