Sizin reklam burada
Sizin reklam burada

Əyalət səhiyyəsində özbaşınalıq, süründürməçilik kütləvi hal alıb

Əyalət səhiyyəsində özbaşınalıq, süründürməçilik kütləvi hal alıb
Əli Cəfərov: “Əziz həmyerlilərim, siz həm neqativlərin altını çox çəkirsiniz, həm də real vəziyyəti daha yaxşı qiymətləndirməkdə yardımçı ola bilərsiniz. Sizcə, nədən baslamalı?!”

Bildiyimiz kimi, hazırda Milli Məclisə keçiriləcək növbəti seçkilərin ərəfəsindəyik. Seçkilər növbədənkənar formatda ortaya çıxmışdır. Bəs bu seçkilərin keçirilməsi hansı zərurətdən ortaya çıxdı? Yeni seçkilər bizə nələri bəxş edə bilər? Bu tipli suallarla Masallı rayon 70 saylı şəhər seçki dairəsindən millət vəkilliyinə namizəd, Demokratik İslahatlar Partiyasının (DİP) funksioneri, Demokratiyanın və Milli Dəyərlərin Təbliği İctimai Birliyinin sədri Əli Cəfərova müraciət etdik. Millət vəkilliyinə namizəd suallarımızı cavablandırdı. Onun münasibətini geniş ictimaiyyətə təqdim edirik.

- Əli bəy, ölkədə ictimai-siyasi vəziyyəti necə qiymətləndirirsiniz? Son iki ildə baş verənlər sizcə nələrə işarədir?
- İlk öncə münasibətimi soruşduğunuza görə minnətdarlığımı bildirirəm. Bu gün ümumi yanaşsaq, ölkədə ictimai-siyasi vəziyyəti qənaətbəxş hesab edirəm . İstər siyasətçi, istərsə də qht nümayəndəsi kimi xüsusi vurğulamaq istəyirəm ki, ictimai-siyasi vəziyyət qənaətbəxşdir. Ölkədə aparılan islahatların tez bir zamanda bəhrə verəcəyinə ümid edirəm. Son iki ildə istər təhsil, ordu, istərsə də diaspora sahəsində mühüm yeniliklər baş vermişdir. Xüsusilə də son dövrlər ölkə rəhbərliyinin gənclərə diqqət və qayğısını, onların irəli çəkilməsini, o cümlədən xaricdə yaşayan soydaşlarımıza dəstək verilməsini dövlətin vətəndaşlara hüquqi təminatı kimi dəyərləndirirəm. Təbii ki, iş olan prosesdə müəyyən neqativlər olmalıdır, ancaq buna baxmayaraq ölkədə nəzərəçarpacaq inkişaf da baş verməkdədir. Əhalinin sosial rifahı yaxşılaşmağa doğru gedir. Minimum əmək haqqı artmış, inflyasiyanın faiz dərəcələri aşağı düşmüşdür. Bu da ölkədə aparılan demokratik islahatların müsbət nəticəsinin bariz nümunələrindəndir. Amma bu o demek deyil ki, sadaladığım sahələrdə her sey yaxşı, tamamilə normaldır. Həllini gözləyən çoxsaylı problemlərimiz hələ kifayət qədərdir. Ona görə də islahatlara hamılıqla dəstək verib bu çatışnazlıqları da aradan qaldırmalıyıq.
- Ötən il dövlət başçısı tərəfindən aparılan siyasi islahatlar nəticəsində bir sıra mühafizəkar qüvvələrin təmsilçiləri öz postları ilə vidalaşmalı oldular. Sovet təfərkkürlü məmurların hökumətdən, dövlət aparatından uzaqlaşdırılması siyasi açılımın gerçəkləşməsinə gətirib çıxaracaqmı?
- Bəli bu gün hər bir insan üçün maraqlı məqam odur ki, uzun müddət vəzifələrdə olmuş şəxslərin vəzifədən uzaqlaşdırılması hansısa yığılıb qalmış problemləri mütləq həll edəcəkdir. Sovet təfəkkürlü, sovet düşüncəli insanların vəzifədə olması təbii ki, ölkənin Avropaya, dünyaya çıxışını, inteqrasiyasını əngəlləyirdi. Ancaq ölkə başçısının aparmış olduğu ən mütərəqqi iş kadr islahatıdır ki, bu da yeniliyin, demokratiyanın təzahürüdür. Əslində bu gün dövlət postlarında gənclərə önəm verilməsi Azərbaycanın Avropaya və beynəlxalq arenaya çıxışını sürətləndirəcəkdir. Bu isə özlüyündə normal bir prosesdir. Bu proses siyasi baxımdan da dəyişikliklərə gətirib çıxaracaqdır. Demək olar ki, artıq bu proses başlayıb. Hətta ən yüksək dövlət qurumu sayılan Prezident Administirasiyasında belə gənc kadrlar irəli çəkilir. Cox isərdim ki, yeni vəzifəyə təyinat almis səxslər öz səxsi və qrup maraqlarından deyil, dovlət və milli maraqlar baxımından öz işlərinə yanaşmış olsunlar. Eyni zamanda yaxşı olardı ki, siyasi əqidəsinə görə bitərəf, lakin öz fəaliyyət istiqamətində milli maraqlara və düşüncəyə daha çox önəm verən digər səxslərin də yüksək vəzifəyə gətirilməsi prosesi də bas versin. Bax, bütün bunlar yeniliyin, siyasi açılımın daha dərindən gerçəkləşdirilməsi ola bilər.

- Növbəti addım kimi hansı işlərin görülməsini zəruri hesab edirsiniz?

- Maraqlı sualdır. Düşünürəm ki, bütün sahələrdə - təhsil, səhiyyə, ordu, iqtisadiyyat, qeyri-neft sektoru, diaspora və başqa sahələrdə görülməli işlər var, bu prosesi daha da sürətləndirmək lazımdır. Təhsil sahəsində basladılan islahatlar davam etdirilməlidir. Müəllimlərin əmək haqları artırılmalıdır. Səhiyyə sahəsində problemlər var və düsünürəm ki qısa zaman kəsiyində bu sahədə də islahatlara başlamaq lazımdı. Əsasən də əyalətlərdə səhiyyə sahəsində özbaşınalıq , süründürməçilik kütləvi hal alıb. Son zamanlar qeyri-neft sektorunda və Diaspora sahəsində irəlləyişlərin sahidi oluruq. Əsasən də əyalətlərdə pensiya təyinatında səffaflıq prinsiplərini gözləmək lazımdı. Və ən ümdə vəzifəmiz millətin ruhunu özünə qaytarmaq, onlarda təəssübkeşlik və vətənsevərlik hisslərini gücləndirmək olmalıdır. Çünki hər şeydən öncə bunlarsız yaşayan xalqın, millətin və təbii ki, dövlətin gələcəyi mütləq sual altına düşür. Bas verən son xoşagəlməz olaylar bir daha göstərdi ki, bölgədəki gənclərimiz milli və dövlət maraqlarına deyil, dini maraqlara daha çox önəm verirlər. Bu çox təhlükəli haldır. Bundan nəticə cıxarmaq lazımdı.

- Ölkədə bir sıra mal və xidmətlərin baha olması monopoliya ilə əlaqələndirilir. Sizcə inhisarçılığın aradan qaldırılması üçün ilk olaraq hansı addımlar atılmalıdır?

- Təbii ki, monopoliyanın mövcudluğunda xüsusi marağı olan şəxslər var. Ancaq buna baxmayaraq, bu əks qütbə qarşı mübarizə aparılan siyasi gücə sahib iqtidar vardır ki, həmin iqtidar bu prosesi tənzimləmək və bu inhisarçılığın qarşısını almaq üçün bir sıra addımlar atır. Heç düşündünüzmü ki, iki-üç nazirliyi birləşdirməklə Mikayıl Cabbarovun yeni vəzifəyə təyin edilməsi bu inhisarçılığın qarşısını almağa hesablanmışdı... Bu faktın özü monopoliyanı aradan qaldırmaq üçün islahatların baslanması deyildimi?. Düşünürəm ki, bu sualınıza müəyyən qədər cavab verə bildim. Beləliklə, qısa müddət ərzində inhisarçılıq və monopoliya kimi anlayışlar dilimizin lüğət tərkibindən çıxacaqdır. Bu da ölkədə aparılan siyasi-iqtisadi islahatlarla əlaqədardır. Təbii ki, bütün bunlar düşündüyümüz qədər asan məsələ deyl, çünkü hələ də monopolist məmurlar yüksək postlarda oturaraq islahatlara maneə olmaq istəyirlər. Təbii ki, yenə də xüsusi vurğulamaq istəyirəm ki əğər yeni təyinat almıs kadrlar firqə və səxsi maraqları baxımından cıxış edəcəksə onda onlar təəssüflər olsun ki, ölkə rəhbərliyinin siyasi iradəsinə dəstək verməmiş olacaq və prosesləri ləngidəcəklər. Fikrimcə, bax, bu amili xüsusi diqqətdə saxlamalıyıq.

- Fevralın 9-da Milli Məclisə seçkilər keçiriləcək. Sizcə yeni parlamentin tərkibində kimlər olmalıdır?

- Əslində bayaqdan sizdən bu sualı gözləyirdim. Ümumilikdə Milli Məclisin buraxılması ilk öncə qeyd etdiyim kimi islahatların başlanğıcı və ölkədə siyasi vəziyyətlə əlaqədardır. Milli Məclisdə gənclər və bu gəncləri doğru yola, maarifçiliyə istiqamətləndirən şəxslər təmisil olunmalıdır. Eyni zamanda onlar ölkənin milli maraqlarına xidmət edən şəxslər olmalıdırlar. O, səxslər ki, yalnız seçkidən-seçkiyə seçicilərlə görüşüb onlara ötəri vədlər verir, bu tip insanlarin Milli Məslisdə təmsil olunmağına imkan vermək lazım deyil. Millət vəkili dövlətinin, xalqının, seçicilərinin, ən başlıcası isə qanunun yanında olmalıdır. Düsünürəm ki, uzün illərdir Milli Məclisdə ağzına su alıb susan, danışa bilməyən, ancaq özünü, şəxsi biznesini və ətrafını düşünən, seçicinin və dövlətimizin maraqlarını ali tribunada səsləndirmək iqtidarında olmayan səxslər millət vəkilliyinə layiq deyil. Hər kəs öz bildiyi işdən başlasa, nəticəsi daha yaxsı olar. Bu günə kimi Masallını Milli Məclisdə təmsil edən deputatlar elə SSRİ ənənəsinə uyğun deputat olaraq qalmaqla öz işlərini bitmiş hesab etdilər. Onların heç biri nə regionun, nə də xalqın əsl vəkilinə çevrilə bilmədilər. Ancaq öz mənafelərini güddülər. Rayonun heç bir problemini ali orqan qarsısında qaldırmadılar. Onların işi ağızlarına su alıb oturmaqdan ibarət oldu. Rayonda isə məmur özbaşınalığı və süründürməçilik baş alıb gedir. Bütün bunlara son qoymağın zamanıdır. Məhz bu amilləri və ölkə rəhbərinin son çıxışlarını nəzərə alaraq mən yenidən namizədliyimi irəli sürmüşəm və hər bir masallılının probleminin həllinə kömək etmək istəyirəm.

- Son olaraq rayonun problemləri haqqında nə deyə bilərsiniz?

- Mən Masallının problemlərini kənd-kənd əzbər bilirəm. Coğrafi baxımdan Xəzər dənizinin cəmi bir neçə kilometrliyində, Muğanın gözəl gusəsində yerləşən Masallının Qədirli, Dəlləkli, Xallıcallı və s. kəndləri yolsuzluqdan, Qarğalıq, Eminli, Köçəkli kəndləri içməli su qıtlığından, Kəlbəhüseynli kəndi nəqliyyatın olmamasından, təsərrüfatlara suyun fasilələlərlə verilməsindən, telefon, işıq xətlərinin yararsız və internetin zəif olmasından, qaz-işıq limitindən, işsizlikdən, dolanışıqdan şikayətçidirlər. Az qala 30 ildir müstəqil dövlətik. XXI əsrdir. Kosmosa peyk buraxırıq, amma burdan-bura təbiətin bizə pulsuz bəxş etdiyi suyu insanların qapısına çatdıra bilmirik. Rayonun mərkəzindən uzaqlaşan kimi sanki başqa bir məmləkətdə özünü hiss edirsən. Bəzən fikirləşirəm bu illərdə rayon rəhbərləri, bələdiyyələr, dövlət qurumları və millət vəkilləri nə işlə məşğul olub? Seçkidən-seçkiyə yol təmir edirlər və yaxud bağ salırlar. Sanki yarışa giriblər. Bolğədə, əsasən də kəndlərimizdə gənclərimiz issizdir. Çörək pulu qazanmaq üçün dağılıblar hara gəldi ora. Narkomaniya bas alıb gedir. Secicinin heç nəyə inamı qalmayıb. Bu inamı qaytarmaq lazımdır. Məmləkətin əksər müəllimləri çayxanalarda nərd oynamaqla gününü keçirir. İllərdir bəzi məktəblərdə bir nəfər də olsun sagird ali məktəbə qəbul ola bilmir. Deməli, bu məktəbin rəhbərliyi yerində deyil. Amma onu da vurgulamaq istəyirəm ki, rayonumuzun təhsil sahəsində ugurları da çoxdur. Təbii ki, bu da bizi sevindirir. Rayon rəhbərliyi bunu bir lazımi təklif kimi qəbul etsin,, muğan bölgəsinin məktəblərinə diqqəti artırmaq lazımdı. Hər sey təhsildən başlayır. Məhz bunun nəticəsidir ki, bu gün Muğan bölgəsini narkomaniya məhv edib. Gənclərimiz məhv olur. Deməli, gələcəyimiz məhv olur. Xalq nəyə sevinsin, nədən razı qalsın. Masallıda səhiyyə sahəsində ciddi problemlər var. Mən səxsən bu süründürməçiliyin və özbaşınalığın sahidi olmusam və bu haqda rayon rəhbərliyinə oz fikrimi çatdırmışam. Xəstə adam xəstə ola-ola pensiya ala bilmir. Saxta əlillik və digər islərdə özbaşnalıqlar rayonda baş alib gedir. Muğan bölgəsinin genefondu məhv olmaq üzrədir. Bəsəriyyətin bəlası olan narkomaniya rayonu bürüyüb. Hansı işlərin görülməsinin zəruriyilinə gəlincə isə təhsilin keyfiyyətini yaxşılasdırmaq, gənclərin işlə təmin edilməsini sürətləndirmək və onların asudə vaxtlarını səmərəli təşkil etmək lazımdır ki, yeniyetmələrdən radikal dini cərəyanlar yem kimi istifadə edə bilməsin. Eyni zamanda narkomaniyanin qarşısı alınsın. Məktəb-valideyn-muəllim münasibəti yaxsılaşmalı ve birgə islər görülməlidir. Əsasən də seçicilərin əsas qayğılarından biri də rayon mərkəzindən kəndlərə gedib-gəlmək uçün nəqliyyat sisteminin düzgün təşkil edilməməsidir. Rayon rəhbərliyi bunları nəzərə almalıdır. Bunun ən düzgün yolu, fikrimcə bürokratiyadan, yaltaqlıqdan, süründürməçilikdən başqa heç nəyi bacarmayan kadrları vəzifədən uzaqlaşdırmaqdan keçir. Gəlin birgə fikirləşək. Əziz həmyerlilərim, sizin də təkliflərinizə ehtiyacımız var, siz bölgədə yaşadığınıza görə həm bu neqativlərin altını çox çəkirsiniz, həm də real vəziyyəti daha yaxşı qiymətləndirməkdə bizlərə yardımçı ola bilərsiniz. Sizcə, nədən baslamalı? Bəlkə elə seçkidən başlayaq?! Kimisinin pulu çox ola bilər, kimisinin adamı, bütün bunların sizə nə xeyri?! Heç olmasa bu dəfə özünüzu, gələcəyinizi, övladlarınızı düşünün və qərar verin. Seçici fəallığı və düzgün seçim qoy sizlərin ixtiyarında qalsın. Mənimsə həm seçki qərargahım, həm mənimlə birbaşa əlaqələr yenə də sizin ixtiyarınızdadır. İstənilən probleminizi, istək və arzularınızı dinləməyə, özünüzün iştirakı ilə müzakirə etməyə, analiz etməyə hazıram.

Conflict.az

  • Sosial şəbəkədə paylaş