Pakistanla ABŞ arasında diplomatik qalmaqal

Gündəm / Siyasət

496

Pakistanla ABŞ arasında diplomatik qalmaqalABŞ dövlət katibi Maykl Pompeonun Pakistanın yeni baş naziri İmran Xana telefon zəngi iki ölkə arasında əsl diplomatik qalmaqala səbəb olub.

Musavat.com xəbər verir ki, M.Pompeo İmran Xana zəng edərək öncə onu baş nazir vəzifəsinə seçilməsi münasibətilə təbrik edib. Daha sonra isə dövlət katibi Pakistanın yeni lideri qarşısında ölkədə fəaliyyət göstərən bütün terrorçulara qarşı qərarlı tədbirlər alması məsələsini qaldırıb.

ABŞ Dövlət Departamentinin söhbətlə bağlı yaydığı məlumatın mətni belə olub. Lakin əsl həngamə bundan sonra qopub. Belə ki, rəsmi İslamabad baş nazirlə dövlət katibi arasında “Pakistanda fəaliyyət göstərən terrorçular” mövzusunun keçmədiyini bildirib.

Pakistan Xarici İşlər Nazirliyi isə Vaşinqtondan dərhal söhbətin mətnində düzəliş aparılmasını tələb edib.

Pakistanın yeni xarici işlər naziri Şah Mahmud Kureşi Pompeonun terrorçular barəsində danışmadığını, onun sadəcə “Pakistan hökuməti ilə konstruktiv qarşılqlı fəaliyyət göstərmək arzusunda olduğunu” dilə gətirdiyini söyləyib.

Kureşi Maykl Pompeonun bu ilin sentyabr ayını 5-də Pakistana rəsmi səfərə gələcəyini vurğulayaraq, bu görüşü səbirsizliklə gözlədiklərini sözlərinə əlavə edib.

Qeyd edək ki, Qərb mətbuatında gedən məlumatlarda Pakistanın yeni baş naziri, keçmiş kriket ulduzu İmran Xanın radikal dinçi axınlarla, xüsusilə Taliban hərəkatı ilə yaxın əlaqələrdə olduğu göstərilir.

Conflict.az