AĞSU İCRA BAŞÇISININ ÖZBAŞINALIQLARI HAQDA... - İTTİHAM

Gündəm / Bölgə

170

AĞSU İCRA BAŞÇISININ ÖZBAŞINALIQLARI HAQDA... - İTTİHAMSabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun qohumları özlərinin doğma Ağsu rayonunda kriminal-feodal strukturu-sprut yaradıblar

Yerli KİV-də dərc olunan yazılarda belə deyilir və bildirilir ki, onlar rayonun praktiki olaraq bütün sakinlərinə “haqq” (“özəl vergi”) tətbiq ediblər.

Bildirilir ki, klanın başında Səlim Müslümovun dayısı, eyni zamanda Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Ənvər Seyidəliyev və onun qardaşı Mirfazil Seyidəliyev dururlar.

Seyidəyliyevlərin Ağsuda yaratdıqları feodal qaydaları haqda mətbuatda ilk dəfə deyil yazılır. Uzun müddətdir ki, Ağsuda icra başçısı Ənvər Seyidəliyevin rayonda “ailə hakimiyyəti” qurması və başçının qohumlarının rayonu soyub-talaması haqqında məlumatlar ölkə KİV-inin gündəmindən düşmür. DİA.AZ-a yerli sakinlərin söylədiklərindən də belə anlaşılır.

Rayonda əksəriyyət Ənvər Seyidəliyevin “toxunulmazlığını” başçının Səlim Müslümovun dayısı olması ilə əlaqələndirir. Çünki hakimiyyət dairələrində müəyyən nüfuz sahibi olan Səlim Müslümov öz geniş əlaqələrindən istifadə edərək dayısının özbaşınalıqlarını müdafiə edib.

Mirfazil Seyidəliyevə gəlincə, onu Ağsuda uşaqdan-böyüyə hamı tanıyır. Çünki qapı-qapı düşüb bacısı oğlu Səlim Müslümovun və icra başçısı olan qardaşının adından əhalidən “haqqı” məhz o toplayır.

Qeyd olunur ki, özünü “ağır seyid” kimi təqdim edən Mirfazil Seyidəliyev Ağsuda, demək olar, hər kəsə “aylıq vergi” təyin edib. Məsələn, xırda dükanlar M. Seyidəliyevə hər ay 100 manat verməlidir. Sahəsi 20 kvadratmetrdən artıq olan dükanlar 200, 50 kvadratmetrdən artıq olan dükanlar isə 300 manat... Verginin miqyası həm kvadratmetrə, həm də dövriyyəyə görə artır. Bu siyahıya Ağsuda fəaliyyət göstərən bütün iaşə obyektləri, kafe və restoranlar, o cümlədən digər sahələrdə fəaliyyət göstərən kiçik və orta biznes qurumları daxildir. Eyni zamanda Ağsuda fəaliyyət göstərən yük maşınları, taksilər, müxtəlif xidmət maşınları da Mirfazil Seyidəliyevə “vergi” verirlər. Misal üçün, daş daşıyan yük maşınlarının hər biri S.Müslümovun dayısına, icra başçısının isə qardaşına 200 manat verir. Əks təqdirdə onlar daş satmağı xəyallarından belə keçirə bilməzlər.

“Özəl vergi”ni verməyənlər isə “Müslümov-Seyidəliyev klanı”nın digər vəzifəli şəxsləri ilə üz-üzə gəlirlər. Yəni elə bir vəziyyətə salınırlar ki, həmin ay müxtəlif qurumlara verəcəklərinin 10 qatı qədər cərimə ödəməli olurlar. “Ağıllanmayanların” isə “obyektləri” ümumiyyətlə bağlanır və onlar müflis vəziyyətdə Ağsudan didərgin salınırlar.

DİA.AZ-a bütün bunları xatırladan sakinlər yuxarı instansiyalardan dərdlərinə çarə, yəni yeni başçıistəyirlər...

Yaxın vaxtlarda Ənvər Seyidəliyevin özbaşınalıqları ilə bağlı ilginc faktları təqdim edəcəyik... Bizi izləyin.

İddia olunanlarla bağlı bütün maraqlı tərəfləri dinləməyə hazırıq...


Conflict.az