Sizin reklam burada
Sizin reklam burada

Türk Şurasının 7-ci sammiti başladı - Yeniləndi

Türk Şurasının 7-ci sammiti başladı - YeniləndiBakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) 7-ci sammiti başlayıb.

Teleqraf.com xəbər verir ki, tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekov, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Macarıstanın Baş naziri Viktor Orban və Qazaxıstanın birinci prezidenti-elbası, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev iştirak edir.

Zirvə görüşü Türk Şurasının yaradılması haqqında Naxçıvan sazişinin (3 oktyabr 2009) imzalanmasının 10 illiyinə həsr edilib. O vaxt sazişi Türkiyə, Azərbaycan, Qazaxıstan və Qırğızıstan liderləri imzalayıblar.

Azərbaycanın paytaxtında Özbəkistanın təşkilata daxil olması ilə bağlı rəsmi qərarın qəbul ediləcəyi, bir sıra sənədlərin imzalanacağı, xüsusən də Budapeştdə Türk Şurasının Avropa ofisinin fəaliyyətinə dair qərar qəbul ediləcəyi gözlənilir.

Sammit çərçivəsində TürkPA, TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türk Ticarət və Sənaye Palatası kimi qurumların fəaliyyətlərinin əlaqələndirilməsini təmin edən Türk Şurasının Koordinasiya Komitəsinin yaradılması barədə qərar qəbul ediləcək.

Qeyd edək ki, Türk Şurası türk dünyası ölkələri arasında dialoq və əməkdaşlığı təşviq etmək üçün yaradılan beynəlxalq platformadır.

***

10:20

Bu gün Bakıda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) VII Zirvə Görüşü keçirilir.

Teleqraf.com-un xəbərinə görə, Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, Qazaxıstanın birinci Prezidenti, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəxri sədri Nursultan Nazarbayev, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev, Qırğız Respublikasının Prezidenti Sooronbay Jeenbekov və Macarıstanın Baş Naziri Viktor Orban iştirak edəcəklər.

Qeyd edək ki, Türk Şurası türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır. Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.

Bu yaxınlarda Özbəkistan Türk Şurasına üzv olmaq barədə qərar qəbul edib.

Macarıstan isə təşkilatda müşahidəçi statusundadır.

  • Sosial şəbəkədə paylaş