“Xruşşovka”lar niyə sökülmür? - səbəbi belə açıqlandı

Hadisə

96

“Xruşşovka”lar niyə sökülmür? - səbəbi belə açıqlandıBakıda icra olunan “Pilot layihələr” dayanıb?

Bakı şəhərində istismar müddəti bitmiş yaşayış binalarının (əsasən “Xruşşovka”ların) sökülərək yenilərinin tikilməsi məqsədilə həyata keçirilən “Pilot layihələr” faktiki olaraq dayanıb. Bununla bağlı tikinti sektorundan redaksiyamıza məlumat verən mənbənin sözlərinə görə, paytaxtın Nərimanov, Nəsimi, Yasamal və Səbayel rayonları ərazisində başlanan söküntülər tamamilə dayandırılıb, bir çox yerlərdə sökülən binaların yerində yenisinin tikintisi başlanmır. Bununla bağlı sökülən binaların sakinləri də sosial şəbəkələrdə, həmçinin Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladıqları şikayət məktublarında narazılıqlarını bildirirlər. Onlar artıq 1-2 ildir kirayələrdə qaldıqlarını, binalarının yerində yenilərinin tikintisinin ya yarımçıq saxlandığını, ya da tikintiyə, ümumiyyətlə, başlanmadığını deyirlər.

Bəzi mənbələr “Pilot layihələr” çərçivəsində tikintilərin dayandırılmasını yüksək vəzifəli məmurlara bağlı tikinti şirkətlərinin xeyli hissəsinin bazardan çıxması ilə əsaslandırırlar. Belə ki, 2018-ci ilin prezident seçkilərindən sonra çoxlu sayda yüksək vəzifəli məmur işdən azad olunub. Bu isə onlara bağlı tikinti şirkətlərinin maliyyə təminatında ciddi çətinliklər yaradıb. Nəticədə şirkətlər nəinki yeni tikintiyə başlaya, hətta başlamış olduqlarını davam etdirə bilmirlər.

Xatırıladaq ki, Bakıda əsasən “Xruşşovka” kimi tanınan beş və daha aşağı mərtəbəli binaların sökülərək yerində yeni və çoxmərtəbəli binaların tikilməsi prosesinə 2017-ci ilin sonlarında Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli 86 saylı qərarı əsasında başlanıb. Qərarla Bakının 12 inzibati rayonundan 7-sinin - Suraxanı, Nəsimi, Xətai, Nərimanov, Nizami, Yasamal, Səbayel, Pirallahı və Xəzər rayonlarının mənzil fondunun inkişafı məqsədi daşıyan proqramın 5 il müddətində icra olunması nəzərdə tutulurdu. Proqram Suraxanı rayonunda 63, Nəsimi rayonunda 226, Xətai rayonunda 99, Nərimanov rayonunda 219, Nizami rayonunda 131, Yasamal rayonunda 18, Səbayel rayonunda 41, Pirallahı rayonunda 297 qəza vəziyyətində olan, normalara cavab verməyən və şəhərin görünüşünü korlayan evə şamil edilib. Bu evlərdə yaşayan 30 minə yaxın Bakı sakininin köçürülməsi, onların müvəqqəti olaraq tikinti şirkətinin vəsaiti hesabına tutulan kirayə mənzillərə yerləşdirilməsi nəzərdə tutulurdu. Vətəndaşlar təhvil verdikləri mənzilə görə təzminat ala və ya yeni mənzilə köçməyə razılaşa bilər, amma onun sahəsi vətəndaşların köçdükləri mənzilin sahəsindən ən az, 10 faiz çox olmalıdır.

Nazirlər Kabinetinin qərarının icrası məqsədilə ən çox işlər Nərimanov rayonu ərazisində görülüb. Bu rayonda 40-a yaxın pilot layihə icra olunmağa başlayıb. Xətai rayonunda 6, Binəqədidə 6, Səbayeldə 14 pilot layihənin icrasına başlanıb.

Nüsrət İbrahimov ile ilgili görsel sonucu

İlk vaxtlar böyük təbliğatla müşayiət olunan proses indi demək olar ki, dayanmış vəziyyətdədir. Bunun səbəbləri barədə “Yeni Müsavat”a danışan “MBA Group” konsaltinq şirkətinin baş direktoru, daşınmaz əmlak sahəsində ekspert Nüsrət İbrahimovun dediyinə görə, pilot layihələrin icrasında həqiqətən problemlər var: “Bu proses çox sürətlə başladı, amma sonradan yavaşımağa doğru getdi. Ən çox Nərimanov, Nəsimi, Yasamal kimi mərkəzi rayonlarda layihələr başlanmışdı. İndi layihələrin artım tempinin yavaşıması bir neçə səbəbdən irəli gəlir. Birincisi budur ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tikintilərin tam mövcud standart və norma əsasında aparılması üzərində ciddi nəzarət mexanizmi yaradıb. Tikinti şirkətlərindən bu standart və normalara əməl etmələri tələb olunur. Bu da tikinti şirkətlərinin bir çoxuna sərf etmədiyindən ya tikintini dayandırırlar, ya yeni tikintiyə başlamırlar”.

Ekspertin sözlərinə görə, layihələrin bəzilərinin dayanması icraedici şirkətlərin maliyyə problemləri ilə bağlıdır: “Bəzi tikinti şirkətlərinin maliyyə dayanıqlığı baxımından problemləri var. Buna görə də tikintilərdə ləngimələr var, vətəndaşlara vəd edilən müddətdə tikintini başa çatdıra bilmirlər. Nəhayət, bir səbəb də budur ki, sökülməli binalarda yaşayan vətəndaşlar mənzilləri üçün çox yüksək məbləğ tələb edirlər. Həmin qiymətə bina alıb yenisini tikmək bu halda rentabelli olmur deyə, şirkətlər kənara çəkilirlər”.

N.İbrahimov bildirir ki, onda hazırda pilot layihə çərçivəsində tikilməkdə olan 12 binada işlərin dayandığına dair məlumat var.

Ramil Osmanlı ile ilgili görsel sonucu

Daşınmaz əmlak məsələləri üzrə digər ekspert Ramil Osmanlının sözlərinə görə, pilot layihələrin icrasına başlanandan az sonra tikinti normativlərinə dəyişiklik olundu: “Tikintiyə icazələrin verilməsi prosesi Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nəzarətinə keçdi. Bundan sonra yeni kafisentlər ortaya çıxdı. Kafisentlər yaşayış sahələri üzrə 1 kvadratmetr torpaq sahəsi üzərində inşa olunacaq yaşayış sahəsini nəzərdə tutur. Əvvəllər beləydi ki, 2 min kvadratmetr ərazidə sahəsi 1300-1400 kvmetr olan 1 bloklu 2, yaxud 2 bloklu 1 16 mərtəbəli bina tikmək olurdu. Amma indi 2 min kvmetrlik ərazidə ən yaxşı halda 400 kvmetrlik yaşayış sahəsi inşa etmək olur. Bu yaxınlarda prezident Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovu qəbul edərkən bir daha bu məsələyə toxunuldu. Prezident xüsusi tapşırıq verdi ki, sovet dövründə olan kafisentlərə qayıtmaq lazımdır. O zaman kafisentlər 1,8 idi. Bu o deməkdir ki, inşa olunacaq binalar əvvəlki kimi, torpaq ərazisini tam tuta bilməz. Buna görə də pilot layihələrin icrası demək olar ki, dayanıb. Yəni bir şirkət yol kənarında yerləşən 2 beşmərtəbəni alırdı, yerində 2 onaltımərtəbəli bina inşa edirdi. Artıq buna icazə verilmir”.

Qeyd edək ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əvvəlki rəhbərliyi kafisentin 2,8-dək artırılmasını məqbul sayır, bununla bağlı məsələ qaldırılacağını qeyd edirdi. R.Osmanlı bildirir ki, ötən ilədək Bakıda binalar 4-4,2 kafisentlə tikilib: “Bunu adi gözlə də görmək mümkündür. Bakının mərkəzi çoxmərtəbəli binalarla hədsiz yüklənməyə məruz qalıb. Bu baxımdan, mövcud kafisentlərin də azaldılmasının tərəfdarıyam. Düzdür, bu, tikintilərdə maya dəyərini yüksəldəcək. Amma mən düşünürəm ki, Bakının mərkəzində yaşamaq istəyənlər yüksək məbləğ ödəməyə hazır olmalıdılar”.

Yuxarıda da qeyd etdik ki, pilot layihələrin dayandırılmasının bir səbəbi kimi, yüksək vəzifəli məmurlara bağlı bəzi şirkətlərin bazardan çəkilməsi göstərilir. R.Osmanlı şirkətlərin Bakının mərkəzində tikinti bazarından çəkilməsini təbii hesab edir: “Burada məmurlara bağlılıqdan daha çox, mərkəzdə bina tikməyin rentabelli olmaması rol oynayır. Mərkəzlərdə tikinti üçün torpağın əldə olunması tikintinin ümumi dəyərinin 40-45 faizi həcmində vəsaitə başa gəlir. Məsələn, 1 kvmetr torpaq 3 min manata başa gəlir, digər xərcləri də üzərinə əlavə etdikdə məbləğ 4 min manatı keçir. Bu qiymətlə bina tikib, kimə satmaq olar? Buna görə də tikinti şirkətləri paytaxtın mərkəzdənkənar ərazilərinə üz tutublar”. (Musavat.com)