“Metalçılar-2” gömrüklə bağlı Prezidentə müraciət etdi - GİLEY

Gündəm

130

“Metalçılar-2” gömrüklə bağlı Prezidentə müraciət etdi - GİLEYÖlkə başçısı İlham Əliyev cənablarının iqtisadi, hüquqi sahədə həyata keçirdiyi ciddi islahatlara, inhisarçılığın aradan qaldırılması istiqamətində imazaladığı qərarlara baxmayaraq hələ də bəzi dövlət qurumları iş adamlarına, sahibkarlara yersiz maneə yaratmaqda, qanunları pozmaqda, azad sahibkarlığa əngəl olmaqda davam edirlər. Belə dövlət qurumlarından biri, bəlkə də birincisi Dövlət Gömrük Komitəsidir.

Sözün qısası, cənab Prezidentin xoşməramlı qərarlarına baxmayaraq DGK sədri cənab Səfər Mehdiyev hələ də ölkənin İQTİSADİ QAPI-sını azad sahibkarlarının üzünə bağlamaqda, yeni monopoliya mexanizmləri yaratmaqda davam edir.

Ötən yazımızda 3 ildir Gəncə şəhərində fəaliyyət göstərən, əlvan metalların istehsalı, emalı və ixracı ilə məşğul olan “Salehoğlu LTD” MMC şirkətinin direktoru, Qarabağ müharibəsi veteranı Cənnətov Tahir Saleh oğlunun və əsasən Qarabağ müharibəsi veteranlarından ibarət olan işçilərinin cənab Prezident İlham Əliyevə müraciətini dərc etmişdik.

Qısa xatırlatma üçün qeyd edək ki, şirkət rəhbəri öz müraciətində DGK-nı hazır məhsulu külçə kimi rəsmiləşdirməkdə, məhsulun laborator müayinəsini heç bir əsas olmadan günlərlə gecikdirməkdə və bunula müəssisəni külli miqdrada cərimə ödəməyə məcbur etməkdə, şirkəti müflis duruma salmaqda və s günahlandıraraq ölkə başçısından kömək istəmişdi.

“Salehoğlu LTD” MMC-dən sonra yeni bir şirkətin -

“Metalçılar-2” MMC-nin direktoru Eldar Qarayevin və şirkətin nümayəndəsi Fikrət Feyziyevin Prezident İlham Əliyevə müraciəti NUH.az saytına daxil olub. Müraciəti olduğu kimi dərc edirik:

“ Cənab Prezident!

Bizim müəssisənin işçi sayı 60 nəfərdir. Müəssisəmiz əlvan metallardan istehsal etdiyi HAZIR məhsulları ölkə xaricindəki alıcılara ixrac edir. Satdığımız latun-şpilka adlı məhsulu ixrac etdiyimiz zaman DGK-nın laboratoriyası məhsulumuza dəfələrlə müsbət rəy vermişdir. Lakin hazırda həmin hazır məhsulun ixracı zamanı DGK rəhbərliyi məhsula rəy verməmək üçün müxtəlif bəhanələr gətirir və HAZIR məhsulumuza KÜLÇƏ kimi rəy veilməsini şərt kimi bizdən tələb edir. Məhsullarımızın laborator müayinəsi günlərlə gecikdirilir. Bu qanunsuzluqlar biz sahibkarların işinə ciddi əngəl yaradır. Və bizi məcbur edirlər ki, qanundan kənar olaraq külli miqdarda rüsum və cərimə ödəyək. Bu isə müəssisəmizin müflis olmasına, bağlanmasına, işçilərin iş yerini itirməsinə səbəb olacaq. Əslində DGK rəhbərliyi metal ixracı ilə bağlı yeni monopoliya yaratmaq istəyir.

Cənab Prezident! Biz bu barədə dəfələrlə Sizə rəsmi müraciət etmişik. Amma nəticə yoxdur.

Cənab Prezidentimiz!

Biz iş adamları, sahibkarlar Sizə sığınırıq. Xahiş edirik DGK-nın yaratdığı bu qanunsuzluqların, özbaşınalığın qarşısını alasınız.

Hörmətlə,

“Metalçılar-2” MMC-nin direktoru Eldar Qarayev

MMC-nin nümayəndəsi Fikrət Feyziyev

30 aprel 2019-cu il

Conflict.az