Vyanadan sonra Əliyev onlarla görüşdü, Nikol isə…

Siyasət

180

Vyanadan sonra Əliyev onlarla görüşdü, Nikol isə…Azərbaycan bütün üstünlüklərə sahib olan ölkə kimi öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır.

Bu sözləri Axar.az-a Prezident İlham Əliyevin aprelin 2-də Müdafiə Nazirliyinin Xüsusi Təyinatlı Qüvvələrinin N saylı hərbi hissəsindəki nitqini şərh edən millət vəkili Hikmət Babaoğlu deyib. Deputat bildirib ki, ölkə başçısının çıxışında diqqəti cəlb edən xeyli mühüm məsələ var:

“Birincisi, Vyana görüşündən dərhal sonra Prezident Azərbaycan Ordusunun xüsusi təyinatlıları ilə görüşdü və danışıqlar masasında xalqına, güclü ordusuna arxalandığını nümayiş etdirdi. Ermənistanın baş naziri isə Vyana görüşündən sonra xalqına və ordusuna deyil, zəng etdiyi mərkəzlərə arxalanır. Başqa dövlətin hərbi bazası statusunda bir subyekt olan Ermənistan danışıqlara da sahibindən aldığı təlimatlar əsasında gedir. İkincisi, Ali Baş Komandan bir daha bildirdi ki, müharibə hələ bitməyib, sadəcə birinci mərhələsi başa çatıb. Dövlət başçısı Azərbaycan Ordusunun dünya miqyasında güclü ordular sırasında olmasını da xüsusilə vurğuladı. Bu fikir əslində işğalçı Ermənistana verilən ciddi ismarış kimi qiymətləndirilə bilər. Yəni danışıqlar prosesini imitasiya, yaxud manipuliyasiya etmək cəhdlərinə Azərbaycan sona qədər dözmək fikrində deyil və öz torpaqlarını müharibə yolu ilə azad etmək hüququnu özündə saxlayır”.

Millət vəkili Prezidentin çıxışında verdiyi üçüncü mühüm ismarış isə Aprel döyüşlərindən sonra hərbi psixoloji əhval-ruhiyyənin də Azərbaycanın lehinə dəyişməsi ilə əlaqədar idi:

“Bu döyüşlərin mənəvi-psixoloji baxımdan böyük əhəmiyyəti var. Çünki uzun illər ərzində Ermənistan təbliğatı belə bir mif yaradırdı ki, guya onlar hərbi cəhətdən Azərbaycandan üstündür. Aprel döyüşləri bütün dünyaya göstərdi ki, Azərbaycan Ordusu bu gün ən yüksək keyfiyyətlərə malikdir və istənilən vəzifəni icra edə bilər. Bu gün xeyli strateji yüksəkliklər və rayonların işğal altında olmasına baxmayaraq, Azərbaycan Ordusu bir həmlə ilə mövcud reallığı dəyişə bilər. Buna Ali Baş Komandanın siyasi iradəsi və ordumuzun hərbi gücü də imkan verir. Azərbaycan bütün üstünlüklərə sahib olan ölkə kimi öz ərazi bütövlüyünü bərpa etməyə hazırdır və geostrateji şərtlər uyğun olan kimi bu istiqamətdə qəti addımlar atılacaq”.