Həbsdən çıxan gənc 8 ay sonra... - Xudatda qanlı cinayət

Kriminal

370

Həbsdən çıxan gənc 8 ay sonra... - Xudatda qanlı cinayətXudat şəhərində bıçaqlanma hadisəsi törətməkdə təqsirli bilinən 1992-ci il təvəllüdlü Məharət Qafarovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Teleqraf.com xəbər verir ki, iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib və araşdırılması üçün hakim Zeynal Ağayevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası 2020-ci il yanvarın 7-nə təyin olunub.

İttihama görə, 2019-cu il iyulun 4-də Xudat şəhər sakini Elman Qasımovun boyun və döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Xaçmaz rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə polisə məlumat daxil olub.

Məlumatla əlaqədar polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən rayonun Köhnə Xudat kənd sakini, əvvəllər məhkum olunmuş Məharət Qafarov qısa zamanda saxlanılıb. O, dindirilmə zamanı törətdiyi əməli etiraf edərək, Elman Qasımova mübahisə zəminində bıçaqla xəsarət yetirdiyini bildirib.

İstintaq orqanı tərəfindən Məharət Qafarovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Qeyd edək ki, Məharət Qafarov bundan əvvəl də məhkum olunub. O, 2017-ci ildə Cinayət Məcəlləsinin 127.2.3-cü (ümumi təhlükəli üsulla və ya xuliqanlıq niyyəti ilə sağlamlığa az ağır zərərvurma) maddəsi ilə ittiham olunub.

Həmin ittihama görə, o, 17 yanvar 2016-cı ildə, gecə saat 23 radələrində sərxoş vəziyyətdə Xaçmaz şəhəri, Bakı prospektində yerləşən kafedə Rauf Səmədovun sifət nahiyəsinə başı ilə vuraraq xəsarət yetirib.

Xaçmaz rayon Məhkəməsinin hökmü ilə Məharət Qafarov 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. O, 2018-ci ilin sentyabrında həbsdən azad edilib.

2019-cu ilin iyulunda isə növbəti cinayəti törətdiyi üçün tutulub.